İranın Hörmüz boğazı ilə bağlı yeni qərarı daha çox ABŞ-yə sərf edir - POLİTOLOQ - FOTO

Xəbərlər 13 İyul 2026 16:30
İranın Hörmüz boğazı ilə bağlı yeni qərarı daha çox ABŞ-yə sərf edir - POLİTOLOQ   - FOTO
WhatsApp kanalımıza abunə olun

İran Hörmüz boğazından gəmilərin keçidi ilə bağlı yeni açıqlama yayıb.

Avtosfer.az xəbər verir ki, İranın Fars körfəzinə Nəzarət İdarəsi son günlər regionda baş verən hərbi gərginlik fonunda Hörmüz boğazından gəmilərin keçidinin müvəqqəti dayandırıldığını bildirib. Bəs İranın Hörmüz boğazında gəmi keçidini məhdudlaşdırması regionda geosiyasi vəziyyətə necə təsir edəcək?

Mövzu ilə bağlı politoloq Turan Rzayev Avtosfer.az-a açıqlamasında bildirib ki, İranın Hörmüz boğazında beynəlxalq gəmiçiliyə məhdudiyyət tətbiq etməsi və ya keçid haqqı tələb etməsi onun maraqlarına xidmət edən addım deyil:

"Belə bir tələb beynəlxalq hüququn prinsiplərinə, xüsusilə də BMT-nin Dəniz Hüququ Konvensiyasının mahiyyətinə ziddir. Beynəlxalq praktikaya əsasən, təbii boğazlardan keçidə görə ödəniş tələb edilmir. Yalnız insan əməyi ilə yaradılmış keçidlərdə, məsələn, Süveyş və Panama kanallarında keçid haqqının alınması qəbul olunan praktikadır. Hörmüz boğazı isə təbii su yoludur və bu səbəbdən onun istifadəsinə görə birtərəfli qaydada ödəniş tələb etmək beynəlxalq hüquq baxımından ciddi mübahisələr yarada bilər. Əgər belə bir presedent yaradılsa, bu, qlobal dəniz daşımalarına mənfi təsir göstərə bilər. Çünki bu halda digər dövlətlər də öz nəzarətlərində olan təbii boğaz və strateji keçid məntəqələrindən keçid üçün ödəniş tələb etməyə başlaya bilərlər. Bu isə beynəlxalq ticarət və logistika üçün ciddi problemlər yaradardı.

ABŞ-la aparılan danışıqlar kontekstində İran və Omanın keçid haqqı məsələsi bir vaxtlar müzakirə mövzusu olmuşdu. Lakin sonradan ABŞ bu məsələdə geri addım atdı. Hazırda isə İran bu tələbi yenidən gündəmə gətirir".

Politoloq qeyd edib ki, əslində bu, düşünülmüş siyasi addım kimi qiymətləndirilə bilər:

"İran belə bir mövqe nümayiş etdirməklə və bunu praktikada tətbiq etməyə çalışmaqla beynəlxalq ictimaiyyətin, xüsusilə də iri dəniz dövlətlərinin, qlobal daşımacılıq şirkətlərinin və beynəlxalq korporasiyaların ciddi narahatlığına səbəb olur. Fransa ötən həftə Hörmüz boğazı istiqamətinə hərbi gəmi göndərərək vəziyyətlə bağlı ilk ciddi xəbərdarlığını etmişdi. ABŞ-ın əsas məqsədlərindən biri də İrana qarşı beynəlxalq koalisiyanın formalaşdırılmasıdır. Belə bir koalisiyanın yaradılması Vaşinqtonun İran üzərində təzyiq imkanlarını artırır. İranın hazırkı mövqeyində israr etməsi isə müəyyən mənada ABŞ-ın bu istiqamətdəki planlarını asanlaşdırır və onun əlini daha da gücləndirir".

İqtisadçı Xalid Kərimlinin fikrincə isə, Əgər müharibə yenidən genişmiqyaslı xarakter alsa və fevral, mart, aprel aylarınadək davam etsə, Hörmüz boğazının bağlanması ehtimalı yenidən gündəmə gələ bilər:

"Belə bir vəziyyətdə qlobal enerji bazarlarında ciddi təlatümlər yaşanacaq və neftin qiymətində kəskin artım müşahidə oluna bilər. Hörmüz boğazı əvvəlki kimi bağlanarsa, neftin qiyməti yenidən 100 dollar və ya daha yüksək səviyyəyə çata bilər. Hazırda isə tərəflər bir-birinə zərbələr endirsə də, neft qiymətlərində kəskin artım müşahidə olunmur. Bunun əsas səbəbi bazarların müharibənin genişmiqyaslı və uzunmüddətli olacağına inanmamasıdır. Gözlənti daha çox lokal və qısamüddətli toqquşmaların baş verəcəyi istiqamətindədir. Məhz buna görə də bazarlar hələlik sərt reaksiya vermir. Lakin hadisələr fərqli ssenari üzrə inkişaf etsə və müharibə yenidən genişmiqyaslı, uzunmüddətli mərhələyə keçsə, neft qiymətlərinin artması qaçılmaz olacaq. Belə bir halda bir barel neftin qiyməti yenidən 100 dollar səviyyəsinə yüksələ bilər".

Fatimə

 

FOTO QALEREYA
Oxunub : 98
ŞƏRH YAZ
Ad

E-mail

Şərh