Bakıda parklanma PROBLEMİ: “Yerlər elə təşkil edilməlidir ki...” - FOTO

Qaydalar 2 Fevral 2024 11:18 Oxunub 1126
Bakıda parklanma PROBLEMİ:  “Yerlər elə təşkil edilməlidir ki...” - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Bir neçə aydır ki, Azərbaycanda, o cümlədən paytaxt Bakıda avtomobillərin parklanması yeni qaydalarla təşkil olunur.

Nazirlər Kabinetinin ötən il iyunun 25-də qəbul etdiyi “Nəqliyyat vasitələrinin parklanmasına görə ödənişin məbləği” barədə qərara əsasən, Bakının parklanma yerləri “Mərkəz”, I, II, III və IV zonalar olmaqla 5 yerə bölünüb.

Hər saat üçün “Mərkəz”də 1 manat, I zonada 0,7 manat, II zonada 0,4 manat, III zonada isə 0,3 manat ödəniş tələb olunur. IV zonada isə parklanma ödənişsizdir. Bundan əlavə digər parklanma zonalarında həftə sonu və həftə içi saat 22:00-dan 07:00-a qədər avtomobillərin parklanması ödənişsizdir.

Bəs Bakıda avtomobillərin parklanması effektiv təşkil olunubmu? Müşahidələr göstərir ki, paytaxtda parklanma yerlərinin sayı sürətlə artır, az qala hər küçədə, tində avtomobil saxlamaq üçün yerlər müəyyən edilir. Nəticədə paytaxtın bəzi ərazilərində parklanma yerləri az qala yaşayış binalarının həyətindədir. Bir sıra küçələrdə isə hərəkət zolaqlarının sayı az olduğu üçün avtomobillərin parklanması tıxaclara səbəb olur. Bəzən isə parklanma yerləri ehtiyac olmadan yaradılır.

Məsələn, paytaxtın Nizami və Zahid Xəlilov küçələrində parklanma yerlərinin olması normal qəbul edilə bilər. Çünki, bu küçələrin hər iki tərəfində kifayət qədər sosial obyektlər var.

Bakının Əhməd Cəmil küçəsində isə hər hansı ictimai əhəmiyyət kəsb edən obyekt yoxdur və parklanma yerinin lazımsız təşkil edildiyini demək olar:

Azərbaycan Texniki Universitetinin dosenti, nəqliyyat eksperti Fərhad Eyyubov da hesab edir ki, Bakıda parklanma siyasəti tam effektiv deyil: "Parklanma yerləri elə təşkil edilməlidir ki, yolun qalan hissəsində nəqliyyat vasitələrinin hərəkətinə mane yaratmasın. Yolda olan zolaqların sayı azı 3-dürsə, həmin zolaqların birini parklanma üçün ayırmaq olar. Lakin yolda iki zolaq varsa, bu zaman orada parklanma təşkil edilməməlidir".

Onun sözlərinə görə, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) işinin öhdəsindən gəlsə də, parklanma yerlərinin təşkil edilməsini elmi cəhətdən əsaslandırmalıdır: "Parklanma yerlərinin hamısı pasportlaşdırılmalıdır. Ümumi sxem üzrə baxılmalıdır ki, hansı ərazidə hərəkətə əngəl var. Hazırda Bakıda parklanmanın elmi əsaslarla təşkil edilməsi müşahidə edilmir, bir neçə küçədə nizamsızlıq müşahidə olunur. Odur ki, Bakıda təşkil edilən parklanmanı 50 % effektiv hesab edirəm”.

Nəqliyyat üzrə digər ekspert Arzu Süleymanov isə diqqəti Avropa təcrübəsinə çəkir: "Avropada parklanma yerləri təşkil edilərkən “shared street” - "paylaşılmış küçə" konspesiyası tətbiq edilir. Bu konsepsiyaya görə küçələr piyadalar üçün prioritetdir və bir istiqamətli küçələrdə az sayda avtomobilin dayanması üçün yer ayrılır, daha çox fiziki məhdudiyyətli insanların, qocaların avtomobillərinin dayanmasına icazə verilir. Əgər yaxınlıqda xəstəxana varsa, bu da nəzərə alınır. Amma restoranlar, əyləncə mərkəzləri nəzərə alınmır. Azərbaycanda belə bir konsepsiya tətbiq edilmir. Bizdə küçələr Avropa ilə müqayisədə enli olsa da, bəzən düzgün təhlil aparılmadığı üçün nəqliyyatın hərəkəti üçün problem yaranır. Xüsusilə bir istiqamətli yollarda parklanma yerləri yaradılarkən ölçülər nəzərə alınmalıdır”.

AYNA-dan isə "Report"un sorğusuna cavab olaraq bildirilib ki, parklanma yerləri "Yol hərəkəti haqqında" qanunun tələblərinə uyğun olaraq, mərhələli qaydada və bacardıqca effektiv təşkil edilir: "Mərkəzi zonada işlər artıq yekunlaşıb. 1-ci zona üzrə 95 %, 2-ci zona üzrə 70 %, 3-cü zona üzrə 33 % iş görülüb. 4-cü zonada parklanma ödənişsiz olsa da, müvafiq infrastruktur işləri həyata keçirilir. Qanunvericiliyə əsasən, ödənişli parklanma ilə bağlı iş yerlərinə münasibətdə və digər hallarda imtiyazlar nəzərdə tutulmayıb. Parklanma yerlərinin idarəolunmasının əsas məqsədi şəhərin küçə-yol şəbəkəsində tıxacların və sıxlıqların azaldılması, ictimai nəqliyyatın orta hərəkət sürətinin və bunun nəticəsində onun cəlbediciliyinin artmasıdır. Parklanmanın düzgün idarəedilməsi şəhər yollarında xaosun qarşısını alır və küçələrin daha effektiv, rahat və təhlükəsiz olmasına, həmçinin bütün növ nəqliyyat vasitəsi sahiblərinə şəhərin ərazisindən effektiv istifadə etməyə imkan yaradır. Müşahidələr göstərir ki, parklanmanın idarə olunmasından sonra əvvəllər avtomobil saxlamaq üçün çətinliklə yer tapılan küçələrdə artıq xeyli sayda boş yer mövcuddur".

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh