Millət vəkili: İctimai nəqliyyatda tələbələr üçün güzəşt sistemi YARADILMALIDIR

"Bakı Metropoliteni" QSC tərəfindən xətlərin ayrılması layihəsi çəçivəsində "28 May" və "Nizami" stansiyaları arasında qatarların hərəkəti inşaat işləri bitənə qədər dayandırılacaq.
İnşaat işlərinin təxminən 10-11 ay çəkəcəyi gözlənilir. Bu stansiyalar arasında birbaşa metro əlaqəsinin olmaması səbəbindən əlavə ekspres xətlər yaradılıb.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) məlumatına görə, layihənin icrasına başlanıldığı vaxtdan etibarən müxtəlif istiqamətlərdə 6 yeni ekspres avtobus marşrutu istifadəyə veriləcək.
Avtobuslarda gedişhaqqı 60 qəpik təşkil edəcək.
Bu il xətlərin ayrılması məsələsi gündəmə gəldikdə iki stansiyanı birləşdirən yerüstü nəqliyyat vasitələrinin ödənizsiz təşkili üçün qurumlar arasında dialoqların getdiyi bildirilmişdi. Ekspres avtobuslarda bir gedişin paytaxtdakı ictimai nəqliyyat vasitələrində olduğu kimi 60 qəpik olması dialoqun nəticəsiz qaldığını göstərir.
Avtobusların ödənişli olması metrodan çox istifadə edən tələbələrin xərclərini ikiqat artırır.
Belə ki, məsələn, Əhmədli metrostansiyası yaxınlığında yaşayan və Bakı Dövlət Universitetində təhsil alan bir tələbənin gündəlik yol xərci 1 manat 20 qəpik idisə, indi bu xərc ikiqat artaraq 2 manat 40 qəpik edəcək.
Xatırladaq ki, ölkəmizdə ali təhsil müəssisələrinin bakalavriat səviyyəsində təhsil alan tələbələrə akademik göstəricilərinə əsasən, 110 manat, 160 manat, 200 manat təqaüd verilir. Orta ixtisas və peşə təhsili müəssisələrində təhsil alanlar isə 70, 90 və 110 manat təqaüd alırlar.
Bir sıra ölkələrdə tələbələrin təhsil, mənzil, yaşayış və özünüinkişaf xərcləri nəzərə alınaraq onlara gedişhaqqında güzəştlər tətbiq edilir.
Bəs Azərbaycanda tələblərə nə zaman ictimai nəqliyyatda güzəşt ediləcək? Təkcə tələbələr üçün ekspres avtobuslaru ödənişsiz etmək mümkün deyil?
Mövzu barədə fikirlərini bölüşən deputat Razi Nurullayev bildirib ki, bəzi tələbələrin aylıq yol xərci aldıqları təqaüdün yarıdan da çoxunu təşkil edəcək:
“28 May metrostansiyasında aparılan təmir işləri səbəbindən sərnişinlər üçün əlavə avtobus marşrutlarının təşkil edilməsi başadüşüləndir. Lakin bu avtobuslardan istifadəyə görə ayrıca ödəniş tələb olunması minlərlə tələbənin nəqliyyat xərclərini əhəmiyyətli dərəcədə artırıb. Məsələn, Əhmədlidə yaşayan və Bakı Dövlət Universitetində təhsil alan bir tələbə indi universitetə çatmaq üçün həm metroya, həm də əlavə avtobusa ödəniş edir. Gündəlik gediş-gəliş nəzərə alındıqda aylıq nəqliyyat xərci təxminən 60 manata yaxınlaşır. Bu isə 110 manatlıq adi tələbə təqaüdünün yarısından çoxudur”.
Milli Məclisin üzvünün sözlərinə görə, tələbə təqaüdlərinin artım tempi ilə yaşayış və nəqliyyat xərclərinin artımı arasında ciddi uyğunsuzluq var.
“Problem təkcə 28 May stansiyasındakı müvəqqəti vəziyyət deyil. Əsas problem ondan ibarətdir ki, Azərbaycanda tələbələr üçün ictimai nəqliyyatda hər hansı güzəşt sistemi mövcud deyil. Halbuki bir çox ölkələrdə tələbələrə nəqliyyat kartları, endirimli tariflər və aylıq güzəşt paketləri təqdim edilir.
Çünki təhsil alan gənclərə dəstək sosial siyasətin vacib istiqamətlərindən biri hesab olunur.
Düşünürəm ki, artıq aidiyyəti qurumlar bu məsələni ciddi şəkildə nəzərdən keçirməlidir. Tələbə təqaüdlərinin artım tempi ilə yaşayış və nəqliyyat xərclərinin artımı arasında ciddi uyğunsuzluq var. Bu fərqi aradan qaldırmağın ən real yollarından biri də tələbələr üçün ictimai nəqliyyatda güzəştli tariflərin tətbiqidir. Bu, büdcəyə əlavə yük deyil, təhsilə və gənclərə qoyulan investisiyadır. Gənclərin ali təhsil almasını təşviq etmək istəyiriksə, onların universitetə gedib-gəlməsini də əlçatan etməliyik” – deyə millət vəkili vurğulayıb./bizim.media
Yeni metro keçidi hansı ərazidə tikilir? - Rəsmi məlumat
Azərbaycanda gender bərabərliyi məsələsində dövrün trendi başa çatıb? – AÇIQLAMA
Sürücüləri canından bezdirən yol - VİDEO
Həyətdə od qalayanların NƏZƏRİNƏ! - Cəriməsi var
“Cəbiş müəllim”in qızından “Rabitəbank”a etiraz - “Bizdən razılıq alınmayıb”
Bu şəxslərin pensiyası artırıldı
Bakı Qızlar Universitetinin fəaliyyəti dayandırıldı
Dostlarla əyləncə faciəyə çevrilir - Dənizdə vəfat riskini artıran vərdiş
Azərbaycanda bu peşələrdə maaş 10 minə çatır
Peşə təhsili alanlara hərbi xidmətdən möhlət veriləcək? - RƏSMİ
Avtobus yük maşınına çırpıldı: Zərəri hansı sığorta ödəyəcək?










