Banner

30 illik həsrətin sonu: 2024-cü ildə “Böyük Qayıdış” necə olacaq?

Yazarlar 8 Yanvar 2024 10:00 Oxunub 2404
30 illik həsrətin sonu: 2024-cü ildə “Böyük Qayıdış” necə olacaq?
WhatsApp kanalımıza abunə ola bilərsiniz

İkinci Qarabağ müharibəsində qarşıya qoyulan başlıca məqsəd əzəli torpaqlarımızın işğaldan azad edilməsiydi. 30 illik həsrətə son qoyan döyüşdə minlərlə Azərbaycan əsgəri canını fəda edərək düşmən tapdağı altında olan əraziləri geri qaytardı. Ali Baş Komandanın uğurlu siyasəti və igid hərbiçilərimizin göstərdiyi rəşadət vətən həsrəti çəkən yüzlərlə gözüyaşlı insanın arzusunu həyata keçirdi. İşğal altında olan Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Şuşa, Kəlbəcər, Laçın şəhərləri növbəylə azad edildi və bu günlər dövlətimizin tarixinə şanlı qələbə kimi yazıldı. Lakin uzun müddət düşmən tapdağı altında qalan bu ərazilərə ciddi ziyan vurulub, təbii sərvətlərimiz, torpaqlarımız qanunsuz istismar olunub, tarixi dini-mədəni abidələrimiz təhqirlərə məruz qalıb. Müharibədən sonra bütövlükdə 10 min kvadratkilometr ərazinin əsaslı şəkildə bərpa edilməsi istiqamətində əsaslı tədbirlər görülməyə başladı.

Bu isə illərdir həsrətində olduğumuz “Böyük Qayıdış”a hesablanan böyük prosesdir.
“Böyük Qayıdış”da ilk mərhələ işğaldan azad olunmuş ərazilərin minalardan təmizlənməsiydi. Təəssüf hissiylə qeyd edək ki, müharibədən sonrakı mərhələdə yerli sakin və ANAMA işçiləri arasında minaya düşərək xəsarət alan, həyatını itirənlər oldu. Lakin minatəmizləmə prosesi bugünə qədər uğurla davam etdirilir. 2020-ci ildən bugünə qədər 95 318 hektar ərazi minalardan və partlamamış hərbi sursatlardan təmizlənib, 93 410 mina və partlamamış hərbi sursat tapılaraq zərərsizləşdirilib. 


Minalardan təmizlənmiş ərazilərdə əhalinin doğma yurduna qayıtması üçün yaşayış binalarının ucaldılması da əsas vəzifələr sırasında idi. Təsadüfi deyil ki, yola saldığımız 2023-cü il məcburi köçkünlərin işğaldan azad edilmiş torpaqlara qayıdışı ilə də yadda qaldı. Nəhayət ki, 30 ildən sonra məcburi köçkünlərin bir qismi mərhələli şəkildə öz dogma yurd-yuvalarına qayıtdılar. Böyük Qayıdışa dair I Dövlət Proqramına əsasən, məcburi köçkünlərin doğma yurda qayıdışı hazırda da davam edir. Belə ki, Füzuli şəhərinə - 380 ailə, 1392 nəfər, Laçın şəhərinə- 383 ailə, 1475 nəfər, Ağalı kəndinə - 175 ailə, 871 nəfər, Talış kəndinə- 20 ailə, 90 nəfər, Zabux kəndinə - 203 ailə, 783 nəfər köçürülüb. Ümumilikdə indiyədək işğaldan azad edilmiş ərazilərə 1161 ailə, 4611 nəfər köçürülüb. Həmçinin müasir tələblərə cavab verən zəruri sosial-texniki infrastrukturun qurulduğu şəhər və kəndlərdə sakinlərin rahat və təhlükəsiz yaşaması üçün hər cür şərait yaradılıb.


Eyni zamanda azad olunmuş ərazilərin bərpası ilə bağlı həyata keçirilən bütün tədbirlər Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq edilmiş, 2022-2026-cı illəri əhatə edən “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”na əsasən 100 yaşayış məntəqəsindən 52-nin layihəsinin konseptual həlli qəbul edilib, dövlət başçısı tərəfindən 29 yaşayış məntəqəsinin təməli qoyulub. Ümumilikdə 2021-2023-cü illərdə dövlət başçısı tərəfindən 105 layihənin təməli qoyulub, onlardan 63 müxtəlif təyinatlı tikinti obyektinin açılışı baş tutub. Cəmi 9 aya inşa edilmiş Füzuli Beynəlxalq Hava Limanının ardınca Zəngilanda ikinci hava limanı istifadəyə verilib, Laçın rayonunda hava limanının tikintisi isə sürətlə davam etdirilir. İşğaldan azad olunmuş ərazilərdə indiyədək məktəblər, xəstəxanalar, otellər, konqres mərkəzləri tikilib istifadəyə verilib. 22 yol layihəsindən 6-nın tikintisi artıq başa çatdırılıb, Bərdə-Ağdam, Horadiz-Ağbənd dəmir yolu xətləri üzrə tikinti işləri davam etdirilir.


Görülən genişmiqyaslı fəaliyyətdə ən əsas yerlərdən birini əhalinin rahat yaşaması üçün vacib sayılan müasir kommunal təminatların həyata keçirilməsidir. Bölgənin enerji təminatı məsələləri sürətlə həll edilir - yeni 12 su elektrik stansiyası, 12 yarımstansiya istifadəyə verilib. Bir sıra istiqamətlər üzrə isə artıq magistral qaz xətlərinin tikintisi həyata keçirilir.


Həmçinin 30 illik işğal dövründə Qarabağda mövcud olan hava limanları darmadağın edilmişdi. Prezidentin imzaladığı Sərəncama görə, layihə çərçivəsində Qarabağda 3 böyük hava limanının inşası da nəzərdə tutuldu. Belə ki, Füzuli, Zəngilan və Laçın şəhərlərində ardıcılı olaraq hava limanlarının qurulması reallaşdı. 
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Beynəlxalq əməkdaşlıq, ictimaiyyət və mətbuat xidməti departamentinin direktoru İbrahim Mirzəyev işğaldan azad olunmuş ərazilərə “Böyük Qayıdış”la bağlı Avtosfer.az-a ətraflı məlumat verib. O, bildirib ki, nəzərdə tutulan layihə sürətlə davam edir.


“Hazırda işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa-quruculuq işləri aparılır, ilk növbədə, müasir infrastruktur formalaşdırılır, dayanıqlı məskunlaşma və iqtisadi reinteqrasiya üçün zəruri şərait yaradılır. 2023- cü ilin sonunadək Zəngilan rayonunun Ağalı, Tərtər rayonunun Talış, Laçın şəhəri və rayonun Zabux kəndinə, Füzuli şəhərinə  4500-dən çox məcburi köçkün köçürülüb.  2024-cü ildə Şuşa, Xocalı, Kəlbəcər, Füzuli, Laçın, Cəbrayıl şəhərlərinə, Laçın rayonun Sus kəndinə, Xankəndi şəhərinin Kərkicahan qəsəbəsinə, Şuşa rayonunun Malıbəyli kəndinə həmin yerlərdən məcburi köçkün düşmüş şəxslərin köçürülməsi nəzərdə tutulub. Qayıdış zamanı, yenə də ağır və qəzalı şəraitdə yaşayan keçmiş məcburi köçkünlərin ilk mərəhələdə köçürülməsi həyata keçiriləcək”.

Qeyd: Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə dəstəyi ilə  "İşğaldan azad olunmuş ərazilərə “Böyük Qayıdış”” istiqaməti üzrə hazırlanıb.

Müəllif: Nərmin Əkbər

ŞƏRH YAZ
Ad

E-mail

Şərh