Banner

“Almaniyada pullu yolda sürəti limiti yoxdur” deyənlər sizi aldadır – Əslində necədir? - FOTO

Yazarlar 23 Yanvar 2024 15:11 Oxunub 1644
“Almaniyada pullu yolda sürəti limiti yoxdur” deyənlər sizi aldadır – Əslində necədir?   - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Azərbaycanda pullu yollarla bağlı müzakirələr səngimir. Başlıca müzakirə mövzusu isə sürət limiti ilə bağlıdır. Bir qrup yolda sürət limitinin ləğvini, digəri isə 130 km/saat limiti təklif edir. 
Əlbəttə, hər tərəfin öz arqumenti var və biz onların hamısına hörmətlə yanaşırıq. Qeyri-məhdud sürət tərəfdarları Almaniya avtobanlarını misal göstərirlər. Bəs orada vəziyyət necədir? 
Avtosfar.az bəri başdan onu diqqətə çatdırır ki, avtomobil alverçiləri Almaniyanın avtobanları barədə insanlarda (söhbət peşəkar ekspertlərdən getmir - müəl.) yanlış təsəvvür yaratmağa müvəffəq olublar. Sanki Almaniyanın bu başından o başına 200 km/saat və ya daha yüksək sürətlə hərəkət etmək mümkündür.
Əslində belə deyil. Almaniyada sürət limiti olmayan yolların uzunluğu cəmi 510 kilometrdir. Yolların ümumi uzunluğu isə 29 min kilometri keçir. Lakin limitsiz deyilən yollarda da təmir, profilaktika və ya hava ilə bağlı sürət müntəzəm olaraq azaldılır. Bir sözlə, limitsiz yol yalnız nəzəriyyədə mümkündür.
“Spiegel” nəşrinin məlumatına görə, Almaniyada 2020-ci ildə ölümlə nətgicələnən yol qəzalarının yarısı məhz sürət limiti olmayan yollarda baş verib. Lakin qəribə də olsa, ölümlər yüksək sürətə görə baş verməyib. Ölümlə nəticələnən qəzaların əsas səbəbləri ara məsafəsinin gözlənməməsi, təhlükəli ötmə və keçid üstünlüyünə məhəl qoyulmamasıdır. Bunlar Azərbaycanda da geniş yayılmış qayda pozuntuları deyilmi?
Ən əsası, avtobanlar “sürət turizmi” (ifadə “Der Spiegel” nəşrinə məxsusdur – müəl.) deyilən fenomenin ortaya çıxması ilə nəticələnib. Yəni, qonşu ölkələrdə əksər yollarda 90-110 km/saat məhdudiyyətdən bezənlər Almaniyaya üz tutur. Elə qəzaların da böyük hissəsi buradan qaynaqlanır. Məsələn, ötən il Portuqaliya vətəndaşının idarə etdiyi avtomobil Bavariyada avtobanda qəzaya uğramış, sürücü və sərnişinləri həyata qaytarmaq üçün alman həkimlər 1 həftə çalışmışdılar. Polisə ifadəsində sürücü “Porsche” markalı avtomobili yoxlamaq üçün gəldiyini demişdi. 
Müqayisə üçün deyək ki, Lissabondan Bavariyaya məsafə 2500 kilometrdir. Təsəvvür edin, sürücü yüksək sürət xatirinə 2 ölkəni keçməyə tərəddüd etməyib.
Lakin avtobanlar heç də hamı üçün deyil. Sürücülük təcrübəsi 3 ildən az olan şəxslər, köhnə və ya aşağı sürətli avtomobillər avtobana buraxılmır. 
İndi qayıdaq özümüzə: quru sərhədləri bağlı olduğu üçün hələ ciddi problem yoxdur. Sərhədlər açıldığında eyni vəziyyət bizdə təkrarlanmayacaqmı? 60-90 km/saat sürət rejimindən bezən, addımbaşı polisin olduğu Dağıstan və Çeçenistandan “cigidlər” gəlib bizim pullu yolda yarışa çıxmayacaqlarmı? Nəzərə alaq ki, bizim pullu yolla Şimali Qafqaz arasında məsafə heç 250 km də deyil.


Vüqar Yaşaroğlu

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh