Azərbaycan polisinin iki günlük SƏRT KARANTİN GÜNDƏLİYİ - FOTO - VİDEO
İki günlük sərt karantin rejimi dünyanın bir çox ölkələrində tətbiq edilib və edilməkdədir. Hər yerdə də təbii ki, buna qəbul edən də var, etməyən də. Ancaq bu iki gündə bizim polisimizin xidmətini qiymətləndirməmək düzgün olmazdı. Eyni zamanda, bu xidməti ləkələmək istəyənlərə də cavab vermək vacibdir.
Bəs görək, bu iki gündə polis nə etdi? Bu qısa və konkret suala sadə formada cavab tapmaq çətin deyil. Onları təxminən belə ifadə etmək olar:
- Bayılda su kəsildi, polis su maşını gətirib əhalini su ilə təmin etdi.
Yeni Yasamalda doğuma hazırlaşan qadını yol polis xəstəxanaya çatdırdı. Uşaq elə maşında dünyaya gəldi.
Binədə əlini şüşə kəsən qadın qanaxmadan ölə bilərdi, polis onu vaxtında xəstəxanaya çatdırıb xilas etdi.
Dializ xəstəsinin kömyinə son anda polislər çatdı.
Bacısını itirən yaşlı qadını polis öz maşını ilə yas yerinə apardı.
Küçədə sahibsiz heyvanları yemləyən polislər idi.
Ahıl qadın küçəyə çıxaraq marketə gedir, görünür, sərt karantin rejimindən xəbəri yox imiş. Polislər ona yaxınlaşıb vəziyyəti öyrənəndən sonra öz yemək paylarını ona verib yola salırlar.
Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng edən bir ailə çörək istəyir. Dərhal polislər həmin ailəyə çörək çatdırırlar.
Bir ailə də polisə zəng edərək xəstə uşağınının yeməyinin bitdiyini deyir. Nərimanov polislərindən biri evə gedərək öz uşağının yeməyini gətirib həmin ailəyə çatdırır.
Bakıda, Gəncədə, Sumqayıt və Abşeronda baş verən belə hallar onlarladır və əksəriyyəti də vətəndaşlar tərəfindən çəkilərək sosial şəbəkələrdə yayılıb. Amma belə günlərdə polisə tabe olmayan, icazəsiz küçəyə çıxıb özünü kimlərəsə göstərib şou yaradanlar da oldu. Polisə tabe olmayan şəxsin saxlanılması zamanı vətəndaşların balkonlardan zibil atması və polisləri fitə basması düzgün addım deyildi. Onlar özləri də yaxşı bilir ki, polis evindən, ailəsindən kənarda qalıb başqalarını qorumaq üçün xidmətdədir. Amma bəzi intizamsız insanlar üzərində dövlət atributlarını gəzdirən, Vətəni qorumaq üçün şərəfinə and içən polisə zibil atır.
Bir vətəndaşın 4 polis tərəfindən saxlanılması videosunu yayıb polisi ləkələməyə çalışdılar. Sonradan məlum oldu ki, həmin şəxs karantin qaydalarını pozub, polisləri görəndə isə bıçaq çıxarıb.
Polisin karantin dövründə xidmətləri danılmazdır, bunu görməmək mümkün deyil. Onların xidmətinə ən böyük qiyməti Prezident İlham Əliyev verib. Dövlət başçısı bildirib ki, Azərbaycanda polislər öz həyatlarını riskə ataraq insanları qoruyur, onlara xidmət edir, onların təhlükəsizliyini təmin edir.
Elməddin Muradlı