Azərbaycanda kolleclər ləğv edilir? - AÇIQLAMA
Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi tərəfindən orta ixtisas təhsili müəssisələrində mütəmadi olaraq monitorinqlər aparılır. Artıq bir sıra kolleclərdə nöqsanlar aşkarlanıb, təhsil müəssisələrinin vəzifəli şəxsləri işdən çıxarılıb.
Avtosfer.az xəbər verir ki, agentlik bildirib ki, kolleclərin kadr potensialının möhkəmləndirilməsi, tədris prosesinin təşkilinin yaxşılaşdırılması istiqamətində Agentlik tərəfindən görülən tədbirlər davam edəcəkdir.
Qeyd edək ki, orta ixtisas təhsili cəmiyyətin və əmək bazarının tələbatına uyğun olaraq, ümumi orta təhsil və tam orta təhsil bazasında ayrı-ayrı fəaliyyət sahələri üçün müxtəlif ixtisaslar üzrə orta ixtisas təhsilli mütəxəssis hazırlığını təmin edir.
Kolleclərdə yoxlamaların aparılması fonunda bu təhsil müəssisələrinin ləğv edilməsi ilə bağlı da müzakirələr aparılır.
Orta ixtisas təhsili ilə bağlı Modern.az-a danışan təhsil eksperti Nadir İsrafilov bildirir ki, kollec elmi kütləvi ədəbiyyatda orta ixtisas proqramları əsasında təhsil xidmətləri göstərən və subbakalavr peşə-ixtisas dərəcəsi vermək hüququ olan təhsil müəssisəsi kimi xarakteriza olunur:
"Bununla belə, dünyanın ayrı-ayrı ölkələrində kolleclər heç də eyni deyil, fərqli mahiyyət daşıyır. Yəni, hansısa ölkədə kollec orta ixtisas təhsili müəssisəsi rolunu oynayırsa, digər ölkədə orta təhsilin yuxarı səviyyəsi hesab edilir. Başqa bir ölkədə isə kollec ali məktəb funksiyasını yerinə yetirir. Onu da qeyd etmək lazımdır ki,dünya təcrübəsində universitetlərdən daha nüfuzlu, reytinqli kolleclər var. Bizdə orta ixtisas təhsili cəmiyyətin və əmək bazarının tələbatına uyğun оlaraq, ümumi оrta təhsil və tam оrta təhsil bazasında ayrı-ayrı fəaliyyət sahələri üçün müхtəlif iхtisaslar üzrə оrta ixtisas təhsilli mütəxəssis hazırlığını təmin edir.
Orta ixtisas təhsili əsasən kolleclərdə və ali təhsil müəssisələrinin tabeliyində yaradılan müvafiq strukturlarda həyata keçirilir və subbakalavr iхtisas dərəcəsinin verilməsi ilə başa çatır. Ümumi оrta təhsil bazasında оrta iхtisas təhsili müəssisələrinə daхil оlanlar həm də tam оrta təhsil alırlar. Təhsilin pillələri və səviyyələri arasında qarşılıqlı əlaqə və varislik təmin оlunması üçün kollec təhsili zəruri hesab edilir. Təhsil qanunvericiliyinə əsasən, kollec orta ixtisas təhsili müəssisələrinin bir növü olub, orta ixtisas proqramları əsasında təhsil xidmətləri göstərən və subbakalavr peşə-ixtisas dərəcəsi vermək hüququ olan təhsil müəssisəsidir. Burada təhsil proqramlarına uyğunluğu təmin edilir və bu təhsil pilləsini yüksək nəticələrlə başa vuran məzunların – subbakalavrların tоpladıqları kreditlər müvafiq icra hakimiyyəti оrqanının müəyyən etdiyi qaydada uyğun iхtisaslar üzrə ali təhsil müəssisələrində nəzərə alınır”.
Qeyd edək ki, hazırda Azərbaycanda 55 orta ixtisas təhsil müəssisəsi fəaliyyət göstərir. Bunlardan 35-i Elm və Təhsil Nazirliyinin, 16-sı digər dövlət qurumlarının tabeliyində fəaliyyət göstərir, 4 müəssisə isə özəldir. Ölkə üzrə orta ixtisas təhsil müəssisələrində 6 mindən çox müəllim fəaliyyət göstərir, 62 mindən çox tələbə təhsil alır. Qeyd edək ki, orta ixtisas təhsil müəssisələrinin 35-i regionda, 20-si isə paytaxt Bakıda yerləşir.
Ekspert hesab edir ki, son illər kollec təhsili ilə bağlı bir sıra yeniliklər tətbiq olunub:
“Hələ ki, rasionallaşdırma ilə bağlı bir sıra kolleclərin universitetlərin nəzdində fəaliyyət göstərməsi, habelə ali təhsil müəssisələrinə orta ixtisas təhsili vermək hüququnun verilməsi heç də kolleclərin ləğvi anlamına gəlmir. Sadəcə, təhsil müəssisəsi ali təhsil və əlavə təhsil proqramlarını həyata keçirən hüquqi şəxs statusuna malik olmaqla yanaşı, həm də orta ixtisas təhsili verən ali təhsil müəssisəsi statusu alır. Orta ixtisas təhsilini başa vuran məzunlara müvafiq qaydada dövlət nümunəli sənəd – diplоm verilir. Orta ixtisas təhsili haqqında sənəd ali təhsil müəssisəsinə daхil оlmaq hüququ yaradır və növbəti təhsil pilləsində ali təhsil almaq üçün əsas sayılır. Hansısa kollecdə təhsilin keyfiyyətinin aşağı olması, bununla əlaqədar müəyyən şikayət və narazılıqların yaranması, ümumilikdə kolleclərə ehtiyac olub-olmaması barədə müəyyən sualların ortalığa atılması üçün zəmin yaratmışdı və bu kimi yanaşmalar hələ də davam etməkdədi. Düzdür, müstəqilliyimizin ilk illərində ölkəmizin sosial-iqtisadi və digər sahələri ndə olduğu kimi, təhsil sferasında da yaranan boşluqlardan istifadə edilərək, peşəkar kadr potensialına, heç bir maddi-texniki bazaya, lazımi infrastruktura malik olmayan, bir-birini təkrarlayan kolleclərin yaradılmasına müəyyən dərəcədə göz yumuldu. Son illərdə bu istiqamətdə xeyli işlər görülsə də, paralellik baxımından paytaxtda və bölgələrdə səmərəsiz təkrarçılıq halları istisna deyil”.
Nadir İsrafilovun sözlərinə görə, bu gün kolleclərə münasibətdə konkret yanaşma, hələ ki, qanunvericiliklə nəzərdə tutulmayıb:
“Bir müddət əvvəl elm və təhsil naziri Emin Əmrullayevin “Məktəbəqədər təhsildə keyfiyyətə yeni baxış” mövzusunda keçirilən beynəlxalq elmi-praktik konfransda çıxışı zamanı ibtidai təhsil və məktəbəqədər təhsillə bağlı verdiyi açıqlamalar arzu olaraq gələcəyə hesablanan modellərin mesajıdır və bununla bağlı kimlərinsə narahatlıq keçirməsinə hər hansı bir əsas görmürəm. Nazirin özünün də dediyi kimi “məqsədimiz kimisə qınamaq və ya pis vəziyyətdə qoymaq deyil, arzumuz ondan ibarətdir ki, səriştəlilik səviyyəsi artsın. Bundan sonra kim işləyirsə, təbii ki, işini davam etdirəcək, onlara da təhsil vermək və inkişafına nail olmaq əsas məqsədlərdən olmalıdır”. "Bu mənada kolleclərin gələcəyi zamana bağlı olan məsələdir”. Kollec təhsilinə belə bir yanaşma daha çox beynəlxalq təhsil sistemində baş verən tendensiyalarla bilavasitə əlaqədardır. Bir müddət əvvəl elm və təhsil nazirinin müavini İdris İsayev də qeyd etmişdi ki, bizim qanunvericilikdə orta ixtisas təhsil pilləsi anlayışı var.
Lakin dünyanın heç bir ölkəsində orta ixtisas təhsil pilləsi yoxdur. Nazir müavini onu da bildirmişdi ki, Avropa kvalifikasiyaları çərçivəsində orta ixtisas təhsili ya natamam ali, ya da qısamüddətli ali təhsil adlanır. Təbii ki, biz bu faktorları nəzərə almalıyıq. Çünki bu çərçivəni qəbul ediriksə, ilk növbədə kvalifikasiyaların tanınmasına şərait yaratmalıyıq. Bu, kvalifikasiyalar üzrə təhsil səviyyələrinin düzgün müəyyənləşdirilməsinə öz müsbət təsirini göstərməlidir. Ona görə də yanaşmamızı dəqiqləşdirməliyik. Düşünürəm ki, istənilən halda, kvalifikasiyalar üzrə təhsil səviyyələrinin düzgün müəyyənləşdirilməsinə və bu məsələyə yanaşmamızı dəqiqləşdirməyimizə qədər kolleclərin gələcəyi zamana bağlı olan məsələ olaraq qalacaqdır”.
(modern.az)