Azərbaycanda skuterlər ləğv olunur? - AÇIQLAMA - FOTO
Elektrikli skuterdən istifadə son illərdə artıb. Onlar qısa gediş-gəliş üçün əyləncəli və ekoloji cəhətdən təmiz bir alternativdir. Lakin bu onun təhlükəsiz olması mənasına gəlmir. Finlandiyada aparılan yeni bir araşdırma göstərib ki, elektrikli skuter sürərkən xəsarət alma ehtimalınız, motosikletdə, velosiped sürərkən, maşın sürərkən və ya gəzinti zamanı xəsarət alma ehtimalınızdan daha yüksəkdir. Buna səbəb sürət, məkan, təlimin azlığı və s. ola bilər. Artıq Fransanın paytaxtı Parisdə aprel ayında keçirilən referendum nəticəsində qadağan edilən skuterlər artıq Paris küçələrindən yığışdırılıb. Qadağanın digər Avropa ölkələrinə də yayılacağı gözlənilir. Uzun müddət mübahisə hədəfinə çevrilən skuterlərin ləğvi ilə Paris bunu qadağan edən ilk Avropa paytaxtı olub. Bu qadağaın ölkəmizdə tətbiq olunub olunmayacağı maraq doğurur.
Publika.az-a danışan nəqliyyat üzrə ekspert Elməddin Muradlı bildirib ki, skuterlərlə bağlı Azərbaycanda hələlik hər hansı bir qadağa gözlənilmir: “Çünki bu nəqliyyat növünə böyük maraq var və ictimai nəqliyyatın da belə bir vəziyyətdə olduğu bir dövrdə nəqliyyat vasitəsi kimi ondan istifadə edən insanları başa düşmək lazımdır. Amma skuterlərlə şou göstərən, küçələrdə təhlükə yaradan, xüsusən də parklarda, ictimai yerlərdə özlərini apara bilməyən insanlar var ki, onlarla mübarizə aparılmalıdır. Fransada, eyni zamanda, digər ölkələrdə skuterlərlə bağlı sərt qərarlar verilir. Bundan əlavə onların qadağan olunduğu şəhərlər, bölgələr var. Bu minik vasitələrinin idarə olunması zamanı yol verilən xətalara görə ağır cərimə sanksiyaları tətbiq olunur. Sonra görəndə ki, bunlar nəticə vermir, o zaman artıq qadağaya keçirlər”.
Ekspertin sözlərinə görə, bu proses Fransada mərhələli şəkildə həyata keçirilib:
“Ölkəmizdə nəinki cəza, heç qanunda bu müddəalar öz əksini tapmır ki, görək skuterlərlə bağlı hansı cəzalar nəzərdə tutulur. Bunların heç birini biz hələ ki, görmürük. Yekunda bir təhlil aparılsın, görsələr ki, bu qaydalar, bu qanunlar effekt vermir, o zaman qadağa addımını ata bilərik. Fransa bunu mərhələli şəkildə keçdi. Cəzalar tətbiq etdi, mexanizm qurdu və sonra gördü ki, effekt yoxdu, yenə ölümlər, qayda pozuntuları və s. kimi hadisələr baş verir, keçdi qadağa rejiminə. Azərbaycanda isə nə birinci addım, nə də digər addımlar atılmayıb ki, sonra bu qadağa rejimini tətbiq edəcək olsalar, əllərində əsas olsun. Biz artıq bunu illərdir deyirik. İki ilə yaxındır bu problem qabarıq şəkildə özünü göstərir. Xüsusən bu pandemiya dövründən sonra daha da artdı. İndi demək olmaz ki, hamı skuterləri ictimai nəqliyyat növü kimi istifadə edir. Əksəriyyət alır, parklarda şou göstərir. Nə bilim, cavan qız və oğlanlar alır, bir də görürsən ki, ikisi də mindi, qucaqlaşıb küçələrdə o baş bu başa sürürlər. İndi belə bir situasiyada bunu bu gün ləğv eləsək, yaxşı olacaq ya pis olacaq demək bir az çətin məsələdir. Çünki qanunverici orqan hələ bu məsələyə baxmayıb. Skuterləri ilə bağlı heç bir müddəa yoxdur. Qanunda hər şey açıq qalır”.