Azərbaycanı qoruyan və gücləndirən siyasət
Hakimiyyət sükanının arxasına keçdikdən sonra içimizdəki milli həmrəylik düşmənlərinin ona qarşı mübarizəsinin mənbəyinin sərhədlərimizdən kənarda olduğu bəlli idi. Dövlət idarəçilik sistemində kifayət qədər təcrübəyə malik şəxsin həm də şəxsi keyfiyyətləri: sözübütövlüyü, alicənablığı, ailəsində gördüyü milli-mənəvi dəyərlərə hörmət, ən ümdəsi, onu qanıyla, canıyla bu torpağa, bu yurda bağlayan Vətən sevgisi kölgəsini qılınclayanlardan fərqləndirən əsas xüsusisyyətlər idi və bu da şübhəsiz ki, Prezident İlham Əliyevin adını və nüfuzunu çeynəmək üçün fürsət gözləyənləri, eləcə də onların havadarlarını narahat edirdi.
Alternativsiz siyasi lider kimi kürəyini Xalqa söykəyərək onun səsinə səs vermək, problemlərin həlli yollarını xalqla birgə çözmək İlham Əliyevi Xalqın adamı etdi. Qısa zaman kəsiyində Xalqın rifah halının yüksəlməsi naminə regionların da paytaxtdakı inkişafdan geridə qalmaması üçün işlək mexanizmə qoşulması, hədəflərini müəyyənləşdirən Liderin gələcək iqtisadi, sosial siyasətinin bazası Azərbaycanın regionun ən güclü dövlətlərindən birinə çevrilməsinə hesablanmışdı (daha doğrusu, bunu tezləşdirən Prezidentin məlum fərmanları və sərəncamları idi).
Yaxın keçmişdə ulu öndərin: “Azərbaycan dünyaya günəş kimi doğacaq” və “Mən İlham Əliyevə özüm qədər inanıram” kəlamı dövlətçiliyimizin etibarlı əllərdə olduğunu bir daha isbatladı.
Dünyanın ən etibarlı tərəfdaşına çevrilən, nüfuzlu beynəlxalq təşkilatların hesabatlarında demokratik prinsiplərlə inkişaf yoluna qədəm qoymuş, insan hüquq və azadlıqlarının qorunmasında, işsizliyin aradan qaldırılmasında yürütdüyü siyasətə görə öncül yerlərdə qərarlaşan ölkəmiz həm də sabitliyin, əmin-amanlğın tam bərqərar olduğu və etibarlı qorunduğu ölkələr sırasındadır.
Tolerantlıq, multikultural dəyərlər sisteminin hakim olduğu, milli kimliyinə, dilinə, dininə görə kimsənin təqib olunmadığı bir ölkədə yaşamağın xoşbəxtliyini ölkəmizə gələn beynəlxalq təşkilatların nümayəndələri dönə-dönə qeyd etmiş, və möhtərəm Prezidentimizin bu istiqamətdə atdığı addımları çox yüksək qiymətləndirmişlər.
Ötən illər ərzində beynəlxalq aləmdə ərazi bütövlüyümüzün beynəlxlaq hüquq çərçivəsində tanınması istiqamətində yürüdülən siyasətin davamı olaraq ölkə başçımızın Valdayda və Münhendə təcavüzkar ölkənin baş nazirini “nokauta” salması, tarixi həqiqətləri, onların yalanlarını məhv edən gerçəklikləri dünyanın gözü qarşısımnda sərgiləməsi, həm də ölkəmizə olan ikili standartlara tutarlı cavab idi.
Dünyada baş verən iqtisadi geriləmələrin, nüfuz çəkişmələrin Azərbaycana təsirsiz ötüşməsi, qarşıya çıxan çətinliklərin, vətəndaşları narahat edən problemlərin “ASAN”laşması, məmur özbaşnalığına ölkə rəhbəri tərəfindən sərt şəkildə yanaşılması, “yolunu azan”ların qanun qarşısında cavab verməsi “Mən hər bir Azıərbaycanlının Prezidentiyəm” fikrini gözlərimiz önündə sərgiləmiş oldu.
Azərbaycan uğurla və inamla inkişaf edir. Bu inkişaf böyük güclərin “əl quzusu”na çevrilənləri, şübhəsiz ki, yeni planlar qurmağa, xalqla iqtidar arasında uçurum yaratmağa, inamsızlıq toxumu əkməyə hərəkətləndirib. Mənəviyyatımıza, milli dəyərlərimizə küçə söyüşləri, “cinsiyyət orqanları”nın gözü ilə baxanların xalqın necə gözündən düşdüyünü də, daha doğrusu, Azərbaycanın başını bu kimi məsələlərlə qatmaq istəyənləri də gördük.
Bu gün Azərbaycanda Xalq-İqtidar birliyi əbədidir. Çünki “Mən xalqımın xidmətçisiyəm” deyən liderin rəhbərliyi ilə daha güclü Azərbaycanı qurmaq üçün əl-ələ, iç-içəyik...
Ən böyük bəla inamsızlıqdır və o bütün məğlubyyətlərin başlanğıcıdır. Bu gün Azərbaycan xalqının onu Qoruyan və Gücləndirən siyasətə isə inamı sonsuzdur.
Bəşəriyyəti təhdid edən, insan ölümlərinə yol açan, dünyanın iqtisadi və siyasi gündəmini dəyişən bir bəla-“COVİD-19” infeksiyası ilə “müharibədəyik”. Möhtərəm Prezidentimizin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın bir illik əmək haqlarını “COVİD-19”la mübarizə fonduna bağışlaması, büdcədən 1 milyard manat vəsait ayrılması hər bir vətəndaşımızda qürur hissi yaratdı və dövlətin xalqın yanında olduğunu göstərdi.
Azərbaycanı qoruyan və gücləndirən siyasət bu gün dövlət qurumlarını, güc strukturlarını, biz sözlə, Azərbaycan xalqını səfərbər edib. Bəli, biz səfərbərik: bütün bəlalarla hamılıqla mübarizəyə və düşmən tapdağındakı torpaqlarımızı Ali Baş Komandanımızla birgə azad etməyə.
Hafiz TƏMİROV,
polis polkovnik-leytenantı