Banner

Azərbaycanın qaranlıq məhəllələri: Oğurluq, narkomaniya və yol qəzaları – EKSPERT RƏYİ

Yazarlar 6 Avqust 2024 16:45 Oxunub 1634
Azərbaycanın qaranlıq məhəllələri:  Oğurluq, narkomaniya və yol qəzaları – EKSPERT RƏYİ
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Ölkə ərazisində küçə və prospektlərin işıqlandırılması ilə bağlı Prezident İlham Əliyevin bir neçə il əvvəl Nazirlər Kabinetinə verdiyi tapşırıqdan sonra bu istiqamətdə hələ də dərin özüllü problemlərin olduğunu görmək mümkündür. Bunların həlli ilə bağlı isə icra hakimiyyətlərindən məsləyə ciddi yanaşma tələb olunsa da, tam əksinin şahidi oluruq. Bir neçə gün əvvəl Avtosfer.az saytında da dərc edilən materialda Səbail rayonu Gülbala Əliyev küçəsində də anoloji vəziyyət yarandığı qeyd edilmişdi. Bu timsalda ölkədəki bir çox küçələrin ümumiyyətlə qaranlıq, bir çox küçələrdə isə elektrikin bəzi dirəklərə ötürülüb bəzilərinə ötürülmədiyi məlum məsələdir. Yerli icra orqanlarının küçələrin işıqlandırılması məsələsində də öz cibini düşünməsi, əhali üçün ağır nəticələr verir. Ayın sonunda elektrik enerjisinin verilməsinə görə icra hakimiyyəti qənaət etsə belə, ərazi sakinlərinin həyatları ilə bağlı təhlükələr yaranır.

Məsələ ilə əlaqədar iqtisadçı ekspert Sahib Məmmədov Avtosfer.az-a deyib ki, əlverişli şəhər mühitinin yaradılması istiqamətində xeyli işlər görülməsinə baxmayaraq, bu məsələ bütün ölkəni hələ də əhatə edə bilməyib.

“Təkcə işıqlandırma istiqamətində yox, digər mövzularda da problemlər qalmaqdadır. Bu mövzuda böyük məsuliyyət dövlət qurumlarının üzərinə düşür. Məhəllədaxili yolların keçdiyi ərazilərin əksəriyyəti fərdi evlərdən ibarət olduğu üçün bu ərazilərin işıqlandırılması mülkiyyətçilərin və ərazidə yaşayanların məsuliyyət dairəsindədir. İkinci dərəcəli yolların, xüsusilə gecə saatlarında elektrik enerjisi ilə təminatında problemlərin yaranması müəyyən mənfi nəticələr verir. Əhalinin  rastlaşdığı mənzərə ondan ibarətdir ki, gecə saatlarında əksər küçə və ikinci dərəcəli yolların işıqları söndürülür. Regionlarda isə vəziyyət daha da acınacaqlıdır. Bu məsələ günəş batareyalarından istifadənin artırılması ilə həll oluna bilər. Ölkədə geniş parklar və yaşıllaşdırma zonalarının yaradılmasına baxmayaraq, axşam saatlarında bu ərazilərin işıqlandırılmasında problemlər yaranır və işıqlandırılmayan yerlərdə zərərli vərdişləri olan şəxslər toplaşırlar”.

Ekspert sonda onu da qeyd edib ki, belə məsələlər üzrə ləngimələrin bir səbəbi də işğaldan azad olunan ərazilərimizdə görülən işlərdir. İstər elektrik enerjisinin verilməsində, istərsə də park və yaşıllıq ərazilərinin salınmasında maliyənin böyük bir qismi Qarabağa ayrıldığı üçün paytaxt və bölgələrə bu istiqamətdə maliyənin ayrılması çətinliklər yaradır. Böyük məbləğdə maliyyə tələb olunduğuna görə məsələnin həllində səngimələr hiss olunur.

Avtomobil yollarının işıqlandırılması ilə bağlı son günlər artan şikayətlərin fonunda paytaxt sakinlərinin haqlı narazılığına səbəb olur.

Mövzu ilə əlaqədar nəqliyyat eksperti Eldəniz Cəfərov saytımıza açıqlamasında deyib ki, baş verən qəzaların bir qismi qaranlıq yolların payına düşür.

“Xüsusən də burda piyadavurma ilə nəticələnən yol nəqliyyat hadisələrini qeyd etmək olar. Şəhərlər arası və magistral yolların asfalt örtüyünün və işıqlandırılmasının yüksək səviyyədə təmin edildiyinin vaxtaşırı şahidi oluruq. Böyük küçələrin və prospektlərin təmirinin yaxşı aparılmasına baxmayaraq belə ərazilərin işıqlandırılması ürəy açan vəziyyətdə deyil.  Bunun nəticəsində də həmin yollarda ağır faciəllər yaşanır dəhşətli yol-nəqliyyat hadisələri baş verir. İşıqlandırma avtomobil yollarının vacib elementlərindən biridir. Təəsüff ki, ölkəmizdə bu məsələyə xüsusi diqqət yetirilmir.

Eldəniz Cəfərov onu da qeyd edib ki, belə problemlərin aradan qaldırılması üçün inkişaf etmiş ölkələrin təcrübəsini ölkəmizdə tətbiq etmək müsbət nəticələr göstərə bilər.

İnkişaf etmiş ölkələrin nümunələrinə diqqət etsək görərik ki, Almaniya, ABŞ, Finlandiya və Fransa kimi ölkələrdə yolların işıqlandırılması, yollarda nişanların quraşdırılması və səkilərin təmiri ilə bağlı bu istiqamətdə fəaliyyət göstərən şirkətlərlə dövlət qurumları arasında əlaqələrin təminatı ölkədə nəqliyyat və infrastruktur sahəsinin inkişafına səbəb olur. Azərbaycanda isə sahibkaları bu istiqamətdə təşviqetmə kampaniyasına hələ başlanmayıb.

Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə dəstəyi ilə “İctimai və dövlət maraqlarının qorunması” istiqaməti üzrə hazırlanıb.

Müəllif: Hülya Abdullayeva

ŞƏRH YAZ
Ad

E-mail

Şərh