Bakı küçələrində pul yığan naməlum şəxslər - parkinq fırıldağı FOTO
İllərdir, Bakının parkinq probleminə çarə tapılmır. Paytaxt sakinləri üçün ciddi problem olan parkinq məsələsi illərlə sabiq Nəqliyyat naziri Ziya Məmmədova, ardınca Bakı Şəhər İcra Hakimiyyətinin sabiq başçısı Hacıbala Abutalıbova milyonlar qazandırdı. Onlardan başqa, ayrı-ayrı şəxslər də Bakının müxtəlif küçələrində parklama sahələri yaradıb, bunu özləri üçün gəlir mənbəyinə çevirdilər.
Xatırladaq ki, 2015-ci ilin iyun ayında Azərbaycanda baş tutmuş Avropa Oyunlarının keçirilməsinə az bir müddət qalmış paytaxtda xeyli terminal quraşdırıldı, Bakının əksər küçələrində parkinq üçün yerlər ayrıldı. Həmin parkinqlərə isə şəxsən Hacıbala Abutalıbovun rəhbəri olduğu Bakı Şəhər İcra Hakimiyyəti nəzarət edirdi. Abutalıbovun komandası az qala məhəllələrə də terminal qoyacaqdı.
Hər ödəniş terminalına BŞİH-in təyin etdiyi işçilər nəzarət edirdi. Amma bu layihə uğursuz oldu.
İndi həmin ödəniş terminalları sahibsiz və yararsız vəziyyətdə küçələrdə qalır.
Halbuki bunun üçün dövlət büdcəsindən kifayət qədər vəsait ayrılmışdı...
Bunun ardınca yeni terminallar gətirildi. Həmin terminallar parkinqlərə təyin edilən şəxslərdə idi və ödənişi aldıqdan sonra sürücülərə qəbz verirdi. Lakin bu iş də baş tutmadı. Ödənişlər qeyri-rəsmi yığılmağa, qəbz verilməməyə başlandı.
Daha sonra isə Bakı Nəqliyyat Agentliyi (BNA) yaradıldı. Hər kəs düşünürdü ki, dayanma və durma qaydalarını pozan sürücülərə cəriməni BNA yazırsa, parkinqlərə nəzarəti də bu qurum edəcək. Amma hələ ki Bakı Nəqliyyat Agentliyinə parkinqlərin nəzarəti tapşırılmayıb.
Bakı küçələrində pul yığanlar kimdir?
Həmin şəxslərin kim olduğunu, pulu kimin üçün yığdıqlarını, hansı quruma tabe olduqlarını bilmirlər, ya da bildirmək istəmirlər.
Yaranmış bu qarışıq vəziyyətdən yenə də əziyyət çəkən paytaxt sakinləridir. Mənzərə o qədər anlaşılmazdır ki, suallara cavab tapmaq çox çətindir.
Qısa olaraq vəziyyəti belə izah edək:
Paytaxtın hər hansı bir küçəsində avtomobilinizi park edirsiniz. Dayanacağa nəzarət edən şəxs sizə yaxınlaşır və ödəniş tələb edir. Bəzi hallarda isə sizə qəbz də verirlər. Amma əsas problem bundan sonra başlayır. Avtomobilinizi park edib oradan uzaqlaşandan bir neçə dəqiqə sonra görürsünüz ki, sizə dayanma və durma qaydasını pozduğunuz üçün BNA tərəfindən cərimə yazılıb. Ya həmin ərazidə maşın saxlamaq olmaz, ya da maşını düzgün park etməmisiniz...
Paytaxt sakini Amil Çıraqov da gün ərzində eyni vəziyyətlə qarşılaşan onlarla sürücüdən biridir.
Çıraqov deyir ki, metronun "28 May" stansiyası yaxınlığında, Fikrət Əmirov küçəsində avtomobilini park edib və dayanacağa nəzarət edən şəxsə də ödəniş kimi 1 manat verib. Oradan uzaqlaşdıqdan bir neçə dəqiqə sonra BNA-da mesaj gəlib ki, 9 manat cərimələnib:
"Avtomobilə yaxınlaşanda parkinqə baxan şəxsdən bunun səbəbini soruşacaqdım. Mən çatanda gördüm ki, artıq 3-4 nəfər həmin şəxsi dairəyə alıb. Aydın oldu ki, onların da başına eyni hadisə gəlib. Həmin şəxs deyirdi ki, böyüyüm gəlib həll edəcək. Biz dərhal həmin şəxsi çağırmasını tələb etdik. Mən də, digərləri də çox qəzəblənmişdik. Bir nəfər gəldi. Deyəsən, həmin şəxsin dediyi "böyüyü" idi. Onunla da aramızda mübahisə yarandı. Dedi ki, narahat olmayın, cərimə silinəcək. Düzdür, bu, inandırıcı deyildi. Amma onunla razılaşmalı olduq, çünki mobil nömrəsini verdi və orada ediləcək başqa bir şey yox idi. Dedi ki, axşama qədər cərimə silinməsə, cərimənin pulunu özləri ödəyəcək. Bu adamın da "böyüyü" var imiş. Deyirdi ki, rəis axşam BNA-ya gedib, cəriməni sildirəcək".
Amil Çıraqovun dediyindən yeni və maraqlı bilgilər ortaya çıxır.
Şəhərin mərkəzində qanunsuz olaraq pul yığanlar kimlərə güvənirlər?
A.Çıraqovun başına gələnlərin davamı da var. Bəli, düşünürsünüz ki, pulunu geri ala bilibmi?
Amil Çıraqov deyir ki, bir gün gözləsə də, cərimənin silinmədiyini görüb və həmin şəxsə zəng edib:
"Aramızda mübahisə yenə oldu. Mənə deyirdi ki, 9 manatın arxasında gizlənən oğlan deyiləm. Sanki mənə havayı pul verir və minnət edir. Nəhayət, pulu terminallardan birindən kontur yükləməklə geri qaytardı. Mən də 9 manat cəriməni ödədim".
Qeyd edək ki, burada A.Çıraqova yazılan cərimə avtomobili qadağan olunmuş ərazidə saxlamağa görə yox, parkinq qaydasını pozduğu üçün yazılıb. Yəni avtomobili düzgün park etməyibmiş.
Bəzi hallarda isə parkının qadağan olduğu ərazilərdə pul yığan şəxslər peyda olur. Onlar cərimə yazılmayacağını deyirlər. Bir neçə dəqiqə sonra isə BNA əməkdaşları sürücülərə cərimə yazır.
(Musavat.com)