Bakı metrosunda şüşə arakəsmələrdən istifadə edilə bilərmi? - RƏSMİ AÇIQLAMA

Yazarlar 4 İyun 2024 10:24 Oxunub 456
Bakı metrosunda şüşə arakəsmələrdən istifadə edilə bilərmi? - RƏSMİ AÇIQLAMA
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Mayın 2-də metronun "28 May" stansiyasında qatarın yoluna düşən sərnişin ölüb.

Avtosfer.az xəbər verir ki, onun meyiti stansiya yolundan çıxarıldıqdan sonra hərəkət bərpa olunub. Hadisə ilə əlaqədar xətlərdə yubanma olub.

Oxşar hadisələr Bakı metrosunda zaman-zaman baş verir. Hər bir hadisənin müxtəlif səbəbləri olur.

Bəs çıxış yolları nədir? Səbəblərin fərqliliyinə baxmadan bu tip hadisələrin qarşısını almaq üçün nəsə etmək mümkündürmü?

Kiçik araşdırma kifayət edir ki, "platforma təhlükəsizlik qapısı" praktikasına rast gələk. Dünyanın bir neçə ölkəsində bu cür şüşə arakəsmələrdən istifadə edilir. Sərnişinlər daxil olarkən sadəcə qatarın qapı hissəsi açılır və qəza riski yoxdur.

Bəs bu praktikanı ölkəmizdə reallaşdırmaq üçün nə çatmır?

"Bakı Metropoliteni" QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov mövzu ilə bağlı Bizim.media-ya açıqlama verib.

O bildirib ki, platforma təhlükəsizlik qapısının növlərindən asılı olmayaraq, bu mövzu araşdırılıb:

"Mövzunun tərkibini təşkil edən çoxsaylı məsələ var. Birincisi, Bakı metropoliteninin stansiyaları inşa olunarkən konstruksiyasında platforma qapılarının quraşdırılması nəzərdə tutulmayıb. "28 May" stansiyasında apardığımız araşdırmanın nəticəsindən də o qənaətə gəldik ki, sözügedən stansiyanın alt hissəsindən başlayaraq konstruktiv gücləndirmə işləri aparılmalıdır.

Bu, kifayət qədər böyük həcmdə işlərin aparılmasını tələb edir.

Təkcə platformanın gücləndirilməsi deyil, həmin sistemlərin quraşdırılması üçün digər stansiya və tunellərin infrastrukturuna aid olan məsələlər də gündəmə gəlir. Şərti olaraq bir neçəsini deyə bilərəm. Qatarların hərəkətindən formalaşan hava axınının tənzimlənməsi, havalandırma sistemlərinin yönləndirilməsi və tənzimlənməsini qeyd edə bilərik.

Platforma təhlükəsizlik qapıları sinxron formada ziddiyyət yaratmasın deyə Bakı metropoliteninin bütün qatarlarında və stansiyalarında quraşdırılmalıdır. Bu da təbii ki, kifayət qədər böyük maliyyə vəsaiti və texniki işlərin aparılmasını tələb edir.

Platforma qapılarının quraşdırılması stansiyalarda sərnişin axınının və digər sərnişindaşıma prinsiplərinə daxil olan məsələlərin fərqli tənzimlənməsini tələb edəcək".

O əlavə edib ki, Bakı metrosunda platforma qapılarından da labüd məsələ var:

"Bu, xətlərin ayrılması layihəsidir. "28 May" stansiyasında sıxlıq ona görə yarandı ki, xətlər birləşir. Hər xətt müstəqil fəaliyyət göstərərsə, tənzimləmələrin digər növlərinə keçmək olar.

Xətlərin ayrılması sərnişinlərin paylanmasını və onların mövcud xətlər üzrə hərəkətini tamamilə fərqli formada təşkil edəcək. Bu məsələ özlüyündə nə qədər qlobal məsələni qaldırır. Sərnişin təhlükəsizliyi metropoliten üçün bir nömrəli vəzifə olduğundan məsələ təkcə platforma qapısını quraşdırmaq deyil, bütün məsələlərin təhlükəsizlik prizmasından sistemli və kompleks formada baxılmasını tələb edir".

ŞƏRH YAZ
Ad

E-mail

Şərh