Banner

Bakıda belə yol nişanları sürücülərin cərimələnməsinə səbəb olur - Nə etməli? - FOTO - VİDEO

Yazarlar 9 Dekabr 2025 19:48 Oxunub 314
Bakıda belə yol nişanları sürücülərin cərimələnməsinə səbəb olur - Nə etməli? - FOTO - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Bakıda Ağ şəhərdə, 6-cı park küçəsində yolda xətlənmədə anlaşılmazlıq olduğu üçün sürücülər cərimələnir. Avtosfer.az xəbər verir ki, bu barədə sürücü Ömər Nizaməddin oğlu Şirvanlı BAKU.WS-in "qaynar xətti"nə şikayətində bildirib. Onun sözlərinə görə, həmin ərazidə əvvəllər düz xətt olub. Sonradan əraziyə qırıq-qırıq xətt çəkilib.

Bakıda belə yol nişanları sürücülərin cərimələnməsinə səbəb olur - Nə etməli?

"Yolun xətlənməsi keyfiyyətsiz olduğu üçün aydın görünmür. Bu səbəbdən də, ərazidə dönmə əməliyyatı edərkən müşahidə kamerasına düşmüşəm. Kamerada düz xətt göründüyü üçün mənə cərimə gəlib. Lakin ərazidə əslində qırıq-qırıq xətdir", - deyə sürücü şikayətlənib. Qeyd edək ki, bu tipli şikayətlərin çox olmasını nəzərə alaraq məsələ barədə mütəxəssisə müraciət etdik.

Nəqliyyat eksperti Elməddin Muradlı açıqlamasında bildirdi ki, burada birbaşa sürücülər məsuliyyət daşıyır. Onun sözlərinə görə, vətəndaşlar hər kiçik məqama diqqətlə yanaşmalıdırlar.

Bakıda belə yol nişanları sürücülərin cərimələnməsinə səbəb olur - Nə etməli?

"Burda vətəndaş səhvə yol verib. Çünki o qırıq xətti ora kimsə əlin dinc qoymayıb, çəkib. O qanuni şəkildə çəkilmiş qırıq xətt deyil.

Bir çox sürücü, yəni yol hərəkəti qaydalarını bilən, ona əməl edən sürücü kənardan baxan kimi bilir ki, yəni, kustar üsulla, orada yaşayan işləyən kiminsə təxəyyülünün məhsuludur. Yəni o qanuni bir şey bir qırıq xətt deyil", - deyə ekspert bildirib.

Elməddin Muradlı onu da vurğulayıb ki, burda sürücünü də günahlandırmaq olmaz:

"Sürücü bunu hardan bilsin. Sürücünün elə bir imkanı yoxdur ki, gəlib qırıq xəttin qarşısında düşüb, harasa zəng vursun, soruşsun ki, qardaş, bu qırıq qanunidir, yoxsa qanunsuzdur.

Aidiyyatı qurumların üzərinə burda məsuliyyət düşür ki, vaxtında belə nöqsanlı əraziləri aşkar etsinlər. Hardasa cəriməyə səbəb olan, vətəndaşları narazı salan bir yer varsa, vaxtında aşkarlansın. Bu tipli problem aradan qaldırılsın ki, vətəndaş da bilərəkdən və yaxud da bilməyərəkdən gəlib o cəza ilə üzləşməsin".

Ekspert onu da vurğulayıb ki, qanunvericiliklə yol nişanlarına və nişanlanma xətlərinə hansısa müdaxilə məsuliyyət yaradır.

"Bu ərazilər ciddi şəkildə muayinə olunmalıdır və sürücüləri çaşdıran, onların cərimələnməsinə səbəb olan, hətta qəzaya səbəb ola biləcək bu cür neqativ hallar dərhal aradan qaldırılmalıdır".

Məsələ ilə əlaqədar Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin Təbliğat və ictimai işlər üzrə rəisi, polis mayoru Toğrul Nəsirli bildirib ki, sürücülər yol nişanlarına, yol hərəkət hissəsinin işarələrinin tələblərinə və işıqforun tələblərinə riayət etməlidirlər.

Bakıda belə yol nişanları sürücülərin cərimələnməsinə səbəb olur - Nə etməli?

"Nəzərə almaq lazımdır ki, Yol Hərəkəti Qaydasının pozulması yol hərəkətinin baş verməsi riskini artırır və öz növbəsində inzibati məsuliyyət yaradır.

Qayda pozuntuları ərazidə xidmət aparan yol patrul xidməti əməkdaşları tərəfindən vizual şəkildə və xüsusi texniki vasitənin köməyilə aşkarlanaraq sürücü barəsində qanuna müvafiq qaydada tədbirlər görülür.

İnzibati məsuliyyətə cəlb olunan şəxs ona tətbiq edilən protokolla razılaşmadıqda rəsmi qaydada müraciət ünvanlayır. Müraciət əsasında araşdırma aparılır. Araşdırmaya uyğun məsələyə hüquqi qiymət verilir", - deyə qurum rəsmisi bildirib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh