Bakıda qəribə yerüstü keçid: Ya hotelə aparır, ya da ölümə - VİDEO

Hotel üçün qanunsuz yürüstü piyada keçidi tikilib
Şəhər həyatında piyada keçidləri həm təhlükəsizliyin, həm də şəhərsalmanın əsas elementlərindən biri hesab olunur. Lakin bu keçidlər heç də həmişə insanların təhlükəsizliyi üçün inşa edilmir. Məsələn, Salyan şosesinin 14-cü kilometrliyində tikilən yerüstü keçid insanların üzünə qapalıdır.
Avtosfer.az-ın məlumatına görə, məsələ ilə bağlı "Bakupost"a müraciət edən vətəndaş Tural Həsənov iddia edir ki, həmin keçid hotel tərəfindən zəbt olunub, bu da insanlar üçün ciddi təhlükəyə yol açır:
“7-8 zolaqlı, yüksək sürətli yoldu, həm də arakəsmələr keçməyə mane olur. Yolda keçid var, amma sakinlər istifadə edə bilmir. Bu yolu keçmək çox təhlükəlidi. Bilməyən adamlar gəlirlər, keçidin girişini axtaranda çaş-baş qalırlar”.
Məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat katibi Anar Nəcəfli bildirib ki, keçidi təmsil etdiyi qurum tikməyib.
Belə çıxır ki, həmin keçidi “Green City” hoteli tikib, buna görə də keçiddən yalnız hotelin müştəriləri və əməkdaşları istifadə edirlər. Keçidə giriş sadəcə hotelin həyətindəndir və iaşə obyektini şosenin digər tərəfindəki hissə ilə birləşdirir. Maraqlısı budur ki, həmin ərazidə, xüsusilə keçidin yaxınlığında heç bir alternativ piyada keçidi yoxdur.
Elə biz də müraciəti araşdırmaq üçün əraziyə gedəndə oxşar mənzərənin şahidi olduq. Belə ki, yerüstü keçidi görüb uzaq məsafədən yolu keçmək üçün gələn turistlər girişin hoteldən olduğunu görüb təəccübləndilər. Nəticədə yolu keçməyə müvəffəq olmayan qonaqlar kor-peşman keçid axtara-axtara geri qayıtdılar.
Sual yaranır: Niyə bu qədər strateji bir ərazidə, insanlar üçün açıq və təhlükəsiz keçid əvəzinə, yalnız bir kommersiya obyektinin maraqlarına xidmət edən qapalı keçid inşa olunur? Ümumiyyətlə, özəl müəssisələrin keçid inşa etmək hüququ varmı?
Elə bu suallarla Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə müraciət etdik. Qurumdan bildirildi ki, özəl ictimai-iaşə obyektləri və ya digər təsərrüfat subyektlərinin müstəqil qaydada yerüstü piyada keçidi tikməsi qanunvericilikdə nəzərdə tutulmayıb. Əslində 2018-ci ildən obyektlərin tikintisinə və istismarına icazələrin verilməsi səlahiyyəti Dövlət Şəhərsalma və Arxitektura Komitəsindədir. Lakin araşdırmamız nəticəsində məlum oldu ki, sözügedən keçid 2018-ci ildən əvvəl tikilib. Bu səbəbdən müraciət ünvanımız da dəyişdi. Səbail rayon İcra Hakimiyyətinə keçidin tikintisinə hansı əsasla icazə verilməsi barədə sorğu ünvanladıq. İcra Hakimiyyətinin müvafiq açıqlamasını da işıqlandıracağıq.
Qeyd edək ki, “Green City” hotelinin mətbuat xidməti ilə də əlaqə saxladıq. Açıqlama veriləcəyi bildirilsə də, hələlik hər hansı məlumat göndərilməyib.
"Milli namus məsələsi" - "Şantaj çetesi" belə ifşa olundu - VİDEO
Üzərlik: Mistik inanc, yoxsa narkotik vasitə? – Rusiyada qadağan edilən bitkinin sirri
Bakıda avtobus və metroda gediş haqları məsafəyə görə təyin olunacaq?
Azərbaycanın hava məkanı üzərindən tranzit uçuşlar 360 faiz artıb - FOTO
Bakı-Sumqayıt yolunda hərəkət daha rahat olacaq - Ekspert DANIŞDI
“BakuBus”da 205 saylı marşrut ləkəsi, 72 saylı marşrut sürücülərinin dərəbəyliyi
İşıqlandırılmayan yollar və ya qaranlıqda baş verən qəzalar niyə artır?
Göydələn sakinlərinin yerdə maşın saxlama dərdi
Qarlı havada baş verən qəzada zərəri kim ödəyir?
Moped sürücülərinə VACİB XƏBƏR: Qeydiyyat və sürücülük vəsiqəsi tələb olunacaq
Yerüstü nəqliyyat metrodan daha cəlbedicidir - Səbəb NƏDİR?










