Bakıda taksi “qiyaməti” olacaq - şayiə, yoxsa...

Yazarlar 8 Sentyabr 2023 15:00 Oxunub 3038
Bakıda taksi “qiyaməti” olacaq - şayiə, yoxsa...
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Bəzi taksi operatorları oktyabrın 1-dən qüvvəyə minəcək qərarı sabotaj edir; ekspert: “Onlar sürücülərin ayağa qalxmasını, qanunun ləğvini istəyirlər”

Sosial şəbəkələrdə Bakıda taksi fəaliyyəti ilə bağlı ilginc iddialar yayılıb. Bu iddialarda deyilir ki, oktyabrın 1-dən etibarən paytaxtda taksilərin işləməyəcəyi, bununla bağlı proqramların bağlanacağı bildirilir.

O da iddia edilir ki, oktyabrın 2-si, ən geci ayın 3-ü elan olunacaq ki, layihə hələlik qeyri-müəyyən müddətə dayandırılıb. “Təbii ki, həmin gün taksi kimi işləyən olacaq. Sosial şəbəkələrdə yaxalarında bənövşəyi qalstukla çıxıb "ayda 2000 qazanıram deyənlər" hamıdan bir az tez tərpənib DSMF-dən də keçiblər. Vergilərini də veriblər, maşınlarına elan da yapışdırıblar, məktəb oxuyub sertifikat da alıblar deyə işləyəcəklər.  Amma layihənin 2 gündən sonra dayanacağını bilmədiklərindən, ən çox zərəri də onlar çəkəcəklər. Ən azı 300-400 manat ziyandadırlar", - deyə status paylaşılıb.

Qeyd edək ki, bu xəbərdən anlaşılan odur ki, oktyabrın 1-dən taksi sürücülərinin istifadə etdikləri müştəri qəbul etmələri üçün nəzərdə tutulan proqram fəaliyyətini dayandıracaq. Və həmin proqramın açılması da mümkün görünmür. Həmçinin DSMF-dən keçərək, vergi ödəyib taksi sürücüsü kimi fəaliyyət göstərən şəxslərin də istədikləri olmayacaq. Çünki onlar da məlum proqramdan istifadə edə bilməyəcəklər.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi oktyabrın 1-dən taksi fəaliyyətini tənzimləyən qanunvericiliyin qüvvəyə minməsi ərəfəsində özünün tədris mərkəzində taksi sürücüləri üçün intensiv dərslər keçirir.

Maraqlıdır ki, son bir həftə ərzində 2000-dən çox taksi sürücüsü bu tədbirlərdə iştirak üçün müraciət edib.

Onların səylərinin nəticəsi bu gün qeyd edilib, imtahandan uğurla keçənlərə sertifikatlar təqdim olunub.

“Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, taksi sürücüləri sərnişinlərin avtomobil daşımalarını tənzimləyən etika və qanunvericilik əsasları üzrə ixtisaslaşdırılmış təlimlərdən keçməlidirlər.

Bu strukturlaşdırılmış təlimlər təkcə taksi sürücülərinin bacarıq və biliklərini artırmaq üçün deyil, həm də vətəndaşlara xidmət səviyyəsini yüksəltmək məqsədi daşıyır.

Bu maarifləndirici tədbirlər sinif otaqlarında və təcrübə meydançalarında təcrübəli müəllimlər və fənni yaxşı bilən təcrübəli təlimçilərlə keçirilir.

Bu tədris modullarına yazılmaq istəyən taksi operatorları rahatlıqla Bakı şəhəri Ziya Bünyadov prospekti 39C ünvanında yerləşən tədris mərkəzi ilə əlaqə saxlaya bilərlər.

Bundan əlavə, AYNA-nın xüsusi “1181" zəng mərkəzi sorğular və qeydiyyat üçün köməklik göstərmək üçün əlçatandır.

İştirakın əhatə dairəsini nəzərə alaraq, təlimə operativ yanaşma qəbul edilib.

Peşə Təhsili üzrə Dövlət Agentliyi ilə əməkdaşlıq çərçivəsində ayrı-ayrı peşə məktəblərində təlim təşəbbüslərinə start verilib.

BNA vaxtında işini düzgün qurmadığı üçün "Bakubus"ın avtobusları Hövsanda  çürümək üzrədir" - <a href=Avtosfer.az" src="https://avtosfer.az/upload/news/3260877.jpg" />

Elməddin Muradlı 

Nəqliyyat eksperti Elməddin Muradlı “Yeni Müsavat”a bildirdi ki, bu mövzu hazırda gündəmdə deyil. Ekspertin sözlərinə görə, bəzi taksi operatorları oktyabrın 1-dən qüvvəyə minəcək qərarı qəbul etmək istəmirlər: “Əksər taksi operatorları yeni tələblərdən narazıdırlar, çünki onlara sərf etmir. Şirkətlər sürücüləri seçmək istəmirlər. Yoldan keçəni sürücü kimi işə götürüb qazancı artırmaqda maraqlıdırlar. Sürücülər təftiş edilsə, lazımi kriteriyalara cavab verməyənlərin sayı çox olacaq. Fərqlənmə nişanı, sertifikat və s. sənədləri olmayan sürücülərlə işləsə, cərimə qaçılmazdır. Bu qanunsuz fəaliyyət hesab olunur. Bakıda təxminən 70 mindən çox taksi sürücüsü var. Onlar sürücülərin ayağa qalxmasını, qanunun ləğv olunmasını istəyirlər. Halbuki qanun inkişafa yönəlib. Yeni qanun sürücüləri  müvafiq tələblərə riayət etməyə çağırır. Heç bir şirkətə "ölkədən çıx" deyilmir, yaxud sürücülərin fəaliyyəti məhdudlaşdırılmır. Burada məsələ şirkətlərin özbaşınalığa meyl etməsidir. Yeni qanun xaotik vəziyyəti aradan qaldırmaq məqsədi daşıyır. Sürücü təlim keçməlidir, etik davranış qaydalarını bilməli, yolları tanımalıdır".

Məsələyə Yerüstü Nəqliyyat Agentliyi də münasibət bildirib. Qurumdan qeyd edilib ki, növbəti ayın 1-dən taksi fəaliyyətinin dayandırılacağı ilə bağlı məlumatlar əsassızdır: “Qanunvericiliyə olunan dəyişikliklər taksi xidməti sektorunda bir sıra yenilikləri nəzərdə tutur”.

Belə ki, taksi sifarişi operatoru fəaliyyəti göstərmək üçün dövlət rüsumu ödənməlidir. Digər yeniliklər isə buraxılış vərəqəsi və icazə kartı ilə bağlıdır. Buraxılış vərəqəsi taksi fəaliyyəti göstərmək istəyən hüquqi şəxslərə və ya fərdi sahibkarlara təqdim olunan icazə növüdür. Buraxılış kartı isə taksi kimi istifadə olunan nəqliyyat vasitəsi üçün nəzərdə tutulub.

Taksi sifarişi operatoru fəaliyyəti göstərmək üçün icazə, buraxılış vərəqəsi və buraxılış kartı 7 il müddətinə verilir.

Xatırladaq ki, Prezident İlham Əliyev avqustun 18-də “Avtomobil nəqliyyatı haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanunu təsdiqləyib. Oktyabrın 1-dən qüvvəyə minəcək yeni qanunla sərnişin və yük daşımaları sahəsində bir sıra yeniliklər olacaq, o cümlədən taksi kimi istifadə edilən nəqliyyat vasitələrində taksometrlər quraşdırılacaq. Taksi sifarişi operatorları tərəfindən nəqliyyat sahəsində qanunvericiliyin pozulmasına görə yeni cərimələr tətbiq ediləcək.

Qanuna əsasən, taksi sifarişi operatorları tərəfindən “Avtomobil nəqliyyatı haqqında” Qanunla müəyyən edilmiş tələblərin pozulmasına, yəni:

- "Fərdi məlumatlar haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, fərdi məlumatların informasiya sistemlərinin dövlət qeydiyyatından keçirilməməsinə və fərdi məlumatların mühafizəsi ilə bağlı tələblərə riayət olunmamasına;

- hər bir taksi sifarişi üzrə siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilən məlumatların, o cümlədən sürücünün iş və istirahət rejimlərinə riayət olunmasına nəzarət məqsədilə sürücü barədə məlumatların müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə real vaxt rejimində ötürülməsinin təmin edilməməsinə;

“Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarına icazənin verilməsi üçün tələb olunan sənədlərin daşıyıcılarda olmasına nəzarət edilməməsinə,

- icazəsi olmayan daşıyıcıya taksi sifarişi xidmətinin göstərilməsinə görə vəzifəli şəxslər on min beş yüz manat məbləğində, hüquqi şəxslər iyirmi min manat məbləğində cərimə ediləcək.

Eyni zamanda layihəyə əsasən, icazə olmadan taksi sifarişi operatoru kimi fəaliyyət göstərilməsinə görə vəzifəli şəxslər iyirmi min manat məbləğində, hüquqi şəxslər qırx min manat məbləğində cərimə ediləcək.

Qanun 2023-cü il oktyabrın 1-dən qüvvəyə minəcək.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh