Banner

Bakının avtobus, tıxac, taksi dərdi - Prezidentdən mühüm sərəncam

Yazarlar 26 Oktyabr 2023 14:18 Oxunub 710
Bakının avtobus, tıxac, taksi dərdi - Prezidentdən mühüm sərəncam
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Elməddin Muradlı: “Çox təəssüf ki, əvvəlcədən bu sistemin başında dayananlar yarıtmaz işlər görüblər, ona görə də...”

Paytaxt Bakının sağalmayan “xəstəliyi” daha da şiddətlənir. Söhbət hamını təngə gətirmiş tıxaclardan, taksi, ictimai nəqliyyat - avtobus, metro problemlərindən gedir. Düzdür, müvafiq qurumlar mütəmadi olaraq müxtəlif yeniliklər tətbiq edir, bununla vəziyyətin yaxşılaşacağına ümid bəsləyirlər. Lakin görünən odur ki, nə ictimai nəqliyyatda gediş haqqının artmasından sonra avtobus parkı yeniləndi, keyfiyyət yaxşılaşdı, nə avtobus zolaqları sərnişindaşımada ciddi nəticələr verdi, nə də taksi fəaliyyəti ilə bağlı bir müddət öncə qüvvəyə minmiş qaydalar işlədi.

Bəs Bakıda niyə bu problemləri həll etmək olmur? Bunlar kompleks şəkildə həll edilməli məsələlərdirmi? Ayrı-ayrılıqda verilən qərarlar heç bir nəticə vermirsə, daha nə etmək olar? Dünyanın bu problemi çözmüş ölkələrinin təcrübəsindən yararlanmaq mümkündürmü?

Qeyd edək ki, bu problem dövləti də ciddi narahat edir. Artıq məsələ ilə bağlı Prezident səviyyəsində qərar verilib. Belə ki, oktyabrın 25-də Prezident İlham Əliyev Bakıda nəqliyyat sıxlığının azaldılması ilə bağlı sərəncam imzalayıb. “Böyükşor-Pirşağı avtomobil yolunun layihələndirilməsi və tikintisi ilə bağlı tədbirlər haqqında” adlanan Sərəncamda  Bakı şəhərində nəqliyyat sıxlığının azaldılması məqsədilə uzunluğu 12,7 km olan altı hərəkət zolaqlı Böyükşor-Pirşağı avtomobil yolunun layihələndirilməsi və tikintisi üçün Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ilkin olaraq 4,7 milyon (dörd milyon yeddi yüz min) manat ayrılıb.

Maliyyə Nazirliyi bu sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin edəcək.

İqtisadiyyat Nazirliyi bu sərəncamın 1-ci hissəsində göstərilən avtomobil yolunun tikintisinin başa çatdırılması üçün zəruri olan maliyyə vəsaitini Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi layihəsində dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə nəzərdə tutacaq.

Nazirlər Kabineti isə bu sərəncamdan irəli gələn məsələləri həll edəcək.

Gediş haqlarının artması problemləri... - Elməddin Muradlıdan ŞƏRH -  <a href=Avtosfer.az" src="https://avtosfer.az/upload/news/3344829.jpg" style="height:481px; width:860px" />

“Faktiki olaraq bu gün Bakı şəhərinə 60-70, bəlkə də daha çox metro stansiyası lazımdır”

Mövzu ilə bağlı nəqliyyat üzrə ekspert Elməddin Muradlı “Yeni Müsavat”a danışıb: “Bakının avtobus, tıxac, taksi dərdini ona görə çözmək olmur ki, əvvəldən Bakının nəqliyyat sistemi sağlam təməl üzərində olmayıb və buna görə də bu gün bu problemi  həll etmək o qədər də asan deyil, çətin mexanizmdir. Ümumiyyətlə, nəqliyyatın özü canlı mexanizmdir və bunu  çox qısa  müddətdə həll etmək ağlabatan iş deyil. Bu baxımdan, düşünürəm ki, xeyli vaxt itirəcəyik.

Çox təəssüf ki, əvvəlcədən bu sistemin başında dayananlar yarıtmaz işlər görüblər, xüsusən də keçmiş nəqliyyat naziri Ziya Məmmədov və onun komandası. Onun nəticəsidir ki, bu gün bu sistemi qurub, başa çatdırmaq mümkün olmur. Hara əl atırsan, ortaya bir problem çıxır, özü də böyük bir problem. Ona görə də “Bu məsələləri tez bir zamanda həll edə bilərikmi?” sualına birmənalı şəkildə cavab vermək olmur, çünki bu, mümkün deyil. Belə olan halda hələ xeyli müddət gözləmə mövqeyində olmalıyıq. Daha doğrusu, gözləməli bir şey yoxdur, çünki bütün məsələlər demək olar ki, ortadadır və hamı bilir ki, problem nədir. Belə ki, avtobusların sayı kifayət qədər deyil, azdır və bu az sayla böyük iş görə bilərikmi sualı açıq qalır.

Bu gün Bakı şəhərinə konkret olaraq, 2600 avtobus lazımdır, amma faktiki olaraq, xəttə 2000 sayda avtobus çıxır. 600 avtobusun ölkəyə gətirilməsi böyük məsələdir. Bir avtobus üçün 300-450 min manat lazım olduğunu düşünəndə cəmi nə qədər vəsait lazım olduğunu hesablamaq olar. Bunu sahibkarın üzərinə qoymaq olarmı? Əlbəttə olar, amma bunun qarşılığında sahibkara  dotasiya, subsidiya vermək lazımdır. Dövlət isə hələ ki bunu vermir və verdiyini də dayandırdı. Ona görə də sahibkar inkişafa maraq göstərmir.

“Bunlar kompleks şəkildə həll edilməli məsələlərdir” sualına gəldikdə, əlbəttə, bütün bunlar kompleks şəkildə həll olunmalıdır. Çünki tıxacın  qarşısını almaq üçün avtobus zolağı yaradırıq. Bunu da yaradanda avtomatik nəqliyyatın hərəkəti parçalanır, yəni şəxsi avtomobillərlə hərəkət edənlər bir növ əziyyət çəkirlər ki, zolaq var. Bunun qarşılığında avtobus, ictimai nəqliyyat lazımdır və avtobus sayını da artırmaq lazımdır. Bu gün nə qədər sınıq-salxaq avtobus varsa, hamısını xəttə buraxırlar ki, işləsin. Bu dayanıqlıdırmı? Əlbəttə ki, xeyr. Problemlər buradan  başlayır".

Elməddin Muradlı qeyd edib ki, ictimai nəqliyyatın digər qolları olan trolleybus, tramvayın olmaması, metro stansiyalarının az olması da bu məsələyə təsir edir: “Faktiki olaraq bu gün Bakı şəhərinə 60-70, bəlkə də daha çox metro stansiyası lazımdır. Ancaq Bakı Metropoliteni bunu metro şəbəkəsi şəklində qura bilməyib, sadəcə, kağız üzərində layihələrdə saxlayıb. Niyə? Çünki Tağı Əhmədov illərlə "yedi, dağıtdı", ondan sonra gələnlər də bir iş görə bilməyiblər. Doğrudur, çalışırlar ki, nəsə etsinlər, amma ortada bir iş yoxdur.

Bəli, ayrı-ayrılıqda verilən qərarlar da heç bir nəticə vermədi. Ona görə də cənab Prezidentin sərəncamı ilə Nəqliyyatı Əlaqələndirmə Şurası yaradıldı. Bu şuranın fəaliyyəti hələlik gözə çarpmır, ola bilsin kabinetlərdə görüşür, müzakirələr aparır, qərarlar qəbul edirlər, amma faktiki olaraq biz geniş tərkibdə iclaslar, müzakirələr, nələrsə görmürük. Mənə elə gəlir ki, cənab Prezidentin tapşırdığı siyasəti icra etsələr, birgə fəaliyyət göstərsələr, bir-birinə qarşı təkəbbürlü olmasalar, mütləq bu məsələlər öz həllinin tapacaq. Ən yaxşısı vahid bir mərkəzdən idarə etmədir, hansı ki, biz bunu arzulayırıq, amma çox təəssüf ki, hələ ki, reallıqda bir şey görünmür".

Ekspert qeyd edib ki, dünya təcrübəsindən yararlanmaq ən əlverişli, mükəmməl variantdır: “Bunun həlli yolları var və Azərbaycan bunun öhdəsindən gələ bilər. Sadəcə, necə gələ bilər - məsələ budur. Dünya təcrübəsini öyrənmək olar, bu, qaçılmazdır, lazımdır. Amma baxır hansı ölkələrin təcrübəsinə. Məsələn, elə ölkələrin təcrübəsini öyrənə bilərik ki, həmin ölkələrdə heç bir məmur gəlib piyada səkisinin üzərində bina, villa tikmir, başqalarının yolunu kəsmir”.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh