Reklam

Biz texniki baxışdan keçdik; bəs siz?

Yazarlar 28 İyul 2014 14:21 Oxunub 4231
Biz texniki baxışdan keçdik; bəs siz?
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Texniki baxışdan keçməyənləri 50-300 manat cərimə gözləyir

İyulun 31-də əksər sürüclərin «inamarka» adlandırdığı xarici ölkələrdə istehsal olunmuş minik avtomobillərinin texniki baxış müddəti başa çatır. Bunu nəzərə alıb, biz də bir qrupp jurnalist olaraq avtomobilimizi texniki baxışa apardıq. Maştağa qəsəbəsində yerləşən texniki baxış məntəqəsində jurnalist olduğumuzu demədən prosesi həm ihlədik, həm də öz avtomobillərimizi texniki baxışdan keçirdik. Əlbəttə, texniki baxışı getməzdən əvvəl avtomobilin saz vəziyyətdə olduğunu yoxlatdırmışdıq. Eyni zamanda, avtomobillərin hər biri dərman qutusu, üçbucaq qəza-dayanma nişanı və ya yanğınsöndürən cihazla təmin edilmişdi. Çünki adətən yol polisi əməkdaşları texniki baxış zamanı bu üç avadanlığın avtomobildə olmamasını əsas gətirib «dolayı yollara» əl atırlar. Odur ki, biz işimizi bəri başdan ehtiyyatlı tutduq. Bəzi sürücülər bu cihazlar olmadığı üçün hay-küy salıb texniki baxışdan keçməyə, bəziləri isə şirin dilini işə salıb «buran çıxan kimi alıb qoyacam» deyərək məsələni həll etməyə çalışırdılar. Lakin unutmaq olmaz ki, bu üç avadanlığın avtomobildə olması yol polisinə yox, elə sürücünün özünə lazımdır.

Beləliklə, avtomobillərimiz bir-bir texniki baxışa təqdim olundu. Hər bir avtomobilin havaya buraxdığı zəhərli qazın miqdarı ölçüldü, sükan idarəetmə sistemi yoxlanıldı, əyləc sisteminə diqqət yetirildi, təkərlərin normaya uyğun olub-olmadığı yoxlanıldı. Eyni zamanda, avtomobillərin işıq sisteminə də baxış keçirildi. Dostlarımızdan birinin avtomobilinin qabaq faralarında işıq cihazlarında problem ortaya çıxdı. Lakin elə qısa müddətdə məlum oldu ki, lampa boşalıb deyə işıq yanmır. Problemi yerindəcə həll etdikdən sonra nəzarətçilər avtomobillərdə dərman qutusu, qəza-dayanma üçbucağı və yanğınsöndürən cihazın olub-olmadığını yoxladılar. Bütün avtomobillərdə hər şey qaydasında idi. Deyəsən, texniki baxış məntəqəsinin əməkdaşları çaş- baş qalmışdılar. Çünki nöqsan tapa bilmirdilər. Əvvəlcə bizim əcnəbi vətəndaşlar olduğumuzu güman etdilər. Lakin azərbaycanlı olduğumuzu bildirdikdə təəccübləndilər ki, ilk dəfədir ard-arda 6 avtomobil texniki baxışdan keçir və heç birində də problem yoxdur. Biz yenə də heç bir söz demədən prosesi mərhələli şəkildə başa çatdırıb kassaya yaxınlaşdıq. Hər birimiz növbə ilə dövlət rüsümunu ödəyib birkaları alıb kənarlaşdıq. Məntəqəni tərk etməzdən əvvəl yol polisi zabitləri yaxınlaşıb nümunəvi sürücü kimi təşəkkür etdilər. Elə bu zaman onlara urnalist olduğumuzu bildirdik və təhlükəsizliyimizi hər zaman düşündüyümüzü də söylədik. Dostlardan birinin bu sözü ətrafda dayanıb bizi seyr edən sürücüləri təəccübləndirdi. Bu, çox maraqlı və həmişə deyilən sözdür. Texniki cəhətdən nasaz maşın sürmək yol polisi üçün yox, elə həmin sürücünün özü, ailəsi və ətrafdakı insanlar üçün təhlükədir. Texniki cəhətdən nasız maşın sürmək tabutə təkər taxıb içində oturmaq kimi bir şeydir.

Allah hər kəsə bir ömür verib, gəlin bu ömrü normal yaşayaq. Bir apteçkayla, bir yanğınsöndürən cihazla 5 dost texniki baxışdan keçir, bir-birinə ötürə-ötürə məsələni yola verirlər. Amma gəlin görək həmin o 5 dostun birinin maşını yansa onlardan hansı biri yanğınsöndürəni ona vaxtında ötürə biləcək? Əlbəttə, heç vaxt. Odur ki, texniki baxışdan mütləq keçmək lazımdır. Əmin olun ki, siz həqiqətən də texniki cəhətdən saz vəziyyətdə olan avtomobil idarə edirsiniz. Avtomobilə nə qədər xərc çəkib bəzək vuranlar, bahalı disk-təkərlə maşın sürənlər, o disklərdən birinin pulu ilə dərman qutusu, uçbucaq və yanğınsöndürən cihaz da ala bilərsiniz. Hansısa qəza baş verdikdə sizin köməyinizə bahalı disk yox, məşz o avadanlıqlar gələ bilər.

Hər halda, biz normal şəkildə texniki baxışdan keçdik. Yaratdıqları şəraitə, eləcə də bizi süründürməçiliyə salmadıqlarına görə texniki baxış məntəqəsinin rəhbərliyinə və əməkdaşlarına təşəkkür edirik. Amma kiminsə bu məntəqədən narazılığı varsa, Avtosfer.az saytı məsələni işıqlandırmağa hər zaman hazırdır.

Avtomobilinizi sazlayın ki, kefiniz həmişə saz olsun!

 

Elməddin Muradlı

 

 

P.S. Ölkədə qeydiyyatda olan mexaniki nəqliyyat vasitələri, onların qoşquları və yarımqoşquları istehsal olunduqları vaxtdan dörd il keçdikdə iki ildə bir dəfə, istehsal olunduqları vaxtdan on il keçdikdə ildə bir dəfə texniki baxışa cəlb olunurlar. Avtobuslara, icazə verilən maksimum kütləsi 3,5 tondan artıq olan yük avtonəqliyyat vasitələrinə, təhlükəli yüklərin daşınması üçün xüsusi təyinatlı texniki təhlükəsizlik üzrə uyğunluq sertifikatı olan nəqliyyat vasitələrinə isə istehsal olunduqları vaxtdan bir il keçdikdə ildə bir dəfə texniki baxış keçirilir. Yeni qanunla 2003-cü ilə qədər olan (2003-də daxil olmaqla), 2005, 2007, 2009-cu illərin istehsalı olan mexaniki nəqliyyat vasitələrinin (Xarici dövlətlərdə və onların baza modelləri əsasında MDB-də istehsal olunan minik avtomobilləri üçün) texniki baxışdan keçmə vaxtı cari ilin may ayının 1-də başlayıb və avqust ayının 1-də başa çatacaq. Göstərilən vaxtda avtonəqliyyat vasitələrinə texniki baxış nəqliyyat vasitəsinin qeydiyyat yerindən asılı olmayaraq sahibinin istəyinə uyğun Baş Dövlət Yol Polisi İdarəsinin Bakı şəhəri Sabunçu rayonu Maştağa qəsəbəsində yerləşən, müasir avadanlıq və ölçü cihazları ilə təchiz edilmiş texniki müayinə mərkəzində və ya respublikanın digər rayonlarındakı regional qeydiyyat-imtahan və texniki baxış şöbələrində həftənin bütün günləri, fasiləsiz olaraq keçirilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 154.1 maddəsinin tələbinə müvafiq olaraq, nəqliyyat vasitələrinin sahibləri və ya sürücüləri tərəfindən müəyyən edilmiş qaydada və müddətdə (müddətin son tarixi texniki baxış talonunun üzərində dəlik vasitəsilə qeyd olunur) nəqliyyat vasitəsini dövlət qeydiyyatından və ya texniki baxışdan keçirmədən idarə etməyə görə fiziki şəxslər 50 manat miqdarında, vəzifəli şəxslər 100 manat miqdarında, hüquqi şəxslər 300 manat miqdarında cərimə edilirlər. Məcəllənin 154.1-ci maddəsində nəzərdə tutulmuş nəqliyyat vasitəsini dövlət qeydiyyatından və ya texniki baxışdan keçirmədən idarə etməyə görə inzibati məsuliyyətə cəlb olunduqda 10 gün ərzində nəqliyyat vasitəsini dövlət qeydiyyatından və ya texniki baxışdan keçirməlidir. Bu müddət ərzində şəxs həmin əməlin törədilməsinə görə təkrarən inzibati məsuliyyətə cəlb olunmur. Qeyd olunan müddət ərzində həmin nəqliyyat vasitəsinin texniki baxışdan keçirilmədən idarə edilməsinə görə fiziki, vəzifəli və hüquqi şəxslər təkrar məsuliyyətə cəlb edilirlər.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh