Banner

Cəmiyyəti ictimai nəqliyyatdan narazı salan SƏBƏBLƏR – Niyə hər kəs şəxsi maşınlara ÜZ TUTUR?

Yazarlar 11 Oktyabr 2023 11:09 Oxunub 620
Cəmiyyəti ictimai nəqliyyatdan narazı salan SƏBƏBLƏR  – Niyə hər kəs şəxsi maşınlara ÜZ TUTUR?
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Bakıda sərnişinlər ictimai nəqliyyatın fəaliyyətindən narazıdır. Məhz buna görə də, avtomobil alanların sayı gündən-günə çoxalır. Bu vəziyyət tıxacların artmasına səbəb olmaqla yanaşı, ekologiyaya da mənfi təsir göstərir.

İnsanların ictimai nəqliyyatdan narazılığına səbəblər nələrdir?

Nəqliyyat eksperti Elməddin Muradlı Bizim.Media-ya bildirib ki, ictimai nəqliyyatın bu hala düşməsi insanları avtomobillərə maraq göstərməyə məcbur edib və Azərbaycanda, xüsusən də, paytaxtda belə bir vəziyyətin yaranması heç də arzuolunan hal deyil:


“Bu, bizim həyat tərzimizə çevrilib və qarşısını almaq üçün imkanlarımız hələ ki, tükənməyib. Ümumi mənzərə ondan ibarətdir ki, ictimai nəqliyyat zamanında qorunmadı, inkişaf etdirilmədi və bu hala gəlib çıxdı. Avtobusların sayı, metro şəbəkəsinin inkişafı ilə bağlı biz nə qədər çalışsaq da, yaxşı sözlər deyə bilmirik. Çünki arzuladığımız mənzərəni görmürük. 

Köhnə avtobusların dövrünə qayıtsaq, görərik ki, o dövrdə də ictimai nəqliyyata marağı inkişaf etdirmək üçün müəyyən addımlar atılmayıb və bunlar olmadıqca, inkişafdan da danışmaq düzgün olmazdı. Bu gün ictimai nəqliyyatı inkişaf etdirməyə və onlar üçün şərait yaratmağa çalışırıq. 

Amma imkanlar əvvəlki səviyyədə deyil. 

Çünki dediyim kimi, avtobus zolaqlarına imkan yaratmaq lazımdır, lakin bu, yoxdur. Ona görə ki, artıq yolları zəbt ediblər, binalar tikiblər. Səkilərdə belə hündürmərtəbəli binalar var. İnsanların orada rahat hərəkəti təmin olunmur, durum çox çətindir”.

Ekspert bildirib ki, vaxtında qabaqlayıcı tədbirlər görülməlidir:

“Tədbirlər nə qədər operativ şəkildə görülsə, bir o qədər məsələlər tez həllini tapar. Mənzərə onu deməyə əsas verir ki, görüləcək əsas işlər ictimai nəqliyyatın inkişafı ilə bağlıdır. Sırf avtobusların rahat hərəkətini təmin etmək, onların fasiləsiz bir ünvandan digərinə çatmalarına imkan yaratmaq lazımdır”. 

Pandemiya nəyi dəyişdi?

“Pandemiya dövrü də nə qədər insanı ictimai nəqliyyatdan istifadədən didərgin salıb. Panikası olan şəxslər taksilərə üz tutur və yaxud da imkan düşdükcə şəxsi avtomobil alırlar. Bu gün o şəxslər artıq ictimai nəqliyyata qayıtmırlar.

Hazırda aidiyyatı qurumlar müəyyən layihələr üzərində işləyir ki, taksi fəaliyyətindən geniş istifadə edilməsin. Çünki bu, heç də faydalı deyil. Bu addımlar, digər tərəfdən ictimai nəqliyyat üçün geniş avtobus zolaqlarının yaradılması və digər görülən işlər insanları gec-tez ictimai nəqliyyata qaytaracaq. 
Amma bu gün biz yenə də ürəkdən deyə bilmirik ki, ictimai nəqliyyatda hər şey qaydasındadır. Avtobuslarımızın sayı yenə azdır, bu barədə düşünmək lazımdır. Bu istiqamətdə çox ciddi işlər görülməlidir. Amma dediyim kimi, tükənməmişik və nə qədər ciddi mübarizə aparılsa, bir o qədər yaxşı nəticələr əldə etmək şansımız var”.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh