Banner

"Dəmir atlı" qəhrəman şəhidimizə “Azərbaycan Bayrağı” ordeni verildi - FOTO

Yazarlar 20 Fevral 2024 13:00 Oxunub 676
"Dəmir atlı" qəhrəman şəhidimizə “Azərbaycan Bayrağı” ordeni verildi  - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Sentyabrın 19-20-də Qarabağda keçirilən anti-terror əməliyyatları zamanı şəhidlik zirvəsinə ucalan qəhrəman şəhidlərimizdən Həmid Həmidli göstərdiyi şücaətə görə ölümündən sonra “Azərbaycan Bayrağı” ordeni ilə təltif olunub.

Beyləqan rayon Gənclər Mərkəzində tarixdə şəhidin xatirəsinə həsr olunmuş tədbir keçirilib, ordeni onun ailə üzvlərinə təqdim olunub.

Tədbirdə rayon rəhbərliyi, xidmət göstərdiyi Hərbi Hissənin komandiri və şəxsi heyəti, ailə üzvləri, yaxınları, hərbçi yoldaşları, qazilər iştirak edib.

Şəhid Həmid Həmidlinin “Azərbaycan Bayrağı” ordeni ondan yadigar qalan övladına təqdim olunub.

Şəhidin valideynləri Könül Vəliyeva və Əlisahib İsgəndərov çıxış edərək qəhrəman övladları ilə fəxr etdiklərini, torpaqlarımızın azad olunmasında göstərdiyi şüacətə görə onunla hər daim fəxr edəcəklərini deyiblər.

 

Qeyd edək ki, Həmidli Həmid Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı düşmənə qarşı aparılan hərbi əməliyyatlarda iştirak edib əsl igidlik nümunəsinə çevrilib. Ömrünü, gününü və nəhayət canını torpağımızın, vətənimizin azadlığı uğrunda fəda edən, döyüşlərdə bir an belə geri çəkilməyən igidimiz İkinci Qarabağ Müharibəsindən qələbə ilə ayrılıb. Döyüşlərdə ağır yaralanmasına baxmayaraq sağalıb yenə vətənə olan borcunu ödəmək üçün hərb sahəsinə geri dönüb.

O, dəfələrlə döyüş tapşırıqlarının yerinə yetirilməsində və xidmətdə fərqlənməsinə görə Azərbaycan Ordusunda “Ən yaxşı tank bölüyü”adı uğrunda keçirilən yarışlarda, Vətən müharibəsi dövründə göstərdiyi şücaətlərinə görə hərbi hissə komandirləri və baş qərargah rəisi tərəfindən dəfələrlə medal və Fəxri fərmanlarla tərtif edilib.

 

44 günlük müharibə zamanı isə Cəbrayıl, Füzuli, Xocavəndin azad olunmasına görə medallarla təltif edilib. Həmçinin "İgidliyə görə", "Şücaətə görə", “Vətən Müharibəsi İştirakçısı” və “Cəsur döyüşçü” medallarına da layiq görülüb.

2019-cu ildə Azərbaycan Silahlı Qüvvələrinin ən yaxşı tank bölüyü komandiri seçilən baş leytenant Həmid Həmidli Vətən müharibəsi zamanı Füzuli uğrunda gedən döyüşlərdə idarə etdiyi tankla gecədən səhərədək düşmənin yüzlərlə canlı qüvvəsini, 1 hərbi yük maşınını, 1 tank və 1 PDMi məhv edib.

 

Düşmənin raket zərbəsi ilə vurduğu tankın içərisindən özünü və 3 yoldaşını sağ çıxarıb. Həmid həm də onlarla yaralı əsgərlərimizi döyüş meydanından çıxarıb. Ağır yanıq xəsarətləri alsa da, sağalıb və yenidən hərbiyə yollanıb.

Qəhrəmanımız sentyabrın 19-20-də Qarabağda keçirilən anti-terror əməliyyatları zamanı şəhidlik zirvəsinə ucaldıb.

 

Həmid torpaqlarımızı işğaldan azad edildiyi, şəhidlərimizin qanı yerdə qalmadığı üçün çox sevinib demişdi:

“Bu elə bir yol idi ki, sonu hər bir halda yaxşı olacaqdı. Ya qalib gələcəkdik, ya qazi olacaqdıq, ya da şəhadət şərbətini içəcəkdik”.

Şəhid Həmid Həmidlinin timsalında bizə Qələbə sevincini yaşadan, vətənin müstəqilliyi və istiqlaliyyəti, xalqının rifahı uğrundan canından keçərək şəhidlik zirvəsinə çatan bütün qəhrəmanlarımızı hörmət və ehtiramla yad edirik!

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh