Banner

Deputatdan yol qəzalarına aid həyəcan dolu yazı

Yazarlar 16 Sentyabr 2014 16:44 Oxunub 2146
Deputatdan yol qəzalarına aid həyəcan dolu yazı
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Adil Əliyev: «Ağır qəza törədən sürücülərin əksəriyyətinin verdiyi ilk ifadə standart olur: «Tələsirdim»

Məktəblərdə dərs başladı və yollarda yenə aləm dəydi bir-birinə. Kim haradan gəldi sürür, qarşı tərəfə keçir, yanındakı avtomobilə və yolu keçən piyadaya hörmətsizlik edir, nəticədə tıxac yaranır, nə özü düz-əməlli irəliyə bilir, nə də nizamla hərəkət edən avtomobillərə şərait yaradır. Bir qisim avtobus və taksi sürücüsündən isə danışmağa dəyməz, sanki onlar üçün heç bir qayda mövcud deyil, tətbiq olunan cəzalar onları heç qorxutmur da, 1 və ya 5 il əvvəl necə qaydasız sürürdülərsə, sükanı bu gün də eyni kobudluqla idarə edirlər. Yollarda ayrıcı xətlərdə daş plitələr ona görə inşa edildi ki, avtomobillərin qarşılıqlı toqquşma halları baş verməsin. Ancaq bu gün internetdən də izləyirik ki, bardürü aşaraq qarşı yola çıxan avtobuslar var və sanki bu elə belə də olmalıdır...

Bütün bunları müşahidə etdikdə təəssüf ki, “nədən yollarda bu qədər vətəndaşımızı itiririk” sualı təəccüblü səslənmir. Hər gün ağır yol nəqliyyat hadisəsi haqqında xəbər eşitməkdən yorulmuşuq, bunlar artıq cəbhə xəbərlərinə bənzəyir, sanki ölkədə müharibə gedir, hər il yollarda yüzlərlə vətəndaşımızı itiririk. Ağır yol nəqliyyat hadisəsi törədən sürücülərin böyük əksəriyyətinin verdiyi ilk ifadə standart olur: “Tələsirdim”. Bu, sadəcə bəhanədir, hamı tələsir, ancaq bu heç kimə əsas vermir ki, yol qaydalarını pozsun. Sənin “tələskənliyin” mənim və ya başqa birisinin nəqliyyat vasitəsinin qəzaya uğramasına, insan itkisinə yol açacaqsa, bunun hesabı qanun qarşısında ağır olmalıdır. Görünür, bu kimi sürücülərə qarşı qanunların sərtləşdirilməsinə ehtiyac var. Əslində onlar tələsmirlər, sadəcə qanunla maşını idarə etməyə hövsələləri çatmır. Hövsələsi çatmırsa, demək, beləsi elə şəkildə cəzalandırılmalıdır ki, gələn dəfə “hövsələsizliyini” və “tələskənliyini” içində boğa bilsin. Türkiyədə olduğu kimi Azərbaycanda da yolların kənarında “trafik canavarı olmayın!” reklam lövhələri vurulmalıdır ki, qayda-qanuna riayət etməyənlər həmin lövhəni görəndə özləri ilə “canavar” arasında fərq qoysunlar. Sürücülük vəsiqələrin verilməsi prosesi də ciddi nəzarət altına alınmalı, imtahanlar şəffaflaşmalıdır ki, hər “tələskən” və “hövsələsiz” asanlıqla sürücülük vəsiqəsi əldə edə bilməsin.

Sərt qanunlarla yanaşı profilaktik tədbirlərə də ehtiyac var. Bu sırada sürücülərə gün ərzində dəfələrlə yol qaydaları təkrarən izah edilməli və diqqətlərinə çatdırılmalıdır. Sürücülərin böyük əksəriyyəti yol boyu radiodakı proqramları dinləyir. Ona görə də təklif edirəm ki, radiolarda eyni vaxtda ən primitiv yol qaydaları istisnasız olaraq bütün sürücülərin diqqətinə çatdırılsın:

1. Qarşı yola keçməyin, çünki bununla ağır nəqliyyat hadisəsinin riski artır, tələsməyin, hövsələli olun! Bir neçə dəqiqəyə görə təhlükə yaratmaqla, ən “yaxşı” halda ciddi xərcə düşmək, ən “pis” halda isə həyatının sonuna qədər iztirab çəkməyə dəyərmi?

2. Vətəndaş ayağını piyada keçidinə qoyan kimi avtomobilinizi saxlayın və piyadaya yol verin. Bunu həm yol qaydası diqtə edir, bu həm də vətəndaşa verdiyiniz hörmətin əlamətidir. Necə ki, avtobus və metroda qadına, uşağa və yaşlı insana yerimizi veririk, eləcə də piyada keçidində bu mədəniyyətimizi göstərməliyik;

3. Lazım olmayan hallarda siqnaldan istifadə etməyin. Siqnallardan istifadə, sənin sağındakı, solundakı, qarşındakı avtomobili idarə edən sürücülərin, sərnişinlərin, yol keçən piyadaların, evində istirahət edən sakinlərin rahatlığını pozur. Bu qədər insana qarşı hörmətsiz davranmağa son qoyaq və siqnal xəstəliyindən qurtulaq!

4. Avtomobilinin şüşələrini qaldırıb yüksək səslə musiqiyə qulaq asmaqla başqalarını narahat edirsən. Əgər o musiqi sənə və avtomobilində əyləşən insanları feyziyab etmək üçündürsə, deməli onun səsini sizə lazım olacaq səviyyədə nizamlanmalıdır!

5. Qaydanı pozan sürücü qarşınızdadırsa, avtomobilin nömrəsini yazıb yol polisinin "Qaynar xətt - 902" nömrəsinə zəng etməyi unutmayın! Bu əsla “satqınlıq” deyil, həqiqi vətəndaşlıq borcumuzdur, qaydalara riayət etməyən sürücünün cəzalandırılması mexanizmidir. Bəlkə də bu zənglə siz hansısa vətəndaşı gələcəkdə ağır yol nəqliyyat hadisəsindən qorumuş olursunuz.

 

Adil Əliyev,

millət vəkili

ŞƏRH YAZ
Ad

E-mail

Şərh