Reklam

Doğum günün mübarək, Ağdam

Yazarlar 25 Noyabr 2020 14:57 Oxunub 1494
Doğum günün mübarək, Ağdam
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Bizə göz dağı olsun deyə Cəbrayılda, Zəngilanda, Füzulidə  olduğu kimi Ağdamda da düşmən ötən illər ərzində daş üstündə daş qoymadı. Vurdu, dağıtdı, yandırdı, yerlə yeksan etdi. Quşların yuvalarını belə uçurub, təbiətin ürəyinə dağ basdılar. İşğaldan sonra Ağdama həmişə qar yağdı. Yayın cırhacırında belə...

Bir zamanlar Xocalıya qucaq açan Ağdam pənahsız qaldı. Düşmən gülləsi Allaha açılan əlləri, dilləri susdurdu. Ağ damların qara tüstüsü Qarabağ xanlarının seyrangahını görünməz elədi. Sayseçmə igidləri bu yurdu qorumaq üçün hər qarışı uğrunda can verdi, qan verdi. Gözü göylər aynası gözəlləri çadır şəhərciklərində qarıyıb, yumağa döndü.

1993-cü ilin 23 iyulunda Ağdam işğal olundu...

Onun həsrətinə, yoxluğuna dözməyənlər bu dünyaya əlvida dedilər.

İllər keçdi, ağdamlıların 1993-cü ildə aldıqları güllə yarası sağaldı, ölənlərin yerinə hər evdən Ağdamı görməsə də onu qaytarmaq eşqi ilə düşməni diz çökdürməyə hazır olan oğullar boy verdi.

Sentyabrın 27-də “Biz gəlirik, Qarabağ!”,-deyən Azərbaycan əsgərinin səsini quşlar Ağdam torpağına da pıçıldadı. Dağılmış evlərin, xarabalığa çevrilmiş ocaq yerlərinin beli dikəldi. Torpağa basdırılmış minaların bağrında otlar göyərdi. Torpaq içindəki və üstündəki murdarları kənara atmaq üçün silkindi.

Kafirlərin şərab qoxan nəfəsindən mələkləri perik düşən məscidlərin “Allahu-Əkbər”i 27 ildən sonra böyüklüyünü göstərdi. Səndən sonra səbr sahibi olan bizmişik, İlahi. Düşməni arxayın salan bəlkə də bizim bunca səbr nümayiş etdirməyimiz oldu. O, qanımızla yoğrulmuş torpaqları unutduğumuzu zənn etdi.

SÖZÜMÜZÜN gücünə bir güllə belə atmadan qanımız tökülən torpağımızı düşməndən geri aldıq. Bütün dünya gördü ki, havada yellənən ağ bayraqlar səfi pozulmuş düşmən ordusunun son nəfəsidir.

İndi bu sirrə agah oldum ki, nə üçün “Qarabağ şikəstəsi”ni ağdamlılardan-Arif Babayevdən, Qədir Rüstəmovdan və Səxavət Məmmədovdan başqa kimsə yanıqlı oxuya bilməz. Mən indi bildim ki, o şikəstə illər öncə bu gün “ruhlar şəhəri” dediyimiz Ağdam üçün, Qarabağ üçün oxunubmuş. İlahi, necə uzaqgörən imiş babalarımız.

Ağdama,

Bu yol gedir Ağdama.

Ağdama kəc baxanın,

Gözlərinə ağ dama.

Şair də haqlı imiş:

Ağdam Qarabağın bəy otağıydı...

Yaddan çıxmadı, unudulmadı Qarabağ. Biz Qarabağı azad edib, Qarabağa döndük. Döndük ki, qanayan yarasına məlhəm olaq. Döndük ki, onu unutmadığımızın şahidi olsun. Döndük ki, onu dirçəldib, qışını bahara çevirib yenə də dünyanın cənnətinə döndərək.

Sözardı: Cənab Prezidentin Ağdama səfəri zamanı dediyi “Qoy bütün dünya görsün ki, biz necə vəhşilərlə mübarizə aparıb, onları məğlub etmişik” fikrini dərsliklərə salaq, gələcək nəsillər oxuyub, bugünümüzdən ibrət alıb daha böyük, qüdrətli Azərbaycanı qursunlar və qorusunlar.

 

Hafiz Təmirov,

polis polkovnik-leytenantı

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh