Banner

Ermənistanın sülh və insanlıq əleyhinə cinayətləri: Azərbaycan həqiqətləri dünyaya çatdırılır

Yazarlar 19 Fevral 2024 12:38 Oxunub 2376
Ermənistanın sülh və insanlıq əleyhinə cinayətləri:  Azərbaycan həqiqətləri dünyaya çatdırılır
WhatsApp kanalımıza abunə ola bilərsiniz

2020-ci ilin sentyabrın sonundan-dekabrın əvvəlinə kimi davam edən 44 günlük Vətən müharibəsində Azərbaycan öz gücünü dünyaya nümayiş etdirdi. Qısa bir dövrü əhatə etsə də bu müddət xalqımızın 30 illik həsrətinə son qoydu. Azərbaycan ərazi bütövlüyünə yenidən qovuşaraq tarixdə yeni səhifə açdı. Bu qələbədə Ali Baş Komandan İlham Əliyevin uzaqgörən siyasəti, hərbi strategiyası önəmli rol oynadı. Artıq Azərbaycan ordusu daha da gücləndirilmiş, inkişaf etmiş və zənginləşmiş hərbi texnika və strategiyaya malik idi. Həmçinin uğura gedən yolda hərbçilərimizin şücaəti, igidliyi və cəsarəti də əsas amillərdən idi.

Bu yolda canından-qanından keçərək şəhidlik zirvəsinə ucalan və qazi adını almış əsgərlərimiz qəhrəmanlıqlarıyla tarixdə iz qoydular. Həmçinin ermənilərin tarixin müxtəlif dövrlərindən başlayaraq ötən əsrin sonuna qədər davam edən işğalçılıq siyasəti törətdiyi cinayətlər də göz önündədir. Torpaqlarımızın işğalıyla yanaşı dinc əhaliyə qarşı edilən amansızlıqlar, əsir götürülənlərin işgəncə ilə öldürülməsi, cinsindən, yaşından asılı olmayaraq hər bir insanın vəhşicəsinə qətlə yetirilməsi erməni vandalizminə bariz nümunədir. Elə İkinci Qarabağ Müharibəsinə nəzər salsaq təcavüzkar Ermənistanın beynəlxalq hüququn norma və prinsiplərini dəfələrlə pozduğunun şahidi olarıq. Ermənistan Respublikasının silahlı qüvvələri 1949-cu il tarixli Cenevrə Konvensiyaları və onların Əlavə Protokollarını, BMT-nin Təhlükəsizlik Şurasının qərar və qətnamələrini, habelə elan edilmiş humanitar atəşkəs rejiminin tələblərini kobud şəkildə pozaraq Azərbaycanın dinc əhalisini qəsdən hədəfə almaqla döyüş əməliyyatlarının aparıldığı bölgəyə aidiyyəti olmayan şəhər və rayonlarımıza raket və ağır artilleriya zərbələri endirdi. 27 sentyabr - 10 noyabr 2020-ci il tarixləri ərzində Ermənistan Silahlı Qüvvələri tərəfindən vurulan zərbələr nəticəsində azərbaycanlı dinc əhalinin sıx yaşadığı rayon və şəhərlərin ərazisinə 30 minə yaxın mərmi və 227 raket atılıb.

Döyüş meydanında məğlub duruma düşən Ermənistan davamlı şəkildə Gəncəyə, Mingəçevirə, Tərtərə, Bərdəyə, Qəbələyə və digər yaşayış məntəqələrimizə raket hücumları edərək müharibə və insanlıq əleyhinə cinayətlər törədib. Mülki şəxslərimizin çoxsaylı əmlakına ciddi ziyan vurulub, yaşayış evləri, çoxmənzilli yaşayış binaları, qeyri-yaşayış sahələri dağıdılıb. Eyni zamanda bu dövrdə dinc əhali kütləvi şəkildə məhv oldu. Xüsusilə 44 günlük Vətən müharibəsində Ermənistan silahlı qüvvələri tərəfindən münaqişə zonasından kənarda yerləşən Gəncə şəhərinin mərkəzi qadağan olunmuş silahlardan, o cümlədən ballistik raketlərdən və kasetli bombalardan istifadə edilməklə intensiv atəşə tutuldu. 17 oktyabr 2020-ci il tarixində baş vermiş terror hadisəsi zamanı insan tələfatı və külli miqdarda dağıntılarla nəticələnən cinayətlər qeydə alındı. Xeyli sayda insan sağlamlığına və əmlakına dəyən ziyanla yanaşı, mənəvi-psixoloji sarsıntıya məruz qaldı. Həmin gün 4-ü qadın, 3-ü uşaq olmaqla 13 nəfər həyatını itirdi, 20-si qadın, 5-i uşaq olmaqla 48 vətəndaş ağır xəsarətlər aldı. Bu, böyük faciə idi. Uçmuş binanın dağıntıları altından çıxarılan insanlar və onların sağ qalacağına ümid edən yaxınları, əzizləri dünyada erməni vəhşiliyinin təkrarlanan əsəriydi.

Ermənistan Silahlı Qüvvələrinin bölmələri tərəfindən 2020-ci il oktyabrın 27-də Bərdə rayonunun Qarayusifli kəndinə, oktyabrın 28-də isə Bərdə şəhərinə olan raket hücumları. Hücumlar nəticəsində 27 nəfər öldü, 70 nəfərdən artıq insan yaralandı.

İllər əvvəl törətdikləri qətliamın davamını gətirərək hərbi cinayətin ən ağır nümunəsini nümayiş etdirdilər. Ümumilikdə Gəncəyə olan dörd terror aktı nəticəsində 26 nəfər həlak oldu. Yaralanan 175 nəfər arasında 32-sinin uşaq, 57-sinin qadın olması birbaşa olaraq, qadın və uşaq hüquqlarının pozulmasıydı.

Prezident İlham Əliyev hər zaman insanlığa sığmayan bu cinayət faktlarının dünyaya çatdırılmasında əlindən gələni əsirgəmir. Yürütdüyü uğurlu siyasətin başlıca prinsiplərindən biri də məhz Azərbaycanın müstəqil dövlət kimi bütün dünyaya tanıtmaq və işğaldan azad edilmiş ərazilərin ölkəmizin əzəli torpaqları olduğunu sübuta yetirməkdir. 30 il əvvəlki Azərbaycanla müqayisədə buna tam olmasa da kifayət qədər nail olmuşuq. Təbii ki, bəzi dövlətlər reallığın fərqində olsalar belə qərəzli mövqedən çıxış edərək və müxtəlif amillərə dayanaraq bunu qəbullanmaq istəmir. Lakin qazanılmış tarixi qələbədə əksər ölkələr bizə tərəf çıxaraq “Qarabağ Azərbaycandır” həqiqətini qəbul etdilər.

İkinci Vətən müharibəsinin davam etdiyi zaman dilimində İlham Əliyev 30-a yaxın dünyanın ən tanınmış KİV-lərinə müsahibə verdi. O, suallardan yayınmayaraq hər birini səmimiyyətiylə cavabladı. Elə dünya mediası da İlham Əliyevin bu addımını yüksək qiymətləndirdi.

Ali Baş Komandanın təşəbbüsüylə 2021-ci il fevralın 26-da Xocalı soyrıqırımının ildönümündə yerli və xarici media nümayəndələri üçün mətbuat konfransı keçirildi. Dörd saatdan çox davam edən konfransda Prezident jurnalistlərin suallarını ətraflı şəkildə cavablandırdı, vacib məsələlərə toxundu, bir sıra önəmli mesajlar verdi. Təsadüfi deyil ki, onun bu təsirli və səmimi çıxışından sonra Azərbaycan əleyhinə qərəzli addımlar atan “Amnesty International” təşkilatı Ermənistan qüvvələrinin zərbələri nəticəsində Azərbaycanın şəhər və kəndlərində 72 dinc sakinin öldürüldüyü 8 raket zərbəsini sənədləşdirdi.

Bununla yanaşı İlham Əliyev işğaldan azad olan torpaqlarımızın ayrı-ayrı ərazilərində aşkarlanmış kütləvi məzarlıqların dünya ictimaiyyətinə çatdırması üçün Ermənistanın qanunsuz əməlləri, təxribatları ilə bağlı xarici ölkələrin atteşeləri, səfirlər məlumatlandırıldı.

Həmçinin əsası ulu öndər Heydər Əliyevin zamanından qoyulan diaspora və lobbiçilik fəaliyyəti getdikcə daha da gücləndirilir.

Bugün Azərbaycanda diaspor və lobbiçilik fəaliyyəti təşkilatmış şəkildə həyata keçirilir. Dünya azərbaycanlılarının həmrəyliyi, onların təşkilatlanması prosesini daim diqqət mərkəzində saxlayan Azərbaycan dövlətinin lideri İlham Əliyev və onun ali siyasi rəhbərliyi xalqı öz ətrafında “Dəmir Yumruq” kimi sıx birləşdirir.

Qeyd: Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə dəstəyi ilə  "Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük “Vətən Müharibəsi”ndə qazanılmış tarixi qələbə, Ermənistan tərəfindən törədilmiş sülh və insanlıq əleyhinə cinayətlər, habelə müharibə cinayətləri ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması” istiqaməti üzrə hazırlanıb.

Müəllif: Məhəbbət Tərlanoğlu

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh