Banner

Formula-1 növbəti illərdə Qarabağda təşkil oluna bilərmi? - AÇIQLAMA

Yazarlar 27 Avqust 2024 17:51 Oxunub 652
Formula-1 növbəti illərdə Qarabağda təşkil oluna bilərmi? - AÇIQLAMA
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Bakı hazırda Formula-1 yarışlarına hazırlaşır. 24 avqust saat 23:59-dan etibarən Azadlıq prospektindən Neftçilər prospektinə çıxış nəqliyyatın hərəkəti üçün məhdudlaşdırılıb.

Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin məlumatına görə, Formula-1 Azərbaycan Qran-Prisi 2024-ə hazırlıq çərçivəsində paytaxtın bəzi küçə və prospektlərində quraşdırma işləri aparılır.

Əlbəttə, belə beynəlxalq yarışlar ölkəmiz üçün və onun  imici üçün çox vacibdir. Həmçinin turizm baxımından da məsələ önəmlidir.

Ancaq etiraf edək ki, bu yarış və ona hazırlıq mərhələsində paytaxt Bakıda əsəblər tarıma çəkilir. Paytaxt Bakıda yol infrastrukturu elədir ki, həmin yarışın keçirildiyi yollar bağlandıqda şəhərin əksər hissələri iflic olur.

İdman yarışının dəfələrlə Bakıdan kənarda keçirilməsi ilə bağlı müzakirələr olub. Hətta Formula-1-in işğaldan azad edilmiş Qarabağda təşkil edilməsi ilə bağlı təkliflər də səslənib.

Futbol millimizin baş məşqçisi kim olacaq - gözlənti

Natiq Muxtarlı 

Mövzunu ekspertlərlə müzakirə etdik. İdman jurnalisti Natiq Muxtarlı bildirdi ki, Formula-1-in Azərbaycanda keçirilməsi nə qədər cəlbedici olsa da, yarışın Bakıya salınması bir o qədər qüsurlu idi. N.Muxtarlı hesab edir ki, Bakı bu yarış üçün uyğun şəhər deyil: "Əslində yarış iştirakçıları üçün uyğun şərait yaradılır. Amma nəyin hesabına? Bakı əhalisinin narahatlığı hesabına. Ona görə də əhali bu yarışla bağlı ancaq neqativ fikirlər səsləndirir. Bəs necə olmalı idi? Bunun üçün ya şəhərdən kənarda infrastruktur qurulmalı idi, ya da yarış Azərbaycanın başqa şəhərinə salınmalıydı. Məsələn, Azərbaycanda Formula-1 üçün iki uyğun şəhər var. Bunlardan biri Gəncə, digəri isə Sumqayıtdır. Gəncə və Sumqayıtda keçirilsəydi, bu, Azərbaycana daha çox divident gətirərdi. Turizmin inkişafı baxımından isə Gəncədə təşkili böyük sıçrayışa səbəb olardı.

Onsuz da Azərbaycana gələn turistlərin 90 faizi Bakını tərk etmir. Çünki bölgələrdə infrastruktur yoxdur. Formul-1 Gəncədə keçirilsəydi, orada infrastruktur da qurulacaqdı, Azərbaycanın qərb bölgəsinə turist axını olacaqdı. Formula-1 üçün Gəncəyə gələnlər Hacıkəndə, Göygölə axın edəcəkdilər. Gəncə ilə qonşu olan digər rayonlara da bundan pay düşəcəkdi. Beləcə, Azərbaycanın qərb bölgəsində turizm inkişaf edəcəkdi. Amma bu amil nəzərə alınmadı, yarış Bakıya salındı. Azərbaycanın bundan nə qazandığı bəlli deyil. Bəlli olan odur ki, əhali əziyyət çəkir və kütləvi narazılıq var".

N.Muxtarlı əlavə etdi ki, bundan sonra yarışın yerini dəyişmək mümkün deyil: “Ən azı müqavilə müddəti bitənə qədər bu mümkün deyil. Formula-1-in Şuşa və Laçında keçirilməsi isə ümumiyyətlə real deyil. Çünki bu şəhərlərdə infrastrukturun qurulması üçün münasib ərazi yoxdur. Ən uyğun variant Gəncə və Sumqayıtdır. Xüsusən də Gəncə. İndidən danışıqlar aparıb, tədricən infrastruktur qurub, gələcəkdə yarışı bu iki şəhərdən birinə köçürmək olar".

Elməddin Muradlı - TurkicWorld

Elməddin Muradlı

Nəqliyyat eksperti Elməddin Muradlı isə mövzunu belə şərh etdi: “Bu yarışın keçirilməsi üçün uyğun yol yalnız Bakıda idi. Yarışın keçirildiyi şəhər dəyişdirilə bilməz çünki bu qaydalara ziddir. Səbrli, təmkinli olmalıyıq. Azərbaycanda son yarış gələn il keçiriləcək. Ümid edirəm ki, Azərbaycan belə yarışlarda iştirak etmək istəyəndə alternativ variantlar təklif etmək gücündə olacaq. Mingəçevir, Lənkəran, Gəncə, Laçın, Şuşada uyğun relyef yaratmaq olar. İndiki halda isə bu gərginlik yaradır. Sentyabrın əvvəlində, hər kəsin işə getdiyi, məktəbə hazırlaşdığı zamanda bir həftə yolları bağlamaq çətinlik yaradır. Bir həftəlik qapanmadan əvvəl yolların təmiri, xərclər, əsəbləri tarıma çəkən tıxaclar və s. əlavə gərginliyə səbəb olur. Biz ancaq səbr edə bilərik. Ümid edirəm ki, bir daha götür-qoy etsələr, əhalinin vəziyyəti nəzərə alınar”.

Ekspertin fikrincə, Formula-1-ə artıq maraq qalmayıb: "Bunu açıq demək lazımdır ki, Formula-1-ə maraq qalmayıb. Ancaq mənasız yarış formatında keçir. Əhalinin 100 nəfərdən 1-i yarışa həvəs göstərir, ya yox. Əhəmiyyətsiz yarışa görə bu qədər əziyyətə dəyməz. Müqavilənin müddətini 2 il artırmaqla nəyə nail olunması şəxsən mənə aydın deyil. Normal ictimaiyyətlə əlaqələr sektoru qurulmadığı üçün yarışın faydası haqqında məlumat ala bilmirik. Şirkətlərə bilet satırlar ki, iştirakçılıq olsun. Belə bir yarışın kimə nə faydası var? Beynəlxalq reytinqdə Azərbaycanın adı çəkildi, amma 5 il kifayət idi. Görünür, pandemiya dövründə yarış qapalı keçirildiyi üçün müqavilənin müddəti 2 il artırıldı. Hər bir halda vəziyyətdən çıxış yolu yoxdur. Yarışdan imtina etsək, yüksək məbləğdə cərimə ödəməliyik. Bir sözlə, dözməyə məcburuq”.   

Qeyd edək ki, Formula-1 Azərbaycan Qran-Prisi 2024 13-15 sentyabr tarixlərində keçiriləcək.

(yeni.musavat)

ŞƏRH YAZ
Ad

E-mail

Şərh