Banner

Hacıbala Abutalıbov yol hərəkəti qaydalarını hər gün belə pozur - FOTO - VİDEO

Yazarlar 23 Sentyabr 2014 16:32 Oxunub 3870
Hacıbala Abutalıbov yol hərəkəti qaydalarını hər gün belə pozur - FOTO - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Bakı merinin maşını hər gün İcra Hakimiyyətinin qarşısında qadağan olunmuş yerdə dayanır

Bakıda yol hərəkəti qaydalarının kobud şəkildə pozulmasında yaxından iştirak edən vəzifəli şəxslər, məmurlar da var. Onlardan biri də Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovdur. Avtosfer.az saytında bir neçə gün əvvəl H.Abutalıbovun 10 AA 008 dövlət nömrə nişanlı xidməti avtomobilinin Səməd Vurğun küçəsi ilə yolun əksinə hərəkət etməsi, qəza şəraiti yaratması və maşında qadağan olunmuş səs siqnalının olması barədə məlumat vermişdik. Bunu sübut edən videomaterial da təqdim olunmuşdu. Lakin bəziləri hesab etdi ki, bu, qərəzli yanaşmadır. Guya, Hacıbala Abutalıbov Azərbaycanda xüsusi diqqət mərkəzində olan 5 məmurdan biridir və o, istədiyi qayda pozuntusuna yol verə bilər. Amma əslində belə deyil. Hacıbala Abutalıbov sadəcə, Bakı şəhər İcra Hakimiyyətinin başçısıdır və onun avtomobili də xüsusi təyinatlı və ya operativ nəqliyyat vasitəsi yox, xidməti avtomobildir. Bu avtomobillə isə heç bir qayda pozuntusuna yol vermək olmaz. Əks halda, hamı kimi cəzasını çəkmək lazımdır. Lakin görünür, Bakı merinin sürücüsü cəzasızlıq mühitinə düşüb və avtomobil də Hacıbala Abutalıbovun adı ilə bağlı olduğu üçün necə istəyir o cür də hərəkət edir. Əslində isə Bakı meri özü nümunə göstərməli və özü qaydalara əməl edib başqalarından da bunu tələb etməlidir.

Bu fotolara diqqətlə baxın. İstiqlaliyyət küçəsi dördzolaqlı yoldan ibarətdir. Onun da birini Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov zəbt edib. Yəni, burada onun xidməti avtomobili dayanır. Sual yaranır: onsuz da sıxlıq, tıxacla zəngin olan Bakıda Hacıbala Abutalıbovun bu cür qayda pozuntusuna nə ad vermək olar? Bəlkə, heç merin bundan xəbəri yoxdur, sürücü vəziyyətdən sui-istifadə edir. Bəs, Dövlət Yol Polisi İdarəsi hara baxır? Göz görə-görə yolun hərəkət hissəsində dayanmış bu maşın digər hərəkət iştirakçılarına maneə yaradırsa, bununla bağlı mütləq tədbir görülməlidir. Çünki Hacıbala Abutalıbovun xidməti avtomobilinin dayandığı yerdən 10 metr arxada dayanma-durmanı qadağan edən yol nişanı var. Yol polisi ya bu nişanın təsiri altında olan bütün avtomobillərə qarşı tədbir görməlidir, ya da özünü biabır etməmək üçün o nişanı oradan götürməlidir. Axı qaydalar hamı üçündür. «Yol hərəkəti haqqında" Qanunun 52-ci və 64-cü maddələrinin tələbinə əsasən 3.27 "Dayanmaq qadağandır" nişanının təsir sahəsində istənilən nəqliyyat vasitəsinin həm dayanması, həm də duracağa qoyulması (parklanması) qadağandır. Bu qadağadan istisna yalnız operativ nəqliyyat vasitələri üçün mümkündür. Operativ nəqliyyat vasitələrinin dairəsini də həmin Qanun belə müəyyən edir: operativ nəqliyyat vasitələri yanğından mühafizə, polis, təcili tibbi yardım, qəza-xilasetmə bölmələrinin , hərbi avtomobil müfəttişliyinin funksional tapşırıqlarının yerinə yetirilməsi, pul mədaxilinin inkassasiyası və qiymətli yüklərin daşınması, Azərbaycan Respublikasının ali vəzifəli şəxslərinin mühafizəsi vəzifələrinin icrası üçün nəzərdə tutulan, Milli operatora məxsus olan və poçtun daşınmasında istifadə edilən, üstündə xüsusi qrafikalı rəngli sxemlər, yazılar və tanınma nişanları olan, xüsusi işıq və səs siqnalları ilə təchiz edilmiş avtomobillərdir. Göründüyü kimi, bu siyahıda BŞİH başçısına aid avtomobil yoxdur, ola da bilməz. Hətta operativ nəqliyyat vasitələri də hərəkət qaydalarından kənara xidməti zərurətlə əlaqədar, müstəsna hallarda çıxa bilərlər. Minik maşınını saatlarla küçədə saxlamaq isə hər hansı xidməti zərurətdən irəli gələ bilməz. Bilin və agah olsun ki, belə vəzifəli şəxslərin xidməti avtomobillərinin heç bir üstünlüyü yoxdur. Qanun belə yazılıb. Biz yazmamışıq. Yazanlar yazıb. Sadəcə, biz ona əməl etməliyik.

 


Elməddin Muradlı

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh