Hərbi maşın karvanına girən sürücüləri bu cəzalar gözləyir - DİQQƏT
Son vaxtlar respublikamızın yollarında tez-tez hərbi avtomobil karvanları görünür. Avtosfer.az bildirir ki, müharibə vəziyyətində olan ölkə üçün adi sayılan belə hallarda digər sürücülərin də müəyyən qaydalara riayət etməsi zərurəti yaranır.
Birincisi, həmin avtomobil karvanları mütəşəkkil nəqliyyat dəstəsi sayılır, çünki onlar yollarda xüsusi müşayiətlə hərəkət edirlər. «Yol hərəkəti haqqında» qanunun 1-ci maddəsinin 45-ci bəndində mütəşəkkil nəqliyyat dəstəsinə belə anlayış verilib: mütəşəkkil nəqliyyat dəstəsi qarşıda qırmızı və ya göy sayrışan işıq və xüsusi səs siqnalı ilə təchiz edilmiş operativ nəqliyyat vasitəsinin müşayiəti ilə bir hərəkət zolağında bir-birinin ardınca faraları yandırılmış vəziyyətdə hərəkət edən üç və ya daha artıq mexaniki nəqliyyat vasitəsindən ibarət olan dəstədir.
Belə mütəşəkkil nəqliyyat dəstələri barəsində digər sürücülərin və başqa hərəkət iştirakçılarının vəzifələri də adıçəkilən Qanunda təsbit edilir. Bu Qanunun 40-cı, 46-cı, 47-ci və 48-ci maddələrini təhlil etdikdə məlum olur ki, operativ nəqliyyat vasitələri və onların müşayiət etdiyi mütəşəkil nəqliyyat dəstəsi bütün digər hərəkət iştirakçılarına, yəni başqa sürücülərin idarə etdiyi avtomobillərə, velosipedlərə, piyadalara, hətta yolda gedən at arabalarına münasibətdə üstünlüyə malikdir. Ona görə də mütəşəkkil nəqliyyat dəstəsi, o cümlədən hərbi avtomobil karvanı gəldikdə bütün hərəkət iştirakçıları onlara yol verməlidirlər. Onlar hətta lazım gəldikdə yolun kənarına çıxaraq dayanmaqla, yaxud yolayrıcı qarşısında dayanmaqla belə karvanların tam keçməsinə qədər gözləməlidirlər.
«Yol hərəkəti haqqında» Qanunun 48-ci maddəsi digər sürücülərin mütəşəkkil nəqliyyat dəstəsinə, o cümlədən hərbi avtomobil karvanına qoşularaq hərəkət etməsini qadağan edir. Başqa sözlə, hər hansı kənar sürücü hərbi avtomobil karvanındakı avtomobillər arasına keçərək onlarla bərabər hərəkət edə bilməz. «Yol hərəkəti haqqında» Qanunun mütəşəkkil nəqliyyat dəstəsinin hərəkəti ilə bağlı tələblərini pozan digər hərəkət iştirakçısı müvafiq qaydada məsuliyyət də daşıyır. Ən sərt məsuliyyət sürücülər barəsindədir: İnzibati Xətalar Məcəlləsinə (İXM) əsasən, xüsusi səs, qırmızı və ya göy sayrışan işıq siqnalı verən, keçid üstünlüyü hüququna malik olan nəqliyyat vasitələrinə (həm də onların müşayiət etdiyi nəqliyyat dəstəsinə) yol verilməməsinə və ya belə nəqliyyat vasitəsinin müşayiət etdiyi mütəşəkkil nəqliyyat dəstəsinə qoşularaq hərəkət edilməsinə görə sürücü 100 manat cərimə edilməklə onun barəsində 3 cərimə balı da tətbiq edilir. Mütəşəkkil nəqliyyat dəstəsi yaxınlaşarkən yolun hərəkət hissəsini tərk etməyən piyada 20 manat, velosipedçi isə 40 manat cərimə ediləcək. İXM-də müvafiq cərimə nəzərdə tutulmasa da, mütəşəkkil nəqliyyat dəstəsinə (o cümlədən hərbi avtomobil karvanına) mane olan (yol verməyən) mal-qara ötürənlər və at arabası sürənlər də hərəkət qaydalarını kobud şəkildə pozmuş olacaqlar.
Hərbi avtomobil karvanına yol vermədiyinə görə və ya belə karvana qoşularaq hərəkət etdiyinə görə qəzaya düşən sürücülər isə nəticəyə uyğun olaraq cinayət məsuliyyətinə (isanların sağlamlığına az ağır və ya ağır zərər dəydikdə, yaxud ölüm olduqda) və ya inzibati məsuliyyətə cəlb ediləcəklər. Belə halda həmin sürücü vurduğu ziyanı da ödəməli olacaq.
Yuxarıda qeyd olunları nəzərə alaraq, sürücülərə demək istəyirəm ki, yollarda hərbi nəqliyyat karvanı gördükdə çox diqqətli olsunlar, onlara mane olan manevrlərdən və hərəkətlərdən çəkinsinlər, hətta onların rahat və fasiləsiz hərəkəti üçün şərait yaratsınlar. Bunu hər kəs sadəcə hüquqi məsuliyyətdən qorxduğuna görə yox, bir vətəndaş olaraq etməlidir. Unutmamalıyıq ki, ordu hər birimizindir və ona bacardığı dəstəyi vermək hər kəsin borcudur.
Ərşad Hüseynov,
yol hərəkəti üzrə ekspert