Həyatımızın və səbrimizin sınağa çəkildiyi günlərdə polisə dəstək olaq - FOTO

Yazarlar 2 Aprel 2020 17:40 Oxunub 2032
Həyatımızın və səbrimizin sınağa çəkildiyi günlərdə polisə dəstək olaq - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Gözə görünməyən düşmənin bizə və əzizlərimizə ziyanından qorunaq

Ən çətin durumlarda ölkənin güc strukturlarının səfərbərliyi mütləqdir. Əgər mövzu Vətənin təhlükəsizliyi, sabitliyin qorunmasıdrsa, o zaman, görəv məsuliyyəti birə-beş artır. Düşmən təxribatı varsa, təhlükə sərhəddədirsə sərhədçilərimiz və ordumuz yüksək döyüş hazırlığı vəziyyətinə gətirilir.

Bu gün biz hər iki təhlükə ilə üzbəüzük. Bir tərəfdə düşmən, o biri tərəfdə də dünyanı silkələyən “taclı bəla”. Hər ikisinin qarşısını almaq üçün lazımı tədbirlər görülür. Gündəmin mübariz gücləri isə həkimlər və polislərdir. Öz həyatlarını riskə atıb həyat qurtarır, həyat qoruyurlar. Polis peşəsinin çətinliyini, polis əməkdaşlarının ən ağır şərtlər altında belə xidmətini davam etdirməsini sosial şəbəkələrdən və televiziya ekranlarından görənlərin heyrətini ifadə edən “Biz, polisimizlə fəxr edirik” sitatı yetər ki, cəmiyyətin görülən işə, çəkilən zəhmətə verdiyi dəstəyi və önəmi görək.

Gözlər, nəzərlər yenə ağ xalatlı xilaskarlara və onlara dikilib. “Hər yerdə polis var” qərəzi ilə polisə həqarətlə yanaşaşanlara bu dəfə “haqq” qazandırıram: Bəli, hər yerdə polis var, çünki vətəndaşımızın cangüvəni üçün hər yerdə polis olmalıdır. Cəmiyyət tərəfindən “dışlanan”lar, zərərli vərdişlərə adətkar olanlar da düşünsünlər ki, əyri bir addım atsalar qarşılarında, bir sözlə, hər yerdə polisi görəcəklər.

Ani bir məsuliyyətzlik böyük faciələrə yol açır. Vətəndaşa “evdə qal” çağırışı ilə küçələrdə, parklarda nəzakətlə yanaşıb: “Özünüzü, əzizlərinizi düşünün”,- deyənlər bizdən heç nə istəmir: qaydalara əməl etmək, bir xoş təbəssüm və nəzakət yetər...

Ancaq təəssüflər olsun ki, yenə də qaydaları pozanlar var və onlarla polisin apardığı profilaktiki söhbəti daha yaxından izləmək üçün Səbail RPİ-nin Post-Patrul Xidməti əməkdaşlarının dislokasya üzrə xidmət etdikləri ərazidə keçirdikləri reydlərdə iştirak etdik. “Fəvvarələr meydanı”nda, “Sahil” və “İçərişəhər” metrolarının yaxınlığında, rayonun inzabati ərazisində “Evdəqal” xəbərdarlığına əməl etməyənlərə həmkarlarımızın yaxınlaşıb özlərini təqdim etdikdən sonra tələbləri izah etməsi çox vaxt almasa da məni düşündürən biganəliyimiz idi...

Dənizkənarı bulvardayıq. Burda da qocalı-cavanlı qaydalara əməl etməyənlər var. Çoxu suçlu olduğunu bilir. Ancaq bilib və əməl etməmək...

Rayon Polis İdarəsinin əməkdaşı deyir ki, vətəndaşlarla ünsiyyətdə Nizamnaməyə və “Polis əməkdaşlarının etik-davranış kodeksi”nin tələblərinə uyğun olaraq, nəzəkətli və səmimi şəkildə özünü təqdimetmə mütləqdir. “Böyük-kiçik yolu gözləmək”, adət-ənənlərimiz də belə hallarda köməyə çatır. Xidmət zamanı bir şirin söz, səmimi bir jest xoş ünsiyyətin təməlinə çevrilir.

Düzü, reyd zamanı bəzi vətəndaşların kobud davranış sərgiləməsinə də rast gəldik. Ancaq həmkarlarımız təmkinini pozmurlar, daha doğrusu, polisin psixoloji təsiri bu yerdə özünü göstərir: “Dayı, yaşın 65-dən də yuxarıdır və Allah ömür versin, bu gün-sabah 70-i haqlayacaqsınız. Axı evinizdə sizdən başqa övladlarınız, nəvələriniz var. Əgər siz virisa yoluxsanız və onları da yoluxdursanız mənəvi əzab çəkməyəcəksiniz?”...

Qoca susur, susur və həmkarımı bağrına basmaq istəyir: “Yox, qucaqlaşmaq, əllə salamlaşmaq da olmaz. Sağlığımız üçün həm də məsafə saxlamlıyıq. Bunlar özümüzü qorumaq naminə əsas şərtlərdən biridir”. Bu dəfə də polisin maarifləndirmək və inandırmaq bacarığı köməyinə çatır...

Onların, asayiş keşikçilərinin, Səbail Rayon Polis İdarəsi əməkdaşlarının işi, xidməti daha çətindir, çünki mərkəzi rayondur. Yeri gəlmişkən, reyddə iştirak edən Post-Patrul Xidməti Bölüyünün əməkdaşı, polis serjantı Emin Murtuzayevin səbri, dözümü, vətəndaşlarla ünsiyyəti də diqqətimdən yayınmadı.

O, 2016-cı ildən xidmətdədir. DİN-in Polis Akademiyasının dinləyicisidir. Dəfələrlə DİN və RPİ rəhbərliyi tərəfindən mükafatlandırılıb. Seçdiyi və sevdiyi peşənin çətinliyi heç də hər şeyin asan əldə olunmadığını öyrədib ona. Yuxusuz gecələrin, “dirigözlü açılan səhərlərin” yorğunluğunu unudub darda, çətində, polisin köməyinə ehtiyacı olanın yanında olub həmişə. Bu müvəqqəti çətinliyin çox qısa zamanda keçəcəyinə inanır...

Ölkə karantin rejimindədir. “Biz birlikdə güclüyük”lə öhdəsindən gələcəyik. Sadəcə xəbərdarlığa əməl edin və “evdə qalın”. Gözə görünməyən düşmənin bizə və əzizlərimizə ziyanından qorunmaq üçün həyatımızın və səbrimizin sınağa çəkildiyi bu günlərdə AZƏRBAYCANIMIZ üçün “evdə qalaq”.

 

Hafiz Təmirov,

polis polkovnik-leytenantı

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh