Banner

Heydər Əliyevin iqtisadi inkişaf strategiyasında vergi siyasəti

Yazarlar 30 May 2014 19:49 Oxunub 2217
Heydər Əliyevin iqtisadi inkişaf strategiyasında vergi siyasəti
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Bu siyasət iqtisadiyyatda keçid dövrünün uğurla başa çatdırılmasında mühüm rol oynadı

İqtisadiyyatın ahəngdar inkişafının təmin edilməsində dövlət idarəçiliyinin çox mühüm tərkib hissəsi olan vergi sistemi də mühüm rol oynayır. Təsadüfi deyildir ki, ölkəmizin müstəqil vergi xidmətinin təsis edilməsi dövlət müstəqilliyinin bərpası ilə eyni vaxtda baş verib. Hələ müstəqilliyimizin ilk illərində ümummilli liderimiz Heydər Əliyev deyirdi: «Əgər biz müstəqil dövlətiksə, müstəqil inkişaf etmək  istəyiriksə, biz bazar iqtisadiyyatını vergi yolu ilə tənzimləməliyik. Buna görə də vergi orqanlarının işinə daha çox diqqət yetirməliyik».

 

Liberal və rəqabət qabiliyyətli vergi sistemi 

 

Azərbaycanın müstəqilliyinin ilk illərində iqtisadiyyatının real mənzərəsi heç də ürək açan deyildi. Ölkə transforomasiya tənəzzülü dövrünü keçirirdi. 1991-1993-cü illəri əhatə edən bu dövrdə ölkəmiz istehsal potensialının, demək olar ki, üçdə ikitsini itirmişdi. ÜDM hər il orta hesabla 16,5 faiz azalırdı. Belə bir şəraitdə yeni vergi sisteminin qurulmasına vergi qanunvericiliyinin yaradılmasından başlandı. Müstəqil dövlətin büdcəsinin formalaşdırılmasının zəruriliyi nəzərə alınaraq, həyata keçirilən ilk tədlbirlər sırasına əsas vergi növlərinə dair qanunlar qəbul etmək, bunlara paralel olaraq, onların həyata keçirilməsi üçün idarəetmə strukturlarını formalaşdırmaq kimi vəzifələr daxil edildi. Xüsusilə Heydər Əliyevin yenidən hakimiyyətə gəlməsindən sonra bu sahədə ciddi dəyişikliklər oldu. Bazar iqtisadiyyatına keçidin ən vacib şərtlərindən olan vergi münasibətlərinin tənzimlənməsi, beynəlxalq standartlara uyğun vergi sisteminin formalaşması, çevik vergi siyasətinin aparılması onun müəyyənləşdirdiyi iqtisadi strategiyanın tərkib hissəsi idi. «Biz bazar iqtisadiyyatının vergi yolu ilə tənzimləməliyik» deyən ulu öndər Heydər Əliyev vergi sisteminin təkmilləşdirilməsi, onun vahid normativ hüquqi bazasının yaradılması, vergi dərəcələrinin aşağı salınması və güzəştlərin azaldılması hesabına vergitutma bazasının genişləndirilməsi, iqtisadiyyata investisiya qoyuluşunun stimullaşdırılması, kiçik və orta sahibkarlıq üçün əlverişli vergi mühitinin yaradılması, habelə vergi xidməti orqanlarının fəaliyyətinin səmərəliliyinin artırılması istiqamətində məqsədyönlü işlərin aparılmasına xüsusi diqqət yetirirdi.

Buünunla yanaşı, ölkədə iqtisadi islahatlar dərinləşdikcə vergiqoymanın qanunvericilik və metodoloji bazasının təkmillləşdirilməsi zərurəti də meydana çıxırdı. Vergi qanunvericiliyində mövcud olan bir sıra boşluqlar istər vergi ödəyicilərində, istərsə də vergi xidməti orqanlarında haqlı narazılıqlar doğururdu.

Məhz belə bir şəraitdə ulu öndər Heydər Əliyevin rəhbərliyi və diqqəti ilə Azərbaycan Respublikasının vergi sisteminin yenidən təşkil edilməsinə başlandı. Vergi münasibətlərinin təkmillədirilməsi məqsədilə dövlət başçısının bilavasitə tapşırığı ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti bir sıra qərarlar qəbul etdi. Bunlara misal olaraq, Nazirlər Kabinetinin «Azərbaycan Respublikası ərazisində əhali ilə nağd pul hesablaşmalarının nəzarət-kassa aparatlarının tətbiq olunması haqqında» 18 iyul 1995-ci il tarixli, «Vergi ödəyicilərinin uçotunun təkmilləşdirilməsi barədə» 19 dekabr 1996-cı il tarixli, «Mənfəət vergisinin ödənilməsini mərkəzləşdirilmiş qaydada həyata keçirən subyektlər haqqında» 31 maprt 1997-ci il tarixli, «Azərbaycan Respublikası ərazisinə gətirilən minik avtomobillərinin aksiz vergisinə cəlb edilməsi haqqında» 16 mart 1997-ci il tarixli qərarlarını göstrərmək olar. Heydər Əliyevin «İstehsal, xidmət, maliyyə-kredit fəaliyyətinə dövlət nəzarətinin qaydaya salınması və əsassız yoxlamaların qadağan edilməsi barədə» fərmanı dövlət nəzarət sisteminin təkmilləşdirilməsində, əsassız yoxlamaların aradan qaldırılmasında mühüm rol oynadı. Vergilərin toplanması, vergidən-uçotdan yayınmasının qarşısının alınması sahəsində Heydər Əliyev tərəfindən 1998-ci il 6 noyabr tarixində keçirilmiş Nazirlər Kabinetinin ölkənin iqtisadi və sosial inkişafının yekunlarına həsr olunmuş geniş iclasında və 17 dekabr tarixində keçirilmiş “1999-cu il üçün dövlət büdcəsi layihəsi»nin müzakirəsinə həsr olunmuş respublika müşavirəsində qoyulmuş vəzifələrə müvafiq olaraq, bu sahəyə diqqət artırıldı, vergi orqanlarının nəzarət işlərinin gücləndirilməsi üçün müvafiq tədbirlər görüldü. Bununla yanaşı, yerli və xarici iş adamlarının fəaliyyətinə vergi orqanları tərəfindən əsassız müdaxilələrin qarşısının alınması məqsədilə 2000-ci ilin aprel ayından vergi ödəyicilərində keçirilən dövri yoxlamalar ləğv edildi. Bu yoxlamaların yalnız zərurət yarandıqda keçirilməsi, eyni zamanda vergi öhdəliklərinə əməl etməyən vergi ödəyicilərinə nəzarətin gücləndirilməsi, intizamlı, vergiləri düzgün hesablayan və vaxtında ödəyən vergi ödəyiciləri üçün isə müvafiq şəraitin yaradılması nəzərdə tutuldu. 1999-2001-ci illərdə isə ümummilli lider Heydər Əliyevin tövsiyələrinə uyğun olaraq bütün diqqət təkmil qanunvericiliyin yaradılması, inzibati idarə etmənin yaxşılaşdırılması və vergilərin dövlət büdcəsinə tam səfərbər olunmasına yönəldildi. Bunun üçün öncə vergi qanunvericiliyində pərakəndəlik aradan qaldırılmalı idi. Mövcud qanunvericilikdə fiziki şəxslərin gəlir vergisi, hüquqi şəxslərin mənfəət vergisi, əlavə dəyər vergisi, aksiz vergisi, mədən vergisi, torpaq vergisi və s. ayrı-ayrı qanunlardan ibarət  idi. Məsələn, ayrı-ayrı qanunların olmasından çox, onların arasında sistemliliyin olmamasında, bu qanunlarda bir-biriilə uzlaşmayan, bir-birini təkzib edən müddəaların olmasında idi. Bu problemlər 2001-ci ildə qəbul olunan Vergi Məcəlləsi ilə aradan qaldırıldı. «Bu sənədin sahibkarlığın inkişafı və ölkədə investisiya mühitinin daha da yaxşılaşdırılmasındakı rolu əvəzedilməzdir. Təkcə onu qeyd etmək lazımdır ki, bu sənədlə tətbiq olunan 13 vergi növü əvəzinə 8 vergi növü və buna alternativ olaraq sadələşdirilmiş sistem üzrə vergitutma təsbit olundu. Əksər vergi növləri üzrə dərəcələr aşağı salındı, aksizə cəlb olunan malların siyahısı minimuma endirildi. Vergi Məcəlləsinin qəbul edilməsi vergitutma sahəsində təkcə vahid bir qanunvericilik bazasını yaratmadı, həm də sahibkarlığın inkişafına mane olan halların aradan qaldırılmasına imkan verdi»,-Vergilər naziri Fazil Məmmədov dedi. 

 

Vergi inzibatçılığı təkmilləşdirildi

 

Ümummilli liderin rəhbərliyi altında vergi xidmətində aparılan islahatların mühüm bir qolunu da vergi inzibatçılığının təkmilləşdirilməsi məsələləri təşkil etdi. Həmin dövrdə Baş Dövlət Vergi Müfəttişliyində ayrı-ayrı vergi növləri üzrə müxtəlif idarələr fəaliyyət göstərirdi. Bu idarələr konkret bir vergi növü üzrə həm qanunvericiliyin tətbiqi, həm bəyannamələrin yoxlanılması, həm borcların alınması, həm də səyyar vergi yoxlamalarının aparılması üzrə səlahiyyətli idilər. Bu yoxlamalar dövrün tələblərinə cavab vermirdi. İslahatların birinci mərhələsində ümummilli lider Heydər Əliyevin 11 fevral 2000-ci il tarixli fərmanı ilə Baş Dövlət Vergi Müfəttişliyinin bazasında dövlətin vergi siyasətinin həyata keçirilməsi, dövlət büdcəsinə vergilər və digər daxilolmaların vaxtında və tam yığılmasını təmin edən və vergitutma sahəsində dövlət nəzarətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanı - Vergilər Nazirliyi yaradıldı. Dövlət başçısı bununla həm də vergi siyasətinin iqtisadi siyasətin mühüm tərkib qolu olduğunu, iqtisadi tənzimləmədə və fiskal siyasətin həyata keçirilməsində vergi siyasətinin aparıcı rolunu müəyyən etdi. Beləliklə, vergi sistemində yaradılan yeni struktur əvvəlki strukturdan fərqli olaraq vergi siyasətinin daha uğurla həyata keçirilməsinə və vergilər sahəsində güclü nəzarət sisteminin tətbiqinə imkan verən mexanizm kimi müsbət keyfiyyətləri özündə birləşdirirdi.

2002-2003-cü illəri əhatə edən dövrdə isə vergi xidmətinin müasirləşdirilməsi prosesi diqqət mərkəzinə çıxdı. Vergilər Nazirliyində aparılan geniş miqyaslı struktur və kadr islahatları, respublikanın 60 şəhər və rayon Vergilər İdarələrinin ləğv edilməsi, vergi orqanı əməkdaşlarının sayının 40 faiz azaldılması ilk vaxtlarda hətta beynəlxalq ekspertlərə belə çox riskli görünsə də, Vergilər Nazirliyinin əldə etdiyi müvəffəqiyyətlər, qazanılmış uğurlar ümummilli liderin nə qədər uzaqgörən və qabaqcıl fikirli bir rəhbər olmasının bariz təcəssümüdür. Aydındır ki, uğurların əldə olunmasında peşəkar kadrlar önəmli rol oynayırdı. «O, həmişə ölkə iqtisadiyyatını idarə edə biləcək milli kadrların hazırlanmasına ciddi  fikir verirdi»,- iqtisadçı-ekspert Oqtay Haqverdiyev deyir.

Təsadüfi deyil ki, struktur islahatlarının aparıldığı il da daxil olmaqla indiyədək vergi daxilolmaları üzrə büdcə öhdəliklərində kəsir və ya proqnozların yerinə yetirilməməsi halları olmadı. Əgər vergi daxilolmaları 2002-ci ildə 679,9 milyon manat təşkil edirdisə, bu göstərici 2003-cü ildə 823,4  milyon manata çatdı. Bu rəqəmlər uğurların bariz nümunəsidir. «Vergi sahəsində həyata keçirilən islahatlar, vergi inzibatçılığının təkmilləşdirilməsi vergi ödəyicilərinin intizamının güclənməsinə səbəb olub, nəticədə ödənişlərin həcmi artıb, dövlət büdcəsinə vergi daxilolmalarının xüsusi çəkisi hər il yüksəlməyə başlayıb»,- akademik Ziyad Səmədzadə bildirib. O, respublikamızın əldə etdiyi uğurlarda vergi sisteminin böyük rol oynadığını, qısa müddət ərzində Azərbaycanda dayanıqlı, çevik vergi sisteminin yaradıldığını qeyd edərək demişdir: «Bu onu göstərir ki, vergi sistemi Azərbaycanın iqtisadi siyasətinin ayrılmaz tərkib hissəsinə çevrilib. Vergi sahəsində həyata keçirilən islahatlar, vergi inzibatçılığının təkmilləşdirilməsi, ən son texnologiyaların tətbiq olunması vergi ödəyicilərinin intizamının güclənməsinə səbəb olub, nəticədə ödənişlərin həcmi artıb, dövlət büdcəsinə vergi daxilolmalarının xüsusi çəkisi hər il yüksəlməyə başlayıb».

Beləliklə, ümummilli lider Heydər Əliyevin rəhbərliyi altında Azərbaycanda vergi sisteminin strukturu və vergi sahəsində milli qanunvericilik bazası formalaşdırıldı. Vergi xidmətinin strukturu sistemlilik, çeviklik, operativlik, koordinasiyaolunma və güclü təşkilati-idarəetmə mexanizmi kimi müsbət keyfiyyətləri özündə birləşdirdi. Vergi xidmətinin kadr heyətinin yenidən komplektləşdirilməsi aparıldı. Ulu öndərin təşəbbüsü və bilavasitə rəhbərliyi ilə vergi siyasətinin əsas istiqamətləri, vergilərin sayı və dərəcələrinin optimal səviyyəsi müəyyənləşdirildi, ölkədə vergi yükünün aşağı salınması, vergi menecmentinin müasirləşdirilməsi istiqamətində bir sıra uğurlar əldə olundu. Əsassız yoxlamaların və  sahibkarlığın inkişafı sahəsində süni maneələrin aradan qaldırılması istiqamətində önəmli addımlar atıldı. Həmçinin vergi xidmətində yeni iş proseslərinin tətbiq edilməsi, vergi ödəyiciləri ilə vergi xidməti əməkdaşları arasında kontaktsız münasibətlərin qurulması bütövlükdə vergi inzibatçılığının əhəmiyyətli şəkildə yaxşılaşmasına şərait yaratdı. «Biz bazar iqtisadiyyatını vergi yolu ilə tənzimləməliyik» - deyən Heydər Əliyevin rəhbərliyi ilə formalaşdırılan vergi sistemi ölkəmizdə iqtisadiyyatda keçid dövrünün uğurla başa çatdırılmasında mühüm rol oynadı, bazar münasibətlərinə adekvat çevik vergi siyasətini həyata keçirməyə qadir, beynəlxalq standartlara cavab verən səmərəli idarəetmə sisteminə çevrildi.

Elməddin Muradov

Azərbaycan Mətbuat Şurası və Vergilər Nazirliyinin “Vergilər” qəzetinin ulu öndər Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibətilə təşkil etdiyi “Heydər Əliyev və Azərbaycanda vergi siyasəti” mövzusunda fərdi jurnalist yazıları müsabiqəsi

ŞƏRH YAZ
Ad

E-mail

Şərh