Banner

İctimai nəqliyyata tələbat artıb: bəs problemlər nə zaman həll ediləcək? - ŞƏRH

Yazarlar 18 İyul 2024 15:45 Oxunub 668
İctimai nəqliyyata tələbat artıb: bəs problemlər nə zaman həll ediləcək? - ŞƏRH
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Taksilərlə bağlı yeni qaydalar qüvvəyə mindikdən sonra tələblərə cavab verməyən avtomobillər sərnişindaşımalardan kənarlaşdırılıb. Taksi minik avtomobillərinin sayının azalması gedişhaqlarında müəyyən dərəcədə artımlara səbəb olub. Bu isə ictimai nəqliyyata tələbatı artırıb. Müşahidələr onu deməyə əsas verir ki, əvvəllər ucuz olduğu üçün taksilərdən istifadə edənlərin əksəriyyəti indi ictimai nəqliyyatdan istifadəyə üstünlük verməyə başlayıblar. Amma bununla yanaşı, ictimai nəqliyyatda həm avtobusların şəraiti, həm də intervalla bağlı sərnişinlərin daha çox şikayətləndiyi problemlər hələ də qalmaqdadır.

Avtosfer.az-ın məlumatına görə, nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı açıqlamasında deyib ki, hazırda ictimai nəqliyyatla bağlı çox ciddi problemlər var. Onun sözlərinə görə, bunlardan biri də avtobusların say məsələsidir. Ekspert Bakı şəhərində aparılan təhlillərə əsasən deyir ki, təxminən 2600 avtobusa ehtiyac var:

“Amma bu gün yalnız iki min ədəd avtobus xəttə buraxılır. Rəsmi qaydada etiraf olunan rəqəmlərə diqqət etdikdə isə onlardan da 1000-nin istismara yararsız olduğunu, dövrünün bitdiyini görürük. Hesab edirəm ki, bu avtobuslar da yeniləndikdə Bakı şəhərinə hazırda 1600-dən çox avtobus lazımdır. Avtobusların necə alınması ilə bağlı müxtəlif müzakirələr gedir. Yeni avtobusların alınması üçün daşıyıcı şirkətlərə də imkan yaradılmalıdır ki, onlar da sahibkar olaraq dövlətin üzərinə çox yük düşmədən öz imkanlarından istifadə edə bilsinlər”.

E.Muradlı vurğulayıb ki, əsas məsələ vətəndaşlar üçün ictimai nəqliyyatı əlçatan bir səviyyəyə gətirib çatdırmaqdır: “Bununla bağlı, düşünürəm ki, dövlətin bir iradəsi olsa, ciddi yanaşma nümayiş etdirilsə, bu problem həll oluna bilər. Amma bunun qısa müddətdə həlli bir o qədər də real görünmür. Çünki, Bakıya 1600-1800 avtobus lazımdır. Bununla yanaşı, həmin avtobusların tam olaraq kondisioner və isitmə sistemi işlək olmalı, interval pozulmadan hərəkəti təmin edilməlidir ki, problemlər aradan qalxsın. Amma dövlət tərəfindən bu il yalnız 160 ədəd elektrikli avtobusun gətirilməsi nəzərdə tutulub. Bu isə işin hələlik cəmi 10%-nin görülməsi deməkdir. Bəs qalan məsələlər necə və nə vaxt həll olunacaq? Əsas narahatlıq doğuran məsələ budur”.

Sahibkarların da öz imkanları çərçivəsində yeni avtobusların gətirilməsinə çalışmalı olduqlarını deyən ekspert bildirib ki, onlar üçün şərait yaradılmalıdır: “Şərait dedikdə dövlət tərəfindən datasiyaların ayrılmasını, subsidiyaların verilməsini nəzərdə tuturuq. Çünki dünyanın hər bir yerində ictimai nəqliyyat subsidiyalar, datasiyalar olmadan geniş şəkildə inkişaf edə bilmir. Bu, olduqca çətin bir məsələdir. Belə olan halda dövlətin bu məsələyə ciddi dəstəyinə ehtiyac yaranır. Bu gün bu ehtiyacı qarşılamaq mümkündür. Hesab edirəm ki, dövlətimizin buna imkanı, qüdrəti var. Lakin bir məsələyə də diqqət etmək lazımdır ki, elektrikli avtobusların alınması və gətirilməsi çox ağır bir prosesdir və qısa müddətdə həll etmək öz-özlüyündə çətin bir məsələdir. Amma dövlətin iradəsi və gücü buna yetir. Bu məsələnin qısa müddətdə həlli tam mümkün olmasa da, mərhələli şəkildə yaxın 2-3 il ərzində öz həllini tapa bilər”.

Elektrikli avtobusların qiymətinin kifayət qədər baha olduğunu söyləyən ekspert daşıyıcı şirkətlərin təhlillər apardığını xatırladıb: “Nəticə etibarilə belə qənaətə gəlirlər ki, təxminən 650 min manat civarında Çin istehsalı olan elektrik avtobusları almaq mümkündür. Onların da qiyməti kifayət qədər baha olduğuna görə daşıyıcı şirkətlər bunu yalnız dövlət dəstəyi ilə həll edə bilərlər. Bu gün daşıyıcı şirkətlərin çətinlikləri, həqiqətən də, çoxdur. Dəstək olmasa, daha da ağır bir vəziyyətlə üzləşə bilərlər. Ancaq imkanlar hələ tükənməyib və tükənmədən bu məsələlər öz həllini tapsa, daha yaxşı və səmərəli olar”.

E.Muradlı taksi ilə bağlı qüvvəyə minən tələblərdən sonra ictimai nəqliyyata axının daha da çoxaldığını vurğulayıb: “Amma ictimai nəqliyyatın da bu yükü çəkmək gücü o səviyyədə deyil. İnsanlar ictimai nəqliyyatdan didərgin düşməmiş, hesab edirəm ki, bu mövzuda çox ciddi işlər görülməlidir və belə olan halda insanları yalnız bu vasitə ilə ictimai nəqliyyata həvəsləndirmək, istiqamətləndirmək olar. Əks halda avtomobilləşmə çoxalacaq. Yenə insanlar şəxsi avtomobil üçün variantlar fikirləşəcək, çıxış yolu axtaracaqlar. Dövlətin də prioritet məsələsi bu deyil ki, insanlar kütləvi şəkildə avtomobilləşməyə getsin. İctimai nəqliyyata marağı gücləndirmək üçün avtobuslarla bağlı bu kimi addımlar atılmalıdır. Eyni zamanda metrostansiyaların tez bir zamanda tikilərək istifadəyə verilməsi məsələsinə baxılmalıdır. Bu da çox önəmlidir. Metro həqiqətən də ictimai nəqliyyat sistemində çox vacib rola malikdir. Bu baxımdan bu sahədə inkişaf mütləq getməlidir”.

(iqtisadiyyat.az)

ŞƏRH YAZ
Ad

E-mail

Şərh