Reklam

Komitə sədri Qənirə Paşayeva qəhrəman şəhidimiz İsrafil İbrahimovdan YAZDI - FOTO

Yazarlar 19 Noyabr 2020 13:45 Oxunub 2028
Komitə sədri Qənirə Paşayeva qəhrəman şəhidimiz İsrafil İbrahimovdan YAZDI - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
“Mənim üçün ağlamayın”

"Xalq artisti Mənsum İbrahimovun qardaşı oğlu şəhid olub”. – Bu xəbər bir anda bütün media orqanlarımızda yayıldı. Sonra məlumatlar ard-arda təzələndi, İbrahimovlar ailəsinin 5 üzvünün I Qarabağ müharibəsində iştirak etdiyi, şəhidimizin atasının da qazi olduğu bəlli oldu. Biz şəhidimizin ailəsini ziyarətə gedəndə, daha başqa bilgilərlə də tanış ola bildik. Şəxsən mən qəti əmin oldum ki, İsrafil Zülfüqar oğlu İbrahimovun vətənpərvərliyi, qəhrəmanlığı tam qanunauyğun hadisədir: onun cavan ömür yolunu təsadüflər yox, məqsədyönlü fəaliyyət müəyyənləşdirib... Ailə üzvləri İsrafilin oktyabrın 26-da Laçın istiqamətində gedən döyüşlərdə şəhid olduğunu bildirdi. Onu da bildirdilər ki şəhadət şərbəti içməmişdən 10 gün öncə qəhrəman döyüşçümüzün 23 yaşı tamam olubmuş. İsrafil İbrahimov Azərbaycan sülhməramlılarının tərkibində hərbi xidmət keçib. Gizir idi. Qazi oğlunun dörd qazi əmisindən ikisi ikisi müharibədə sağlamlığını itirib. İsrafil şanlı döyüş yolu keçib, II Qarabağ müharibəsində ilk gündən başlayaraq 1 ay – şəhid olan günədək döyüşlərdə olub, atasının, əmilərinin döyüş yolunu, arzu-istəklərini və inamını təcalla etdirib. Bu arzu-istəklər, o müqəddəs yolda yürümək, torpaqlarımızı azad etmək yalnız doğma İbrahimovlar ailəsinin deyil, bütün xalqımızın ovqatını, hiss-həyəcanını əks etdirirdi, əlbəttə. Əlbəttə, İsrafil bunun fərqində idi. İsrafil xalqa, torpağa, Qarabağa bağlı ailənin üzvü idi, necə deyərlər, şüurlu və peşəkar vətəndaş idi. Yuxarıda da vurğuladığımız kimi, o, təsadüfən hərbçi olmamışdı – bu onun şüurlu, məqsədyönlü seçmi idi. Onu tanıyanların təsdiq etdiyi kimi, İsrafil qorxmaz, comərd oğul olub. Ailəsi bildirdi ki, şəhidimiz Cəbrayıl, Füzuli, Hadrut, Zəngilan və Qubadlının azad edilməsində iştirak edib. Dəfələrlə ölümlə üz-üzə gəlməsinə baxmayaraq, son nəfəsinədək irəli gedib. Şəhid olan silah yoldaşlarının qisasını aldığını şəhidlərin ruhuna minnətdarlıq və fəxarət hissi ilə deyirmiş İsrafil. Əlbət, onun qisasını da sağ qalan döyüş yoldaşları alıb, buna şübhəmiz yoxdur. Hər zaman doğmalarına deyirmiş ki, cəbhədə başıma bir iş gəlsə, mənimçün ağlamayın: ya şəhid ya qazı olacam, hər iki adın haqqını yerinə yetirmişəm... Gözünü açıb evdə qazi atasını, qazi əmilərini görmüşdü, bayraq görmüşdü... cəbhə xatirələri dinləmişdi, Qarabağ, Vətən müzakirələri eşitmişdi İsrafil... İsrafilin Ürəyi Vətənlə döyünürdü. Qəhrəmanlıq, vətənpərvərlik ölməz hisslərdir, həmişəyaşardı. – Bu həyat həqiqətini bizə israfil kimi cavanlarımız bir daha təlqin etdi.. İsrafil Ağdamda torpağa tapşırılarkən, izdiham yaşanıb. – Eşidən-bilən şəhidimizin son mənzilə yola salınması mərasimində iştirak etmək, vəfa borcunu yerinə yetirməkçün məzarlığa axışıb. Atası üzünü dəfndə iştirak edənlərə tutaraq, “Mənə nəsib olmayan Şəhidlik Zirvəsi oğluma nəsib oldu. Şəhid ola bilmədim, Şəhid Atası oldum” deyib, İsrafil üçün ağlamamağı xahiş edib. Xalq artisti, Şəhidimizin əziz əmisi Mənsum İbrahimovun ürək sözlərini, ürəkli sözlərini xatırlayıram: “İsrafil Xüsusi Təyinatlı Qüvvələrdə xidmət edirdi. O ölməyib, Vətən uğrunda Şəhid olub. Təki, Vətən sağ olsun! Biz bir ölüb, min dirilərik”!

Ruhun şad İsrafil, Şəhidlik məqamın mübarək!

 

Qənirə Paşayeva,

Milli Məclisin Mədəniyyət Komitəsinin sədri

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh