Banner

Kuryer problemi nə vaxt həll ediləcək? - Qəzalar azalıb, ancaq təhlükə hələ də...

Yazarlar 22 Noyabr 2023 16:13 Oxunub 716
Kuryer problemi nə vaxt həll ediləcək?  - Qəzalar azalıb, ancaq təhlükə hələ də...
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Son günlər paytaxt küçələrində yenidən kuryerlərin avtomobil yollarında şütüməsinin, bəzən düşünmədən səkilərə qalxıb piyadaların yanından yüksək sürətlə keçdiyinin tez-tez şahidi oluruq. Hələ səbəb olduqları qəzaları demirik...

Kuryerlərin davranışlarının qarşısını almaq üçün bir müddət əvvəl tədbirlər görülsə də, görünür, bu tədbirlər ciddi nəticə verməyib.

Ümumiyyətlə kuryerlərin bu cür davranışının səbəbi nədir? İş məsuliyyəti yoxsa sürətdən aldıqları zövq?

Nəqliyyat eksperti Elməddin Muradlı Modern.az-a açıqlamasında deyir ki, kuryerlərin səbəb olduğu hadisələrin sayı əvvəllər daha çox idi.

 

“Müəyyən addımlar atıldı. Qanunvericilikdə müəyyən dəyişikliklər etməklə və ciddi mexanizm qurmaqla hadisələrin, qayda pozuntularının sayını demək olar ki , xeyli azalda biliblər. Burada söhbət moped sürücülərinin bir növ yol polisini, cəmiyyəti aldatmağa çalışmasıdır. Mühərrikin həcmi 50 kub santimetr və ondan artıq olan mopedlərdən, motosikllardan istifadə edirdilər və yol hərəkəti qaydalarını kobud şəkildə pozurdular. Ancaq polis onların üstünə düşdü və araşdıranda məlum oldu ki, həmin nəqliyyat vasitələrinin böyük əksəriyyəti sürücülük vəsiqəsi ilə idarə olunmalıdır. Onları idarə edənlərin əksəriyyəti sürücülük vəsiqəsi olmayanlardır.Qanunvericilik bazası  möhkəmləndiriləndən sonra nəzarət gücləndirildi. Qayda-qanuna əməl etməyən moped sürücülərinin idarə etdiyi nəqliyyat vasitələri cərimə meydançalarındadır. Çünki sürücülük hüququ olmadan idarə ediblər”.

Elməddin Muradlı vurğulayır ki, sükan arxasında naşı sürücülər çoxdur, maşınların arasında ilanvari hərəkət edir, maşınlara və insanlara xəsarət yetirir, piyadalara yol vermirlər:

“Hər halda onlar da nəzərə almalıdırlar ki , onlar da sürücüdürlər.Mədəniyyət nümayiş etdirməldirlər. Digər sürücülərdən onların heç bir üstünlüyü yoxdur.Bəzən baxırıq mopedlərin , motosiklların başına oyun açırlar. Gurultulu səslə bir də görürük ki, məhəlləyə sifariş gətirir, bütün bina ayağa qalxır ki , görəsən məhəlləyə tank gəlir, yoxsa moped gəlir?”.

“İşlə mənim üçün, öyrən özün üçün” deyiblər. Amma, görünür, kuryer şirkətləri işçilərinə heç nə öyrədə bilmirlər. Əksinə bir çox çatdırılma şirkəti yeməyin çatdırılmasında gecikmə baş verəndə “cəriməni ” kuryerlərə ödədirlər. Onlar çatdırılma xidmətinin keyfiyyətli olması, müştərilərlə nəzakətli davranmağı deyil, daha çox verilən tapşırığın minimum, hətta fantastik bir vaxtda icra olunmasını tələb edir.

Elə bu səbəbdən bir də görürük ki, tıxacların arasında, ildırım sürətli bir moped külək olub keçir... Nəticə etibarilə belə hallar qəzaların artmasına səbəb olur.

Millət vəkili Rüfət Quliyev saytımıza açıqlamasında deyib ki, bu sahədə müvafiq qanunların qəbul edilməsindən sonra şəhərdə mopedlər, skuterlərlə əlaqədar müəyyən qədər nizam-intizam yaranıb.

“Bu məsələ ilə bağlı yəni qanun pozuntuları, kuryerlərlə, mopedlərlə bağlı mən 2 il öncə Milli Məclisin sessiyasında da, komitə iclaslarında da dəfələrlə çıxış elədim. Mən rəsmi formada dövlət yol polisindən də məlumat aldım. İlə təxmini mopedlərlə bağlı 2000 problem yaranır. Bunların içərisində xəsarət alma, ölüm, şikəst olma hadisələri, maşınlarının özünün vurulmağı var. Buna görə də  mən bu məsələyə daha çox diqqət verdim”.

Deputatın sözlətinə görə, o, bütün mopedlərin, skuterlərin, sürəti 30/40 km-dən artıq olan vasitələrin sürücülərinin xüsusi vəsiqə və dövlət yol nişanı əldə etməsini təklif edib:

“Biz bunu kifayət qədər müzakirə də etdik. Sağ olsunlar, Milli Məclisdə məni dəstəklədilər. Sağolsunlar ki, müvafiq dövlət qurumları da bu məsələyə böyük fikir verdilər. Sonda təxminən 1 il öncə qanun qəbul olundu”.

Beləliklə bütün bunlar onu göstərir ki, mopedlərin fəaliyyəti qanunvercilikdə tənzimləndikdən sonra qəzaların sayında azalma müşahidə edilir. Buna baxmayaraq, kuryerlər hələ də yollarda təhlükə yaratmağa davam edir. Bunun qarşısını almaq üçün həm də şirkətlər hərəkətə keçməli və müvafiq tədbirlər gücləndirilməlidir.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh