Banner

Lokal antiterror əməliyyatlarının əhəmiyyəti: qazanılmış tam qələbə

Yazarlar 14 Oktyabr 2023 22:24 Oxunub 1036
Lokal antiterror əməliyyatlarının əhəmiyyəti:  qazanılmış tam qələbə
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Son illərdə dövlətimizin hərbi sahədəki yüksəlişi göz önündədir. İkinci Vətən müharibəsi, aparılan qısamüddətli döyüşlər ordumuzun müasir hərbi texnologiyalarla təchiz olunduğunu və döyüş taktikasını zənginləşdirdiyini göstərir. Həmçinin qazanılan hərbi uğurlarımızda Ali Baş Komandan - İlham Əliyevin rolu danılmazdır. Dövlət Başçımızın hərbi sahədə apardığı islahatlar, tətbiq etdiyi yeniliklər güclü Azərbaycan ordusunun təməlini qoydu. Artıq yenilməz qüvvəyə çevrilən Azərbaycan ordusu düşmən üzərində qələbə qazanmalıydı və belə də oldu. 

44 günlük Vətən müharibəsində gücləndirilmiş Azərbaycan Silahlı Qüvvələri erməni hərbi birləşmələrini darmadağın etdi və 30 ilə yaxın müddətdə işğal altında olan torpaqlarını geri qaytardı. Bu yolda yenilənmiş hərbi təchizatla yanaşı ordumuzun əsasını təşkil edən igid hərbiçilərimizin canla-başla göstərdiyi qəhrəmanlıq nümayişi də önəmli rol oynadı. Ordumuz düşmənə “Qarabağ Azərbaycandır!” həqiqətini sübut etdi və bunu bütün dünyaya çatdırdı. Beləliklə qazanılmış qələbə tarixi ədalətin bərpasını həyata keçirdi. Qısa müddət olsa belə bu zaman dilimində Qarabağ iqtisadi rayonunun böyük hissəsi əsarətdən xilas edildi. 

Daim sülhün tərəfdarı olan Azərbaycan qarşı tərəfə bunu təklif etsə də verilən sözü tutmayan Ermənistan yenə də mənfur əməlindən geri qalmadı. Dəfələrlə mövqelərimizi atəşə tutan düşmənə qarşı ordumuz cavab verdi və 2022-ci ilin 12-14 sentyabr tarixlərində silahlı toqquşma baş verdi. Yenidən qələbə qazanan Azərbaycan ordusu bir daha düşmənə gücünü göstərdi və qarşı tərəfdən daha az itki verdi. 10 saat ərzində 600-dən çox erməni əsgərinin məhv edilməsi yenilməz ordumuzla onun əsasını təşkil edən cəngavər hərbiçilərimizin uğuru idi. İşğaldan azad edilmiş ərazilərdə sülhməramlıların yerləşdirilməsinə məhəl qoymayan ermənilərin mövqelərimizi davamlı silah atəşinə tutması daha bir münaqişəyə təkan verdi. Bu ilin sentyabrın 19-da başlayan döyüş 24 saatdan qısa müddətdə davam etdi. Lokal xarakterli antiterror tədbirlərində Qarabağda yaşayan seperatçılar darmadağın edildi, qalan ərazilər də düşmənlərdən təmizləndi. Həmçinin qondarma Dağlıq Qarabağ altında “hakim”liyini elan etmiş şəxslər taxt-tacından düşərək qurduğu “dövlət”i sonlandırdı. Yenə də öz humanistliyini qoruyub saxlayan Azərbaycan doğma torpaqlarımızda məskunlaşmış erməni əsilli əhaliyə yaşayış yerlərində qalma seçimini də təklif etdi. Eyni zamanda onların ehtiyaclarını qarşılamaq məqsədilə bir sıra tədbirlər həyata keçirildi. 

Mövzuyla bağlı Avtosfer.az-a məlumat verən hərbi ekspert Ramil Məmmədli dövlətimizin son döyüşlərdə istifadə etdiyi hərbi texnikalardan, taktikalardan və qələbə əzmindən danışdı.

“Lokal xarakterli antiterror tədbiri zamanı istifadə olunan silahlar ənənəvi hərbi əməliyyatlarda, müharibədə istifadə olunan texnologiyalardan bir sıra istiqamətlərinə görə fərqlənir. Azərbaycan dövləti məhz antiterror tədbiri zamanı silahlı qüvvələrin qarşısına mülki vətəndaşların xəsarət almamasıyla bağlı konkret tələb qoymuşdu. Bu tələbin icrası məqsədilə Azərbaycan Silahlı Qüvvələri hədəfi dəqiq məhv etmək üçün istifadə olunan silahlara üstünlük verdi. Antiterror tədbirində əsasən, yer-yer tipli taktik raket komplekslərindən, hədəfi dəqiq məhv edən digər silahlardan, zirehli texnikaların məhv edilməsi üçün zəruri olan hərbi avadanlıqlardan istifadə olundu. Təbii ki, bu proseslərin həyata keçirilməsində düşmən hədəflərinin müəyyən edilməsi üçün müşahidə kəşfiyyat təyinatlı pilotsuz uçuş aparatlarından (PUA), həmçinin “Harop” adlanan uçan silahdan, yəni kamikadze PUA-sından istifadə olundu. Qeyd etdiyim texnika və texnologiyalar silahlı qüvvələrimizin sürətli şəkildə düşmən mövqelərinin yerləşdiyi ərazilərdəki dərinliklərinə keçid etmək və həmin dərinliklərdə yerləşən mövqelərini sıradan çıxarmaq idi. Əlbəttə yerüstü əməliyyatların da həyata keçirildiyinə dair informasiyalar var. Lakin bu əməliyyatlarda əsasən, mobil qruplar şəklində daxili qoşunların, müdafiə nazirliyinin komanda hərbi birləşmələrinin xüsusi təyinatlı qüvvələrin bəzi istiqamətlər üzrə bölmələri istifadə olundu. Azərbaycan Silahlı Qüvvələrinin invertarında “LORA” və “Polonez” taktik raket kompleksləri mövcuddur. Bu raket kompleksləri düşmənin dərinlikdə yerləşən mövqelərini asanlıqla sıradan çıxartdı. Ordumuzun əldə etdiyi üstünlük məhz bu silah texnikalardan istifadə etməsiylə bağlı idi”.

Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə dəstəyi ilə “ Müzəffər Ali baş Komandanın rəhbərliyi ilə 44 günlük Vətən Müharibəsində qazanılmış tarixi qələbə, Ermənistan tərəfindən törədilmiş sülh və insanlıq əleyhinə cinayətlər, habelə müharibə cinayətləri bağlı həqiqətlərin dünya ictimiyyətinə çatdırılması” istiqaməti üzrə hazırlanıb.

Nərimin Əkbər 

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh