Reklam

Millət vəkili Qənirə Paşayeva yazır - DÖVLƏTOĞLU...

Yazarlar 18 Noyabr 2020 15:01 Oxunub 2576
Millət vəkili Qənirə Paşayeva yazır -  DÖVLƏTOĞLU...
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Cəbrayıl Dövlətzadənin adı şəhadət şərbəti içdiyi gündən bəri dillər əzbəridir. Onu o günədək ailəsi, doğmaları, qonşuları, dostları və nəhayət döyüş yoldaşları tanıyırdısa, artıq bütün dünya azərbaycanlılarının bildiyi, sevdiyi, vurulduğu addır Cəbrayıl Dövlətzadə adı!
Şəhidimizin böyüyüb boya-başa çatdığı ev o gün-bu gündür ziyarət yerinə dönüb. O evi biz də ziyarət etdik.Artıq heç kəs üçün sirr deyil ki 19 yaşlı Cəbrayıl Dövlət oğlu Dövlətzadə şəhid general Polad Həşimovun məzarı yanında torpağa tapşırılıb. Vətənimizin iki mərd, qorxmaz, fədakar oğlu! O biri şəhid qardaşları da harada dəfn edilməsindən, neçə yaşda şəhadət şərbəti içməsindən asılı olmayaraq, əzizdir, ruhlarına əbədi ehtiramımız var. Şəhid generalla şəhid əsgərimiz isə ruh əkizidir; onların səngər taleyi, döyüş yolu, mübarizə metodu bir-birini xüsusi şəkildə tamamlayır.
Mələk adlı, mələk üzlü şəhid Cəbrayıl hələ uşaq vaxtlarından həddən artıq mərd olması ilə seçilib. Uşaqlıqdan özündən zəifləri qoruması ilə tanınan Cəbrayıl, döyüşkən uşaq olub; bəzi tay-tuşlarının əvəzinə gedib davalarda iştirak eləyib; döysə də, döyülsə də, sonadək haqqın yanında olub. Əlində-ovcunda olanı dostları ilə paylaşmağı sevən oğul olub, xeyirxah olub Cəbrayıl.
Cəbrayıl öncəbhədən xeyli uzaqda – Cəlilabadda hərbi xidmət keçirmiş. Ailə üzvlərinə demədən, könüllü şəkildə, xidmət yerinin öncəbhəyə dəyişdirilməsi üçün müraciət edib, müraciəti nəzərə alınıb. Sentyabrın 27-də Azərbaycan Ordusu əks hücuma başlayıb və Cəbrayıl əks hücumun ən ön sıralarında olub, ilk qəhrəmanlıq göstərənlərimizdən və şəhadət şərbətini ilk içənlərdən olub...
19 yaşlı qəhrəmanımız haqqında əfsanələr dolaşır və bu əfsanələrin məhz müharibənin ilk günü və 19 yaşında şəhid olmuş bir gəncə yaraşdırılması, onun şəhid generalın yanında dəfn edilməsi, o əfsanələrin əfsanəvi həqiqət olduğuna inandırır bizi. Əgər “Cəbrayıl Dövlətzadə kim olub?” deyə sosial şəbəkədə axtarış versəniz, düşmənin generalını və polkovnikini əlləri ilə boğaraq məhv etmiş, general Polad Həşimovun və onun silahdaşlarının qisasını almış, yanındakı zabitlərə “sizin ailəniz, uşağınız var, siz geri qayıdın deyib, özü düşmənlə üz-üzə gəlmiş, düşmən səngərində ona yaxın erməni hərbçisi ilə əlbəyaxa döyüşə girərək, onlardan ikisini öldürdükdən sonra özü də şəhid olmuş... bir qəhrəmanın obrazı ilə qarşılaşacaqsınız. Bu yazılanların, deyilənlərin hansının şahid ifadələri ilə sabit olduğu yaxud rəsmi təsdiq edildiyi mənə bəlli olmasa da, doğrusu, mən bu comərdliklərin hər birini Cəbrayıla yaraşdırır, ona aid olan gözəlliklər kimi qəbul edirəm.  
Gəlin qəhrəman şəhidimizin anasının dedikləri ilə tanış olaq: “Cəbrayıl hərbçi olmaq istəyirdi. Xüsusi Təyinatlı Dəstədə qulluq etməyi arzulayırdı. Sonunadək xalqına, torpağına, xidmət yoldaşlarına sadiq oldu. Heç vaxt çətinliyini dilinə gətirmirdi. Axır nəfəsinədək qeyrətli vuruşdu. 19 yaşında tarix yazdı. Elə düşünürəm ki, Azərbaycan xalqının qəhrəmanı da bu cür olmalıdır. Vətənimizə yaraşan qəhrəmandır oğlum. 
...Amma 19 yaş valideyn üçün övladının körpəliyidir. Bəzən deyirlər, Cəbrayıl haqda danış. Mən oğlum haqda nə danışa bilərəm? Ancaq uşaqlıq xatirələri, uşaqlıq illərini yada sala bilərəm?.. 
Cəbrayıl gəldi, böyümədən getdi”...
Cəbrayıl fiziki yaş olaraq böyümədi bəlkə amma adını-şanını böyütdü getdi. Adına uyğun, xeyir, nicat mələyi kimi oğul oldu! Soyadına uyğun oğul oldu. – Cəbrayıl Dövlət oğlu Dövlətzadədir o!
Əslən Zəngilan rayonundan olan Cəbrayıl 2001-ci ildə Sumqayıt şəhərinin Corat qəsəbəsində dünyaya göz açıb. Orta məktəbi bitirdikdən sonra hərbi xidmətə yollanıb. Sərhəd Qoşunlarında xidmət etsə də, özü ərizə yazaraq könüllü döyüşlərə qatılmaq istədiyini bildirib, artıq yuxarıda da vurğuladığımız kimi, onun bu istəyi nəzərə alınıb. Onu yaxından-uzaqdan tanıyanların ortaq fikridir: Cəbrayıl comərd, qüvvətli, nəcib keyfiyyətli, qətiyyətli bir gənc idi.
Ruhların ölmədiyinə inamımla Şəhidimizin özünə müraciət etmək istəyirəm:
-Cəbrayıl, sən ananla son telefon danışığında “məndən nigaran olmayın, Vətənə canım fəda!” demisən. Cəbrayıl, sənin adaşın olan rayonumuz da, Füzuli babamızın adını daşıyan el-obamız da, atananın-babanın böyüdüyü Zəngilan da, Qubadlı da, hələ-hələ Şuşa da azad edilib!
Narahat olma!
Ruhu şad Dövlətoğlu, 
dövlətin, bayrağın həmişə var olsun!!
 

Qənirə Paşayeva,

Milli Məclisin Mədəniyyət komitəsinin sədri

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh