Banner

Müstəqil Azərbaycanın qurucusu: keçmişdən gələcəyə - Heydər Əliyev - 100

Yazarlar 20 Noyabr 2023 09:00 Oxunub 876
Müstəqil Azərbaycanın qurucusu: keçmişdən gələcəyə - Heydər Əliyev - 100
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Müstəqil Azərbaycan dövlətinin yaranmasında ümummilli lider Heydər Əliyevin rolu danılmazdır. Hələ keçən əsrin 60-ci illərindən etibarən Azərbaycana rəhbərlik missiyasını həyata keçirən Heydər Əliyev ölkənin müstəqil olması yolunda əlindən gələni əsirgəmədi.

Hakimiyyətinin birinci dövründən başlayaraq azərbaycançılıq ideologiyasını təbliğ edən ümummilli lider onu hər il daha da genişləndirməyi və ölkəmizi dünya səviyyəsində müstəqil dövlət kimi tanıtmağı qarşısına məqsəd qoydu.  


O dövr Azərbaycanda hərc-mərcliyin hökm sürməsinə, ölkənin ağır dönəmdən keçməsinə baxmayaraq Heydər Əliyev çətin və özünün hər zaman qeyd etdiyi kimi şərəfli vəzifəni yerinə yetirəcəyinə söz verdi. Bu dövrdə liderin qarşısına qoyduğu əsas məqsəd müstəqilliyə doğru əmin addımlar atmaq və xalqda milli oyanış ruhunu dirçəltmək idi.

Ölkənin həm sənaye, həm iqtisadi baxımdan inkişafının zəif olması əhalinin sosial vəziyyətinə təsir göstərirdi. Eyni zamanda sənaye məhsulları istehsalının ümumi inkişaf səviyyəsində, milli gəlirin həcmində və əmək məhsuldarlığının artım sürətində də Azərbaycan ittifaq səviyyəsindən geri qalırdı və bu proses getdikcə artırdı. Kənd təsərrüfatı xüsusilə ağır vəziyyətdəydi.

Elmi-texniki tərəqqinin nailiyyətləri istehsalatda, demək olar ki, tətbiq olunmurdu. Doğma xalqının böyük təəssübkeşi olan Heydər Əliyev totalitar rejimin hökmranlıq etdiyi mürəkkəb tarixi şəraitdə Azərbaycanı Sovet İttifaqının ən qabaqcıl respublikalarından birinə çevirmək üçün həyatın bütün sahələrində geniş islahatlar proqramı həyata keçirməyə başladı.


Ümumilli lider bugün də hər kəsin yaddaşında yeni Azərbaycanın qurucusu kimi həkk olunub. O, ölkəyə rəhbərlik etdiyi zamandan başlayaraq qarşısına çıxan bütün maneələri və çətinlikləri dəf edərək 


SSRİ-nin Azərbaycanda əsas dayağı olan Azərbaycan Dövlət Təhlükəsizliyi Komitəsinin sədri vəzifəsinədək ucaldı. Onun bu dövrdə, son dərəcə gərgin və mürəkkəb şəraitdə göstərdiyi məqsədyönlü və səmərəli fəaliyyəti nəticəsində Dövlət Təhlükəsizliyi Komitəsinin xalqımızın düşmənlərindən təmizlənməsi sahəsində çox ciddi addımlar atıldı və ilk dəfə olaraq vətənimizin layiqli övladlarının fəal surətdə təhlükəsizlik orqanlarında işə cəlb olunmasına başlandı.
Ümumilli liderin uzaqgörən siyasəti, müdrik və səriştəli rəhbərliyi nəticəsində Azərbaycan o zaman bütün Sovet İttifaqında ən qabaqcıl kənd təsərrüfatı respublikasına, o cümlədən qabaqcıl pambıqçılıq və üzümçülük diyarına çevrildi. Kənd zəhmətkeşlərinin sosial-iqtisadi vəziyyəti əsaslı surətdə yaxşılaşdı.

Azərbaycan kəndində misilsiz tikinti, abadlıq və mədəni quruculuq işləri aparıldı.
Belə ki, onun yürütdüyü uzaqgörən siyasət nəticəsində 1970-1985-ci illərdə respublika ərazisində yüzlərlə fabrik, zavod yaradıldı. Artıq Azərbaycanda istehsal olunan 350 adda məhsul dünyanın 65 ölkəsinə ixrac olunurdu. Heydər Əliyevin təşəbbüsüylə Bakı və bölgələrdə görülən abadlıq işləri onların mənzərəsini tamamilə dəyişdi. 


Qeyd etdiyimiz zaman dilimində ölkə başçısının dövlətə xeyirli gənc kadrların yetişməsində, gələcəyin dövlət idarəçilərinin formalaşmasında, o cümlədən nadir sahələr üzrə mütəxəssislərin yaradılmasında əvəzsiz rolu oldu. Belə ki, 3500 gənc SSRİ-nin 170 qabaqcıl ali məktəblərinə göndərildi. Hər il 800 azərbaycanlı təhsil almaq üçün ölkə xaricinə yola salınırdı. Bununla yanaşı, o, hərbi sahənin inkişafına da xüsusi diqqət ayırırdı. Gənclərin ali təyyarəçilik məktəblərinə göndərilməsi onun şəxsi nəzarətində idi.
Heydər Əliyevin birinci rəhbərliyi dövründə həyata keçirdiyi əzəmətli quruculuq işlərinin böyük tarixi əhəmiyyəti xalqımızda milli qürurun, milli mənlik şüurunun oyanması, azadlıq, müstəqillik duyğularının baş qaldırması oldu.

Azərbaycan xalqı milli azadlıq hərəkatının yüksəliş mərhələsinə daxil oldu və bu, Heydər Əliyevin xalqımızın istiqlal mübarizəsi tarixində misilsiz xidmətinin bəhrəsiydi. 
1993-cü ildən Ulu öndərin hakimiyyətinin ikinci mərhələsi başladı. Lakin bu dövr əvvəlki illərdən daha çətin idi. Cəbhədə ağır məğlubiyyətlər, xəyanətlər, satqınlıq, vəzifə ələ keçirmək üçün müqəddəs torpaqlarımızın hərraca qoyulması adi hal almışdı. Ölkədə, sözün əsl mənasında, hakimiyyətsizlik hökm sürürdü.

Belə bir zamanda hər şeyi gözə alan Heydər Əliyev yenidən ölkəsinə rəhbərlik etməyi seçdi. Ümummilli liderin bu illərdə geosiyasi ziddiyyətlərin mövcud olduğu şəraitdə dövlətçiliyimizi xilas etməsi və azadlığımızı, müstəqilliyimizi qoruyub saxlaması vətəninə ən böyük xidməti oldu. O, ölkədə sabitliyi yaradaraq milləti qarşısında söylədiyi ifadəni sübut etdi: “Azərbaycanın dövlət müstəqilliyi əbədi olacaqdır, sarsılmaz olacaqdır, dönməz olacaqdır”. Dövlətini iflasa uğramaqdan, millətini parçalamaqdan xilas edən dahi siyasətçi torpağımız, xalqımız, dilimiz üzərində azərbaycançılıq ideologiyasını bərpa etdi. Bununla da ölkədə vahid islam-türk birliyi yarandı. 


Heydər Əliyevin siyasəti nəticəsində ölkəmizin beynəlxalq nüfuzu artmağa başladı. Tətbiq etdiyi uğurlu xarici islahatlarla Azərbaycanı türk dünyasından təcrid olunmuş vəziyyətdən çıxartdı. Belə ki, türk dövlətləriylə sarsılmaz dostluq əlaqələri qurdu. Həmçinin dövlətimizin islam dünyasındakı nüfuzu getdikcə çoxaldı. Azərbaycan artıq beynəlxalq ittifaqlar və təşkilatlara üzv olmağa başladı. 


Ümummilli lider ölkə iqtisadiyyatının dirçəlməsi istiqamətində böyük işlərə imza atdı. Heydər Əliyev zəkasının, ardıcıl və inadlı fəaliyyətinin nəticəsi olan Bakı-Tiflis-Ceyhan əsas neft ixracı kəmərinin və  Bakı-Ərzurum qaz kəmərinin çəkilməsi region, eləcə də türk dünyası ölkələri üçün iqtisadi baxımdan əsrin uğuru oldu. 
Ulu öndər Azərbaycanın xarici ölkələrlə ticarət əlaqələrinə maneə olan və münasibətlərini kəsən qüvvələrə qarşı Şərq-Qərb dəhlizini açdı. Böyük İpək Yolunun canlandırılması ideyasından Azərbaycanı iqtisadi blokadadan çıxarmaq üçün məharətlə istifadə etdi.

Bununla da nəinki ölkəmizin, bütün türk dünyasının dirçəlişində, iqtisadi-mənəvi oyanışında misilsiz rol oynadı.
Elmə, təhsilə hər zaman önəm verən Heydər Əliyev hakimiyyətinin ilk dövrlərində olduğu kimi, bu mərhələdə də yüzlərlə ixtisaslaşmış dövlət kadrlarının yetişməsində əlindən gələni etdi. Bu zaman dilimində ölkə daxilində ana dilinin tədrisinə, təhsil ocaqlarının çoxalmasına, eyni zamanda gənclərin xaricə göndərilməsinə xüsusi diqqət ayırdı. Heç də təsadüfi deyil ki, bugün ölkə rəhbərliyində önəmli yer tutan şəxslər o vaxtın gəncləri idi və hər birinin parlaq gələcəyində Heydər Əliyevin imzası var. 


Bu dövrdə xaricdə yaşayan həmvətənlərimizin ölkəylə əlaqələrinin genişlənməsi və kəsilməməsində də Heydər Əliyevin xidməti əvəzsiz idi. O, hər zaman xaricə səfər edəndə soydaşlarımızla əlaqə saxlamağa çalışır və çıxışlarında onlara vətənlərini unutmamağa çağırırdı. Həmçinin ölkədən kənarda diaspora və lobbiçiliyin yaradılması da məhz ulu öndərin təşəbbüsünün nəticəsiydi. 


Bugün inkişafının yüksək pilləsinə çatan və ərazi bütövlüyünü bərpa edən Azərbaycan Heydər Əliyevin yürütdüyü siyasəti davam etdirir. Ali Baş Komandan İlham Əliyev atasının ona miras qoyduğu siyasəti uğurla yerinə yetirir. Artıq ölkəmiz müstəqil dövlət kimi xaricdə daha çox tanınır və dünya ölkələriylə sıx əlaqələr qurur.

Üç il əvvəl işğalda olan torpaqlarımızı yadelli əsarətindən xilas edən Ali Baş Komandan milyonların önündəki çıxışını gerçəkləşdirdi. Artıq tamamilə bütöv və azad olan Azərbaycan dünya səviyyəsində öz haqqının səsini yaymağı bacarır və tərəfdaşlarının sayını yüksəldir.

Qeyd: Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə dəstəyi ilə Azərbaycançılıq ideyasının təbliği – “Heydər Əliyev İli” istiqaməti üzrə hazırlanıb.

Mtəklif: Nərmin Əkbər 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh