Online sürücülük vəsiqəsi veriləcək?

Ekspert: “Söhbət sürücülük vəsiqəsinin ”tam onlayn" verilməsindən yox, prosesin müəyyən mərhələsinin rəqəmsallaşdırılmasından gedir"
Son günlər ictimaiyyətdə geniş müzakirə olunan mövzulardan biri sürücülük vəsiqələrinin onlayn qaydada verilməsi ilə bağlıdır. Xüsusilə də rəqəmsal xidmətlərin sürətlə genişləndiyi bir dövrdə bu sual bir çox vətəndaşı maraqlandırır: doğrudanmı sürücülük vəsiqəsini evdən çıxmadan almaq mümkün olacaq, yoxsa söhbət yalnız mövcud sənədlərin yenilənməsindən gedir?
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin açıqladığı məlumatlar müəyyən aydınlıq gətirsə də, suallar hələ də qalmaqdadır.
DİN-in məlumatına görə, vətəndaşların gündəlik həyatını asanlaşdırmaq, dövlət xidmətlərinin keyfiyyətini və əlçatanlığını artırmaq, eyni zamanda ölkədə rəqəmsal transformasiya prosesini sürətləndirmək məqsədilə bir sıra mühüm təkliflər hazırlanıb. Bu təkliflər şəxsiyyət vəsiqələrinin, ümumvətəndaş pasportlarının və sürücülük vəsiqələrinin alınması və yenilənməsi, eləcə də nəqliyyat vasitələrinin qeydiyyatı ilə bağlı ilkin sənədlərin qəbulu mərhələsinin rəqəmsallaşdırılmasını nəzərdə tutur.
Başqa sözlə, vətəndaşlar artıq bu xidmətlər üzrə ilkin müraciətlərini müvafiq dövlət qurumlarına fiziki olaraq getmədən, onlayn platformalar üzərindən təqdim edə biləcəklər. Bu isə növbələrin azalması, vaxt itkisinin qarşısının alınması və insan faktorundan asılılığın minimuma endirilməsi baxımından ciddi üstünlüklər vəd edir.
Nazirlik vurğulayır ki, bu təşəbbüs “rəqəmsal hökumət” modelinin daha da möhkəmlənməsinə, dövlət xidmətlərinin operativliyinin və şəffaflığının artmasına, eyni zamanda vətəndaş məmnunluğunun yüksəlməsinə xidmət edəcək. Layihənin BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri ilə uzlaşması da xüsusi olaraq qeyd olunur.
Onlayn vəsiqə, yoxsa onlayn müraciət?
Mövzu ilə bağlı nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov danışıb. Ekspert qeyd edib ki, burada anlayışları dəqiq ayırmaq vacibdir. Onun sözlərinə görə, hazırkı mərhələdə söhbət sürücülük vəsiqəsinin “tam onlayn” verilməsindən yox, prosesin müəyyən mərhələlərinin rəqəmsallaşdırılmasından gedir: “Sürücülük vəsiqəsinin alınması yalnız sənəd məsələsi deyil, həm də bilik və bacarıqların yoxlanılmasını əhatə edən kompleks prosesdir. Praktiki imtahanlar, tibbi müayinələr, biometrik məlumatların toplanması kimi mərhələlər hələ də fiziki iştirakı zəruri edir. Buna görə də hazırkı təşəbbüslər daha çox sənədlərin qəbulu, müraciətlərin edilməsi və mövcud vəsiqələrin yenilənməsi prosesinin onlayn müstəviyə keçirilməsi ilə bağlıdır.
Xüsusilə sürücülük vəsiqəsinin müddətinin uzadılması, məlumatların dəyişdirilməsi və ya itki ilə bağlı müraciətlərin elektron şəkildə aparılması vətəndaşlar üçün böyük rahatlıq yaradacaq. Bu həm də yol polisi orqanlarının üzərindəki inzibati yükü azaldacaq".
Eldəniz Cəfərov həmçinin qeyd edib ki, texnologiyaların inkişafı ilə uzunmüddətli perspektivdə daha geniş imkanlar yarana bilər: “Gələcəkdə nəzəri imtahanların tam onlayn keçirilməsi, biometrik təsdiqləmə sistemlərinin təkmilləşdirilməsi mümkündür. Amma yaxın dövr üçün əsas məqsəd proseslərin sadələşdirilməsi və şəffaflığın artırılmasıdır”./musavat













