Reklam

“Azərbaycan polisinin fəaliyyəti böyük fədakarlıq nümunəsidir” - Hikmət Babaoğlu

Yazarlar 8 İyun 2020 14:42 Oxunub 2244
“Azərbaycan polisinin fəaliyyəti böyük fədakarlıq nümunəsidir” - Hikmət Babaoğlu
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Pandemiya şəraitində Azərbaycan polisinin fəaliyyəti böyük fədakarlıq nümunəsi, beşinci kalon və radikal müxalifətin davranışı isə elə koronavirus sayağıdır.

Bunu Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.

H.Babaoğlu bildirib ki, dünyanın 200-dən çox ölkəsində yayılmış yeni növ koronavirus (COVID-19) infeksiyası bir çox dövlətin ciddi sosial-iqtisadi və səhiyyə problemləri ilə qarşı-qarşıya qalmasına səbəb olub: “Diqqət etsək, görərik ki, pandemiya ilə mübarizə strategiyasını düzgün müəyyənləşdirən dövlətlər minimum itkiyə məruz qalıblar, vətəndaşların rifahı və sağlamlığının qorunmasına mümkün qədər nail olmağı bacarıblar. Bu kontekstdə Azərbaycan təcrübəsi də cəlbedici nümunə kimi diqqət mərkəzindədir. Koronavirus pandemiyasına qarşı mübarizədə Azərbaycan önləyici tədbirlər almaqla çox nümunəvi bir təcrübə əldə etməyi bacarıb, dünyanın bir sıra inkişaf etmiş ölkələri ilə müqayisədə Azərbaycanda daha ciddi uğurlar əldə olunub və ölkəmiz bu virusun yayılmasının total xarakter almasının qarşısını ala bilib.

Ölkəmizdə karantin rejimi dövründə yoluxma hallarının sayı minimuma endirilib, ölüm halları çox aşağı səviyyədə olub, xüsusi rejimli xəstəxanalarda müalicə olunaraq sağalanların sayı yeni yoluxma hallarının sayını kəskin üstələyib. Bununla yanaşı, xüsusi karantin rejimi yumşaldılandan və sərt qadağalar aradan qaldırılandan sonra, yeni yoluxma hallarının sayında artım müşahidə olunmağa başlayıb, əldə edilmiş pozitiv nəticəni qoruyub saxlamaq mümkün olmayıb. Bunun başlıca səbəbi bir çox insanın mövcud qaydalara əməl etməməsi, sanitar-gigiyenik normalara, sosial məsafə tələblərinə riayət olunmaması, fərdi qoruyucu vasitələrdən yetərincə istifadə olunmamasıdır”.

Deputat vurğulayıb ki, pandemiya ilə mübarizədə ön cəbhədə yer alan Azərbaycan polisi xidməti borcunu layiqincə yerinə yetirir: “Qeyd etdiyimiz kimi, dövlət pandemiya şəraitində insanların sağlamlığı və rifahının qorunması üçün bütün resurslarını səfərbər edib. Eyni zamanda, koronavirusla mübarizədə ön cəbhədə yer alan polislər, həkimlər böyük fədakarlıq nümunəsi ortaya qoymaqla bu prosesə mühüm töhfə vermiş olurlar. İstər karantin rejimi dövründə, istərsə də son günlər bəzi məhdudiyyətlərin yenidən tətbiq olunduğu hazırkı şəraitdə qaydalara əməl olunması, təhlükəsizliyin təmini istiqamətində uğurla fəaliyyət göstərən Azərbaycan polisi böyük fədakarlıq nümayiş etdirir.

Onlar vətəndaşlarımızın sağlamlığı və təhlükəsizliyi naminə xidməti borclarını layiqincə yerinə yetirir, virusa yoluxma riskini azaltmaq üçün xüsusi karantin rejimi qaydalarına ciddi riayət edilməsinə nəzarət edir, qanunla müəyyən olunmuş qaydada öz səlahiyyətləri çərçivəsində müvafiq addımlar atırlar. Sosial şəbəkələrdə izlədiyimiz görüntülərdə əks olunduğu kimi, Azərbaycan polisi xidməti borcunu layiqincə yerinə yetirməklə yanaşı, çətin vəziyyətdə olan insanların da köməyinə çatır, onlara yardım əli uzadır, humanist davranışları ilə həm də milli həmrəyliyə töhfələrini vermiş olurlar. Bütün bunlar isə vətəndaşlar tərəfindən məmnunluqla qarşılanır”.

H.Babaoğlu vurğulayıb ki, sosial şəbəkələr vasitəsilə Azərbaycan polisinə qarşı “qara piar” kampaniyası təşkil etmək milli maraqlara qarşı yönəlmiş davranış kimi yolverilməzdir: “Karantin rejimi çərçivəsində həftə sonu tətbiq olunan qapanma şəraitində – evdən çıxma qadağasının qüvvədə olduğu iki gün ərzində də polis fədakar fəaliyyət göstərib, qarşısına qoyulan vəzifələri yüksək səviyyədə icra edib. Lakin təəssüflər olsun ki, bəzi hallarda sosial şəbəkələrdə polisin fəaliyyətinə kölgə salmaq məqsədilə əsassız iddiaların irəli sürülməsinin şahidi olduq.

Xüsusilə də, radikal müxalifət düşərgəsinin sabotajla məşğul olaraq karantin rejimi çərçivəsində görülmüş işlərlə bağlı manipulyativ informasiyalar yaymaq, vətəndaş-dövlət münasibətlərində etimadsızlıq mühiti yaratmaq cəhdləri müşahidə edilir. Onlar sosial izolyasiya qaydalarının tətbiqini internet resurslarından və sosial şəbəkələrdən istifadə etməklə ictimai rəyə fərqli formada təqdim etməyə çalışırlar. Hətta insanların sağlamlığının qorunması naminə atılan addımları “azadlıqların məhdudlaşdırılması” kimi göstərmək cəhdləri var. Bu, tamamilə manipulyativ yanaşmadır, çünki sosial özünütəcrid vətəndaşların təhlükəsizliyinin təmin olunması məqsədilə atılan addımdır. Təbii ki, hazırkı pandemiya dövründə ictimai maraqlarımızın tələb etdiyi karantin rejiminin tələblərinin bu cür manipulyasiya edilməsi ümumi mənafelərimizə qarşı atılmış təhlükəli addım kimi qiymətləndirilməlidir: “Ona görə də bu cür hərəkətlər ictimai rəy tərəfindən ciddi şəkildə qınaq obyektinə çevrilməlidir. Bütövlükdə, sosial şəbəkələr vasitəsilə Azərbaycan polisinə qarşı “qara piar” kampaniyası təşkil etmək, onun fədakar və uğurlu fəaliyyətinin üzərinə kölgə salmaq milli maraqlara qarşı yönəlmiş davranış kimi yolverilməz və qəbulolunmazdır! Dezinformasiya yaymaq ictimai və hüquqi məzmuna malik olan məsələ kimi informasiya təhlükəsizliyinə təhdid yaradır Hər şeydən əvvəl unutmaq olmaz ki, tətbiq olunan qaydalar təkcə dövlət orqanları deyil, ümumilikdə bütün cəmiyyət, fərdi qaydada hər bir vətəndaş qarşısında ciddi məsuliyyət müəyyənləşdirir”.

Ən əsası isə, kütləvi informasiya vasitələri, fəal sosial şəbəkə istifadəçiləri məsuliyyətli, həssas və diqqətli olmalı, ajiotaja, sosial təşvişə xidmət edən, eləcə də müvafiq hüquqi məsuliyyət doğuran yalan, dezinformasiya xarakterli məlumatların yayılmasına rəvac verən davranışlara yol verilməməlidir. Çünk bu məsələlər ictimai və hüquqi məzmuna malik olmaqla həm də cəmiyyətimiz və dövlət üçün informasiya təhlükəsizliyi məsələsidir. Nəticə etibarilə, milli maraqlar ətrafında birləşmiş hər bir şəxs bu cür hallara qarşı mübarizə aparmalıdır. Müvafiq dövlət strukturlarının hüquq müstəvisində həyata keçirdiyi tədbirlərlə yanaşı, fərd olaraq xalqın təhlükəsizliyi, əhalinin sağlamlığı naminə həyata keçirilən tədbirlərin əhəmiyyətini azaltmaq, yaxud görülən işlərin üzərinə kölgə salmaq məqsədilə sosial şəbəkələrdə aparılan çirkin təbliğatın qarşısını həm də ictimai qınaq vasitəsilə almalıyıq. “Beşinci kolon”un və radikal müxalifətin koronavirussayağı davranışı əslində, ölkəmizdə siyasi-ideoloji müstəvidə və informasiya məkanında da təxminən koronavirusa bənzər davranış nümayiş etdirən qruplaşmalar var.

Onlar ictimai rəyi maniupuliyasiyaya məruz qoymaq məqsədilə daha çox insani radikal düşüncələrə yoluxdurmaq, Azərbaycanın milli maraqlarına qarşı yönləndirmək üçün siyasi platformada elə koronavirus infeksiyası kimi hərəkət edirlər. Ümumiyyətlə, karantin rejiminin tələblərinin qeyd-şərtsiz yerinə yetirilməsi zərurətdir. Özünün, cəmiyyətin və bütövlükdə xalqının sağlamlığını düşünən, məsuliyyət hissi daşıyan hər bir şəxs bu qaydalara əməl etməyə borcludur. Dünyanın heç bir yerində nə sosial şəbəkələrdə, nə müxalifətin gündəliyində koronavirusla mübarizə çərçivəsində görülən inzibati xarakterli tədbirlər qınanılmır. Çünki normal müxalifət bu cür tədbirlərdən siyasi qazanc əldə etməyə cəhd göstərmir, onu siyasi əxlaq və məsuliyyət baxımından qəbuledilməz sayır.

Çox təəssüf ki, Azərbaycanda “beşinci kolon” nümayəndələri, radikal qruplaşmalar bu cür hərəkətlərlə yol verirlər . Bir daha görünür ki, həmin marginal qruplar siyasətdə nə qədər qeyri-əxlaqi metodlardan istifadə edirlər. Əlbəttə ki, bu, Azərbaycan cəmiyyəti tərəfindən ikrah hissi ilə və ciddi qınaqla qarşılanır. Nəticə etibarilə, şübhəsiz ki , “beşinci kolon”un bu cür cəhdləri heç bir nəticə verməyəcək, onlar sadəcə növbəti dəfə özlərini ifşa etmiş olacaqlar. Azərbaycan xalqı koronavirusla mübarizədə uğurlar əldə etdiyi kimi, radikal qruplaşmaların dağıdıcı fəaliyyətinə qarşı da həmişə olduğu kimi, uğur qazanacaqdır”. (Trend)

ŞƏRH YAZ
Ad

E-mail

Şərh