Banner

Piyadalar niyə bu qədər məsuliyyətsizdir? - Birini maşın vurub öldürür, digəri yenə qayda pozur - VİDEO

Yazarlar 8 Dekabr 2023 11:29 Oxunub 1548
Piyadalar niyə bu qədər məsuliyyətsizdir? - Birini maşın vurub öldürür, digəri yenə qayda pozur - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Ötən illərlə müqayisədə piyadaların vurulmasıyla nəticələnən yol qəzalarının sayı artıb. Təəssüf hissiylə qeyd edək ki, belə qəzaların baş verməsində səbəbkar çox vaxt piyadaların özü olur.

Hər şeydən əvvəl məsuliyyətsiz insanlar öz həyatları ilə yanaşı sürücüləri də təhlükəyə atır. Yaxınlıqda piyadalar üçün yeraltı, yerüstü keçidlər, zolaqlar olsa bəziləri qanunazidd hərəkət etməyi seçirlər. Hətta onların arasında yoldakı boşluqdan istifadə edənlər də az deyil. Belə ki, işıqfora məhəl qoymayan bəzi piyadalar nəqliyyat vasitələri olmadığı zaman yolu keçir. Lakin qəfildən maşının gələ biləcəyini düşünmür. Magistral yollardan keçən piyadalar da kifayət qədərdir. Çoxzolaqlı yollarda qəza riskinin daha yüksək olduğunu nəzərə alsaq piyadanın vurulma faizi də artır.

Ötən gün yaşlı qadının Xətai rayonu 8 Noyabr prospektində yolu keçərkən “KIA” markalı avtomobil tərəfindən vurulması videosu yayılmışdı. Videoda piyadanın qayda pozaraq avtomobillərin intensiv hərəkətdə olduğu yoldan keçdiyi və baş vermiş qəzanın ölümlə nəticələndiyini görürük. Lakin belə hadisələrin baş verməsi, yayılması müəyyən kütləyə yenə də təsir etmir. Dünənki bədbəxt hadisənin canlı şahidi olan başqa bir piyadanın eyni hərəkəti təkrarlaması buna bariz nümunədir. Qəza baş verən yerin yaxınlığında digər piyada eyni istiqamətdə yolu keçməyə cəhd edib. Görəsən bu düşüncənin səbəbi nədir?

Psixoloq Aygün Ağabalayeva Avtosfer.az-a bildirib ki, piyadaların yol mədəniyyətinin olması vacibdir. “Hər sahədə olduğu kimi, yolu keçərkən də insanlar mövcud qaydalara əməl etməlidir. Sürücü mədəniyyətiylə yanaşı piyada mədəniyyəti də var və tətbiq olunmalıdır. Piyada bir neçə saniyəlik ani düşüncəylə hərəkət etməməlidir. Nəzərə almalıdır ki, anlıq fikir sonradan böyük faciəyə səbəb ola bilər. Təbii ki, bu istiqmətdə maarifləndirici tədbirlərin çoxalması zəruridir. Nə qədər belə tədbirlər çox olsa, o qədər azdır. Çünki bir insanın düşüncəsizliyi neçə insanın, ailənin zərər çəkməsinə səbəb olur”.

Qayda pozan piyadaların adətən bir neçə bəhanəsi var: “Diqqətsiz idim”, “Vaxtım yoxdur”, “Yaxınlıqda keçid yoxdur”.. Səbəb nə olursa-olsun həyatınızı təhlükəyə atmaq yolverilməzdir.

Son zamanlarda heyvanların keçiddən istifadəsiylə bağlı görüntülər sosial şəbəkələrdə geniş yayılıb. Qayda pozan piyadalardan fərqli olaraq heyvanların bu addımı atması olduqca təsirlidir. Şüursuz canlıların bu davranışı həyatını təhlükəyə atan insanlara nümunə olmalıdır.

Qeyd:  Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə dəstəyi ilə  "İnsan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi, siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial və siyasi fəallığının artırılması” istiqaməti üzrə hazırlanıb.

Nərmin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh