Qanun qarşısında hamı bərabər olmalıdılar: – Ekspert xanım sürücülərin səhvlərindən danışdı
Hazırda sürücülər arasında xanımların daha çox qaydanı pozduqları ilə bağlı iddialar dolaşır. Bəzi sürücülər bunu xanımların zərifliyi ilə əlaqələndirsə də, xanımların daha az qayda pozduğunu, diqqətli sürdüklərini söyləyənlər də az deyil.
Bəzi iddialara görə, qadınlar kişilərlə müqayisədə daha səliqəli avtomobil idarə etsə də, qəza vəziyyəti yarandıqda xanımlar daha tez panikaya düşür və yol hadisəsi baş verir. Lakin kişilər qəza vəziyyətindən çıxmağı daha tez bacarır. Bunu qadınların daha emosional olması ilə də əlaqələndirirlər
Avtosfer.az saytının rəhbəri Elməddin Muradlı TED.az-a bildirib ki, Azərbaycanda hazırda xanım sürücülərin sayı 60 mini keçib: “İmtahanlar zamanı müşahidə edirəm ki, xanımlar elə kişilərlə eyni həcmdə gəlirlər. Məsələn, imtahana 40 nəfər gəlirsə, onun 25-i kişi, 15-i qadın olur. Xanımların sürücülük məsələsinə yanaşması yaxşıdır. Əksəriyyəti ailəvi məsələlərə görə, texniki-peşə məktəbinə yazıla bilmir və özləri hazırlaşırlar. Amma onu da nəzərə almaq lazımdır ki, iki dəfə fərdi qaydada imtahan verə bilməyən şəxs artıq məcburən texniki-peşə məktəbində avtomobil kursu üzrə təhsil almalıdır. Nizam-intizam məsələlərinə gəldikdə, qeyd etmək istəyirəm ki, ilk vərdişlərdən çox şey aslıdır. Çünki vərdişlər peşəkar sürücü kimi formalaşmağa birbaşa təsir göstərir. Bir çox xanımlarımız maşın sürməyi atasından, qardaşından, sevgilisi və ya həyat yoldaşından öyrənir. Öyrədən şəxslərin səhvləri və düzləri xanımlara mütləq təsir edir. Ona görə də peşəkar insanlardan dərs almaq daha əlverişli olar. Çünki sürücülük peşəsi elədir ki, burda ilkin olaraq nə öyrəndinsə, o istiqamətdə hərəkət edirsən. Sonradan o vərdişləri dəyişmək çox çətin olur və onun doğru variantını da kimsə deyəndə də sən artıq onu qəbul etmirsən. Bu baxımdan xanımların peşəkarlardan dərs alması çox önəmlidir”.
Elməddin Muradlı qeyd edib ki, nizam-intizam məsələsində xanımlar bəzən naşılıq göstərib, qəza törədirlər: “Xanım sürücülərin avtomobillərinə mən fikir verirəm, ön və arxa hissələrin qapıları çox vaxt əzilmiş vəziyyətdə olur. Bunun da səbəbi odur ki, idarəetmə zamanı səhvlər olur və bunun nəticəsində də qəza hadisəsi baş verir. Lakin artıq peşəkar olduqdan sonra xanımların daha səliqəli avtomobil idarə etdiyini deyə bilərəm. Təəssüf ki, bir şeyi tez-tez unudurlar; bu da avtomobili sol zolaqda saxlamaq məsələsidir. Mən başa düşürəm onlar diqqətli olur, sürəti aşmaq istəmirlər, amma yollarımız onsuz tək zolaqlı deyil. Bunları qeyd etməkdə bəzən, təəssüf ki, sürücülük peşəsini tam qavramadan yola çıxan xanımlarımız da var. Həmçinin bəzən təhlükəsizlik kəmərini bağlamayan xanımlara rast gəlirik, hansı ki, onlar “ürəyim sıxılır”-deyə, özlərinə haqq qazandırırlar. Çox təəssüf ki, sükan arxasında mobil telefonla danışan, diqqəti yolda olmayan xanım sürücülərə daha çox rast gəlirik. Ən pisi isə odur ki, sərxoş halda avtomobil idarə edən xanımların sayı artır. Bu, çox üzücüdür. Nə edək?! Qadın-kişi bərabərliyindən danışılırsa, qanun qarşısında da onlar bərabərdir”.