Qəzadan yayınmaq, yoxsa sığorta oyunu? - Sığorta eksperti yazır
Bilirəm ki, 2 gün öncə yayını atıb, oxunu gizlətdiyim icbari sığorta məsələsinə dair bir çoxunuz yeni bir izahat gözləyirsiniz. O zaman çox gözlətməyim.
Deməli, belə bir vəziyyət canlandırın gözünüzdə, hətta əminəm ki, aranızda bunu faktiki yaşayanlar da olub. Təsəvvür edin ki, siz avtomobilinizdə öz yolunuzla və zolağınızla gedirsiniz. Birdən qarşıdan gələn avtomobil qəfildən sizi buraxmadan sola və ya geriyə dönmə manevri edərək sizin yolunuza çıxır. Yaxud, svetaforun qadağan edici işarəsinə məhəl qoymayaraq hərəkətini davam etdirir, siz isə onu vurmamaq üçün ya başqa maneni, avtomobili vurursunuz, yaxud da ən yaxşı halda yoldan çıxaraq gedib girirsiniz ‘’badımcanlığa‘’. Özünüzə gələndən sonra maşından düşürsünüz, başqalarının ‘’qaqaş, yaxşı qurtardın aaaa’’ sözlərinin sədaları altında avtomobilinizin başına fırlanaraq dəymiş ziyanı müşahidə edirsiniz. Birdən ağlınıza gəlir ki, axı mən nümunəvi vətəndaşam, ona görə də zəng edim hadisə yerinə sığortanı və yol polisini çağırım. Belə də edirsiniz, cənablar təşrif buyururlar hadisə yerinə, yazıb pozurlar. Siz də özünüzü günün qəhrəmanı hesab edərək, qarşı tərəfin kobud qayda pozuntusuna görə qəzadan güclə yayındığınızı deyirsiniz. Əminsiniz ki, sizə əslində zərər vuran həmin qayda pozan avtomobil olduğuna görə onun icbari sığorta şirkəti sizə dəymiş ziyanı ödəyəcək. Tam bu ümid dolu təəssüf içində düşünərkən, sığorta şirkətinin nümayəndəsi deyir ki: ‘’məəllim, sizə pul düşmür’’.
İlk öncə yuxu gördüyünüzü zənn edirsiniz, amma daha sonra yol polisinin sözləri sizi bu yuxudan diksindirərək ayıldır: ‘’yoldaş sürücü, maşınlar toqquşmadığına görə sizə sığorta pul verməyəcək, çünki, biz forma 4 təqdim edəndə orda zərərvuran kimi həmin kobud qayda pozan sürücünü qeyd edə bilmərik, yalnız sizi zərərçəkən kimi qeyd edəcəyik. Siz gərək o maşını vurardınız ki, pul ala biləsiniz. İndi isə öz icbari sığorta şirkətinizi çağırın, sizin digərlərinə (dirəyə, badımcanlığa, digər avtomobilə və s.) vurduğunuz ziyanı ödəsin’’.
Hə, necədir, xoşunuza gəldi ssenari? Hətta ola bilər ki, sizin vurduğunuz ziyan çox olar, avtomobil, dirək və ya badımcanlıq sahibi sizi hələ məhkəməyə də verər.
Təəssüf olsun ki, bu sadəcə bir ssenari deyil, reallıqdır. Son 10 gündə analoji vəziyyətlə mənə 2 zərərçəkən sürücü müraciət edib. Ona görə də məsələni araşdırmaq qərarına gəldim.
Qanunlar nə deyir?
‘’İcbari sığortalar haqqında’’ Qanunun 13 cü maddəsində deyir ki: “Bu Qanunun məqsədləri üçün mülki məsuliyyətin icbari sığortasında müvafiq sığorta şəhadətnaməsində göstərilən əmlakın (binanın, tikilinin, avtonəqliyyat vasitəsinin, cihazın, qurğunun, avadanlığın və s.) sığorta olunan tərəfindən istismar edilməsi nəticəsində üçüncü şəxslərin sağlamlığına və (və ya) əmlakına vurulmuş zərərin əvəzinin ödənilməsi üzrə sığortalının və ya sığorta olunanın mülki məsuliyyətinin yaranması faktı sığorta hadisəsi sayılır”. Həmçinin, həmin qanunun 52 ci maddəsində yazılıb: “Avtonəqliyyat vasitəsinin Azərbaycan Respublikasının ərazisində istifadəsi nəticəsində zərərçəkən üçüncü şəxslərin sağlamlığına və (və ya) əmlakına dəymiş zərərin əvəzinin ödənilməsi üzrə mülki məsuliyyətin yaranması faktı sığorta hadisəsi hesab olunur”.
İndi gələk bu tərifdə istifadə olunan anlayışların bizim məsələyə tətbiqinə:
Avtonəqliyyat vasitəsindən istifadə olunub? Olunub.
Zərərçəkən həmin şəxsin avtomobildən istifadəsi nəticəsində zərər çəkib? Bəli.
Əmlakına zərər dəyib? Dəyib.
Mülkü məsuliyyət yaranıb? Hə, bax, maraqlı məsələ burasıdır. Çünki sığorta şirkətinin ödəniş verməməsinə səbəb olan məsələ DYP-nin qarşı tərəfi zərərçəkən kimi göstərməməsi, bu səbəbdən də mülki məsuliyyətin yaranmamasına istinad etməsidir.
Xub, bəs mülkü məsuliyyət nə zaman yaranır? Mülkü Məcəllənin 1096 cı maddəsinə baxaq. Deyir ki: “Mülkü hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülkü qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Yol nəqliyyat hadisələri daha çox mülkü pozuntu yox, inzibati xəta olduğuna, bu səbəbdən mülkü məsuliyyət yox, inzibati məsuliyyət yaratdığına görə İnzibati Xətalar Məcəlləsindən də bir maddəyə baxaq. Məcəllənin 12-ci maddəsində belə bir anlayış var: “Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur”.
Bax bu başqa məsələ. Gəlin təhlil edək:
Qayda pozan sürücümüz qorunan ictimai münasibətlərə qəsd edib? Bəli, edib. Təhlükəsiz hərəkət hüququmuzu pozub.
Hüquqa zidd hərəkətdirmi? Bəli, hüquqaziddir.
Təqsirli sayılırmı? Bəli, təqsirlidir. Çünki, yol hərəkəti qaydalarını kobud surətdə pozub.
İnzibati məsuliyyətə səbəb olubmu? Bəli, əminəm ki, həmin sürücüyə İXM nin 327.1 və ya 327.2 maddəsi ilə protokol yazılıb.
Bəs nədir o zaman problem? Bəlkə bu hadisə yol-nəqliyyat hadisəsi sayılmır. Yox, bu da deyil səbəb. Çünki, “Yol hərəkəti haqqında’’ qanunun 1-ci maddəsinin 43-cü bəndində yol-nəqliyyat hadisəsinə belə anlayış verilib: “Yol-nəqliyyat hadisəsi yollarda, küçələrdə, meydanlarda, dəmiryol keçidlərində nəqliyyat vasitələrinin hərəkəti prosesində baş verən və adamların həlakına və ya müxtəlif dərəcəli bədən xəsarəti almasına, heyvanların və ya hərəkətsiz maneənin vurulmasına, nəqliyyat vasitələrinin, yolların, qurğuların zədələnməsinə və ya başqa maddi zərər dəyməsinə səbəb olan hadisədir.”
Eynilə ‘’Fiziki şəxslərə təqdim edilən avtomobil sığortası qaydaları’’nda da belə bir anlayış vardır: “Avtonəqliyyat hadisəsi – avtomobilin istifadəsi nəticəsində baş verən, ölüm və bədən xəsarəti ilə nəticələnən, heyvanların və ya hərəkətsiz maneənin vurulmasına, habelə hər hansı digər əmlakın zədələnməsinə səbəb olan hadisələrdir”.
Bütün sadaladıqlarımdan da göründüyü kimi heç bir anlayışda avtomobillərin mütləq fiziki təmasının olması məsələsi yoxdur.
Nəticəyə gəlsək, göstərdiyim ssenari ilə baş verən qəzalar yol-nəqliyyat hadisəsidir, sığorta termini ilə ifadə etsəm, avtonəqliyyat hadisəsidir. Qəzaya səbəb olan şəxsin mülkü, o cümlədən inzibati məsuliyyətini yaradır.
Yol polisi tərtib etdiyi protokollarda həmin qəzaya səbəb olan şəxsi zərərvuran kimi göstərməlidir və nəhayət bu hal icbari sığortaya görə sığorta hadisəsi hesab edilməli və qarşı tərəfə vurulmuş ziyan ödənilməlidir!
Xəyal Məmmədxanlı,
Biznes məsləhətçisi və sığorta eksperti