«Qırmızı işıqdan keçməyi mədəniyyətsizlik sayıram»

Yazarlar 14 İyul 2014 13:15 Oxunub 3662
«Qırmızı işıqdan keçməyi mədəniyyətsizlik sayıram»
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Kamran Əliyev: «Son 10 ildə yol qəzalarında 10 min 990 nəfər həlak olub»

 

 

«Yollarda özümüz- özümüzə düşmən kəsilirik; 20 ildə cəmi iki dəfə qəza törətmişəm»

 

Bu gün Azərbaycanın cəbhə xətti ölkənin yollarından keçir. Müharibə vəziyyətində olan ölkənin hər il orta hesabla 2 minə yaxın vətəndaşı yol qəzalarında həlak olur. Hələ ağır və yüngül xəsarət alanları, əlil olanları bir kənara qoyuruq. Bu durumu dəyişmək üçün nə etmək lazımdır? Daxili İşlər Nazirliyinin (DİN) Respublika Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyevlə söhbətimizdə yuxarıdakı qeydimizi də çatdırıb yol qəzaları, onları durdurmağın yolları ətrafında geniş danışdıq. Ümid edək ki, DYP rəsmisinin ürək ağrısı ilə dedikləri özlərini şüurlu şəkildə ölümün pəncəsinə atan vətəndaşlarımızı bir anlıq da olsa, düşünməyə vadar edəcək.

- Kamran müəllim, Azərbaycandakı yol nəqliyyat hadisələrində həlak olanların statistikası dəhşət saçır. Sizdəki rəqəmlər nə deyir?

- Keçən il yol nəqliyyat hadisələrində 1164, ondan əvvəlki il 1168 nəfər ölüb. Yəni hər il təxminən 1000-1100 nəfər dünyasını dəyişir. Bu faktları müharibədəki itkilərlə müqayisə etdiniz. Amma müharibədə insan vətən uğrunda canını qurban verir və onun ölümü düşmən gülləsi nəticəsində baş verir. Yollarda isə özümüz- özümüzə düşmən kəsilirik. Qəza heç nədən baş vermir. İstənilən yol qəzası bu və ya digər hərəkət iştirakçısının adi hesab etdiyi qaydaların pozulması nəticəsində baş verir. Hətta nəqliyyat vasitəsinin nasaz vəziyyətdə olması belə qayda pozuntusudur. Qanunda da göstərilir ki, hər bir sürücü nəqliyyat vasitəsinin sazlığına diqqət yetirməlidir. Qəzaların qarşısının alınması üçün dövlət tərəfindən kifayət qədər işlər görülür. Son 10 ildə yol infrastrukturunda ciddi dəyişikliklər edilib. 200 km şimala, 500 km qərbə, 300 km cənuba doğru bütün yollar yenilənib. Təbii ki, ölkəni bu qədər əhatə edən yolları qısa müddətdə tam normal hala gətirmək mümkün deyil. Amma iki ərzində 1000 km-dən çox yol ikitərəfli, ən müasir standartlara uyğun şəkildə yenidən qurulub və sürücülərin istifadəsinə verilib.

 - Yolların abadlaşdırılmasından sonra qəzaların statistikası nə deyir, azalan templə gedir, yoxsa artan?

 - Əlbəttə, aparılır. Yol infrastrukturu inkişaf etdikcə elə bil ki, sürücülərin əksəriyyəti yaxşı yola susamış kimi avtomobili sürətlə idarə etməyə başladılar. Hansı ki, yollar nə qədər yaxşı olsa da, konkret sürət müəyyənləşdirilir və bu da təhlükəsizlik tədbirləri ilə bağlıdır. Ancaq belə yol görməyən sürücülər çalışır ki, sürətlə getsin və vaxt qazansın. Son dövrlərdə əhalinin sosial rifahının yaxşılaşdırılması da nəqliyyat vasitələrinin sayının kəskin artmasına səbəb oldu. 2003-cü ildə ölkədə 490 min 581 nəqliyyat vasitəsi olub. Bu gün isə ölkədə 1 mln. 300 minə yaxın avtomobil var. 10 ildə artım 900 min olub, onun da 70-80 faizi Bakının payına düşüb. 800-900 min nəqliyyat vasitəsinin artması o qədər də yeni sürücünün sükan arxasına əyləşməsi deməkdir. Bunların hamısı qısa müddətdə olduğundan həm sürücülərin yola uyğunlaşması, sürücülərin sükana uyğunlaşması və s. bunların hamısı bəzi hallarda qəzalara, sıxlığa səbəb oldu. Bəzən də bu, yollarda hərəkətin ləngiməsinə gətirib çıxartdı. Güman edirəm ki, nəqliyyatın hərəkətinin intensiv olduğu yerlərdə körpülər, yol ötürücülərinin tikintisi yekunlaşandan sonra şəhərdə sıxlıq problemi aradan qaldırılacaq. İndi kənarkeçmə yol da tikildi, bunun davamı olaraq şəhərin digər istiqamətinə də yönələcək. Bunların hamısı kompleks həllini tapmalıdır.

  - Ümumilikdə son 10 ildəki itkilər nə qədərdir?

 - Təsəvvür edin, son 10 ildə yol qəzalarında 10 min 990 nəfər həlak olub. Amma bir məsələni də diqqətinizə çatdırım. Təsəvvür edin, 1,3 mln. nəqliyyat vasitəsinin olduğu bir zamanda, təkcə ötən il qəzalarda ölənlərin sayı 1164 nəfər olub. Amma 1991-ci ildə - cəmi 320 min nəqliyyat vasitəsi olan bir dövrdə yol qəzalarında 1280 nəfər ölüb. 1992-ci ildə 1265, 1993-də isə 1252 nəfər olub. 1998-ci ildə DYP-də aparılan müvafiq islahatlar, xidmətin təşkili, yollarda nəzarətin, texniki bazanın gücləndirilməsi nəticəsində ölənlərin sayı 595 nəfər enib. 1995-ci ildə isə ölkədə nəqliyyat vasitələrinin sayı 400 min idi. Yəni nəqliyyat vasitələri 100 min artsa da, qəzalar 50 faiz azalmışdı.

  - O zaman əksər avtomobillər sovet istehsalı idi...

 - Sovet maşınları elə indi də var. Ölkədə avtomobillərin 440 minə yaxınını - 40-45 faizini VAZ markalı avtomobillər təşkil edir. Hətta 35 ildən yuxarı istismarda olan təxminən 3 min nəqliyyat vasitəsi istismardadır. Sözsüz ki, qəza zamanı bunlar da ağırlıq dərəcəsinə bilavasitə təsir edir. Bir faktı deyim. Ötən il İsveçdə keçirilən forumda iştirak edəndə bu ölkənin nəqliyyat naziri dedi ki, 1955-ci ildən bəri İsveçin yollarına külli miqdarda vəsait qoyulub. Amma bu vəsait yalnız indi-indi öz effektini göstərir. Onlar da dedilər ki, vaxtilə yol infrastrukturu inkişaf edəndə, ölkədə nəqliyyat vasitələrinin sayı kəskin artanda, yəni insanlar yeni yollara öyrəşənə qədər birdən-birə həm qəzaların, həm də ölənlərin sayı artıb. Ancaq bu gün dünyada ən az yol hadisəsi və ölüm halları İsveçdədir.

 - Nə qədərdir? Azərbaycanla müqayisəli təhlil aparıbsınızmı?

 - Təbii ki. İsveçin də əhalisi 9 mln-dur. Amma avtomobillərin sayı təqribən 5,5 mln-dur. İlboyu ölkədə qəzalarda ölənlərin sayı cəmi 260 nəfər olub. Orda bizim qədər nəzarət də yoxdur. Türkiyədə də əhalinin sayına görə yol qəzalarında ölənlərin sayı aşağıdır - hardasa 3600 min nəfər yol qəzalarında dünyasını dəyişir. Amma görün orda yol infrastrukturu neçə illərdir qurulub. Çox sağ olsunlar, bu gün artıq yük daşıyan sürücülərin sayı xeyli azalıb. Son nəticədə onlar özləri də əziyyət çəkir. Yəni sürücü bir yandan qazandığını digər yandan təmirə, ehtiyat hissəsinə verməlidir. Elə etmək olmazmı ki, yükü normal qaydada daşısın, nə şiş yansın, nə kabab?

 - Yol qəzalarında həlak olanların əksəriyyəti gənclər və orta yaşın nümayəndələridir. Sizə elə gəlmirmi ki, bu qəzalar həm də genefondumuza ağır zərbədir? Belə görünür ki, cəzalandırma sistemi də bu fəlakətlərin qarşısını almır. Elə isə daha nələr etmək olar, bəlkə qapı-qapı təbliğat kampaniyasına başlanılsın?

 - Siz deyirsiniz cərimələr təsir göstərmir. Amma mən əksini deyərdim. Bizdə ən böyük effekt verən məhz inzibati məsuliyyətin gücləndirilməsidir. Bu, həm qayda pozuntusunun, həm yol qəzalarının, həm də ölümlərin sayını azaldıb. Maarifləndirmə, təbliğat işlərinə də geniş yer veririk. Bakı Dövlət Yol Polisi İdarəsinin həftəlik proqramı var. Sağ olsun KİV nümayəndələri vaxtaşırı bu sahə ilə bağlı çoxsaylı materiallar yayır.

Hər gün televiziyalarda qəza göstərilir, amma bundan sürücü və piyada olaraq heç birimiz nəticə çıxartmırıq. Bu gün nə qədər piyada yol qəzalarında dünyasını dəyişir. Bu ilin 6 ayında 160 piyada dünyasını dəyişib. İldə təqribən 390 piyada yol qəzalarının qurbanına çevrilir. Amma gəlin görək bu gün yollarda hətta metal konstruksiyalı çəpərlərin üstündən aşan nə qədər piyadamız, yaşlı insanımız var? Çoxdur.

 - Bəs xarici ölkələrlə müqayisə nə deyir?

 - Məsələn, Türkiyədə, demək olar ki, piyada ölümü yoxdur. Mən bir sıra Avropa və Şərq ölkələrində olmuşam. Hindistanda keçid, yaxud yol qaydaları sıfır vəziyyətindədir.

 - Yalnız inək görəndə ayaq saxlayırlar...(gülüşmə)

 - Yox, demək olar ki, inək də görəndə dayanmırlar. Orada yol qaydalarına əməl etmək məsələsi yox səviyyəsindədir. Ona görə də il ərzində Hindistan yollarında ildə 140 min insan dünyasını dəyişir. Bu ölkədə 1 milyard 400 min əhali yaşayır. Amma orda sürücülərin, piyadaların, motosikletlərin hərəkətinə baxanda düşünürsən ki, hələ 140 min ölüm azdır, çox olmalıdır. Hindistanda nə yaxşıdır? Yollar sürətlidir, amma bir dənə sürətlə gedən maşın görməzsiniz. Sürət həddi 100 km/saatdırsa, 110-120 ilə gedən bir sürücüyə rast gəlməzsiniz. Bu gün ən çox ölüm sürət həddinin aşılmasına görə baş verir.

 - Bəlkə, Azərbaycanda yol infrastrukturu normallaşana qədər sürət həddi aşağı salınsın?

 - Şəhər daxilində sürət həddi 60 km/saat, avtomagistrallarda 110 km/saatdır. Bu gün elə yollarımız var ki, avtomagistral statusu verilməyən yollarımızda da sürət həddi 110 km/saata qaldırılıb. Sürücülər təhlükəsizlik tədbirlərinə əməl etsələr o sürət həddində heç bir problem ortaya çıxmaz. Bu gün bir çox ölkələrdə şəhərlərətrafı və şəhərləri birləşdirən yollarda yüksək sürətli avtomagistrallar var. Yəni zəmanəmizin özü sürət əsridir. Heç Almaniyada sürət məhdudiyyəti yoxdur. Sadəcə orda təhlükəsizlik kəmərini təkcə sürücü yox, sərnişinlərin də hamısı bağlayır. Digər tərəfdən nəqliyyat parkının yeni olması qəzalarda ölən və yaralananların sayına təsir edir. Məsələn, keçən il Almaniyada zəncirvari qəzada 256 avtomobilin toqquşması nəticəsində cəmi 3 nəfər xəsarət almışdı. Niyə? Əvvəla, bu avtomobili idarə edən və sərnişin olan şəxslərin hamısı təhlükəsizlik kəmərini bağlayır. Bundan əlavə avtomobillərin bəlkə də 100 faizinin hava yastıqları var, özü də bir yox, bir neçə dənə. Bu avtomobillərin hamısı qəza zamanı insanın sağ qalmasına, xəsarət almamasına təsir edir. Amma bizdə avtomobildən istismar müddəti olmadığına görə hər kəs çalışır ki, onu ömrünün sonuna qədər sürsün. Hətta ata-babasından qalma avtomobilin də ora-burasını düzəldib istifadə edənlər var. Lakin düşünmür ki, mən bu avtomobili üzdən təmir edə, mexaniki hissələrini yeniləyə bilərəm. Amma insanlar bunu bilməlidir ki, artıq o avtomobilin tam özəyi köhnəlib, korroziyaya uğrayıb, zərbəyə dözmür.

  - Bu, faktdır Avropa və Amerikadakı maşın qəbiristanlığından avtomobillər kütləvi şəkildə bura daşındı. Bəlkə dövlət səviyyəsində belə bir layihə həyata keçirilə bilərdi ki, vətəndaşlara güzəştli kreditlərin verilməsi ilə kütləvi şəkildə avtomobillərin yeniləşdirilməsi prosesi getsin?

 - Artıq Avro-4 standartlarına cavab verməyən, köhnə avtomobillərin ölkəyə idxalına icazə verilmir. Yəni həm təhlükəsizlik elementləri ilə təchiz olunan, həm də ətraf mühitə az zərər vuran avtomobillər gətirilir, qanunvericiliyə də dəyişiklər olunub. Amma otelizasiya məsələsi ilə bağlı da bir neçə şirkətlərlə danışmışıq. Bəzi şirkətlər razıdır ki, köhnə avtomobilləri alıb güzəştli şərtlərlə yeni avtomobillərin satışını təşkil etsinlər. Yəqin ki, bu məsələ də yaxın gələcəkdə öz həllini tapacaq. Amma hər kəsin təhlükəsizliyi öz əlindədir. İnsan ilk növbədə öz səhhətinə, sağlamlığına, həyatının qorunmasına özü biganə qalmamalıdır. Köhnə avtomobili alıb ailə-uşağını daşıyırlar, irad da bildirəndə deyirlər “qayda pozmuram, yavaş sürürəm”. Amma sən qayda pozmursansa, qarşıdakı pozur, birdən gəlib sənin köhnə avtomobilini vurur və 3-4 ölümlə nəticələnir.

 

- Bildiyimizə görə, 80-ci illərdən avtomobil sürürsünüz. Qəza şəraiti ilə üzləşibsinizmi, yoxsa özünüzü ideal sürücü sayırsınız?

- Mən özümü gözə gətirmək istəmirəm (gülürük). Amma mən son 20 ildə cəmi iki dəfə qəza törətmişəm. O da çox yüngül. Bir dəfə yayda işıqforda dayanarkən arxadan mənim maşınımı vurub, cüzi zədə yetirdilər. Sonuncu dəfə də bu ilin aprelində oldu. Bazar günü ki, qar yağdı, yenə işıqforda dayananda arxadan avtomobil maşınımı vurdu, cüzi miqdarda zərər yetirdi. Ondan başqa yol qəzasına düşməmişəm. Mən, ümumiyyətlə, qaydaları pozmağı xoşlamıram. Şəxsən mən özümü intizamlı sürücü hesab edirəm. Həyatım boyu qırmızı işıqda keçməmişəm. Bunu təkcə qayda pozuntusu yox, həm də mədəniyyətsizlik sayıram. Kəməri daim taxmışam. Təkcə mən yox, bütün ailə üzvlərim. Uşaqlarımın 12-13 yaşları var. Onlar bilirdilər ki, 12 yaşına qədər avtomobilin qabaq oturacağında əyləşə bilməzlər. Mən uşaqlara izah etmişəm ki, 12 yaşınızın tamamından sonra orda otura bilərsiniz.

 Səmimiyyətinə inanın ki, uşaqlarım avtomobilin qabaq oturacağına oturan kimi, məndən əvvəl təhlükəsizlik kəmərini bağlayıblar. Mən hər kəsə də deyirəm ki, o kəməri mən və ailə üzvlərim ona görə bağlamırıq ki, bizi cərimə edərlər, nəsə qınaq olar. Biz öz həyatımız, özümüz üçün bunu edirik. Heç kəs təhlükədən sığortalanmayıb. Heç kəs əmin deyil ki, evdən çıxanda başına hansısa hadisə gələ bilməz. Ona görə də ilk növbədə insan öz sağlamlığını düşünməlidir, hər şeyə biganə yanaşmamalıyıq. Bu qəzalara görə dövlətin özü də böyük vəsait xərcləyir. Bilirsiniz, kəmərin sayəsində nə qədər insan həyatda qalıb? Amma elə adam da var ki, kəmər bağlamadığına görə 2-3 dəfə ağır xəsarətlər alıb, amma yenə də bağlamır. Çox qəribədir. Belə adamlardan “kəməri niyə bağlamırsan” soruşanda “qismətdir də, alnıma ölüm yazılıbsa, öləcəyəm” deyir. Bu, düzgün yanaşma deyil. Niyə başqa ölkələrdə hamı buna ciddi yanaşır? Məgər qəzada ölməklə bağlı alın yazısı ancaq elə bizə yazılıb? Belə fikirləri insanların beynindən çıxarda bilsək, qəzaların da qarşısını alacağıq, ölən və xəsarət alanlar da olmayacaq... (musavat.com)

ŞƏRH YAZ
Ad

E-mail

Şərh