Banner

Sürücüləri «tələ»yə salan yol nişanları

Yazarlar 26 İyun 2014 11:18 Oxunub 8719
Sürücüləri «tələ»yə salan yol nişanları
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Heç vaxt həmin qanunsuz nişanlara aldanmayın

Son vaxtlar xüsusən iri yük avtomobillərinin sürücüləri respublikanın magistral yollarında tez-tez radara düşmələrindən təəccüblə şikayətlənirlər. Əslində qəribə heç nə yoxdur. Amma məsələnin mahiyyətinə diqqət etdikdə maraqlı mənzərə ortaya çıxır. İri yük avtomobillərinin sürücülərini təəccübləndirən onların, məsələn, «90» rəqəmi göstərilən 3.24 “maksimal sürətin məhdudlaşdırılması” nişanının qoyulduğu yolda elə 90 km/saat sürətlə radara düşmələridir.  Bu təəccübün səbəbi həm sürücülərin bəzilərinin yol hərəkəti qaydalarından, xüsusən də sürət rejimindən xəbərsiz olmasıdır. Digər bir səbəbi isə həmin yol nişanlarının qanuna zidd olaraq tətbiq edilməsidir. Əvvəlcə birinci məqama toxunaq. 

Hörmətli sürücülər, yolda hərəkət sürəti seçərkən siz ilk növbədə «Yol hərəkəti haqqında» qanunun 50-ci maddəsinin sürət rejiminə dair tələblərini rəhbər tutmalısınız. Həmin maddə sürət rejimini nəqliyyat vasitələrinin növünə və yolların kateqoriyasına, keçdiyi əraziyə uyğun müəyyən edir. Məsələn, icazə verilən maksimal kütləsi 3,5 tondan artıq olan yük avtomobilləri yaşayış məntəqəsindən kənar yollarda, əgər bu yol avtomagistraldırsa, maksimum 90 km/saat, əgər bu yol avtomagistral deyilsə (yəni  5.1 nişanı ilə işarələnməyibsə), maksimum 70 km/saat sürətlə hərəkət edə bilər. Ən vacib məqam isə ondan ibarətdir ki, 3.24 nişanı adına uyğun olaraq yalnız yolda mövcud olan maksimal sürəti müəyyən təhlükəli sahələrdə məhdudlaşdırmaq, yəni azaltmaq üçün tətbiq edilə bilər. Bu müddəadan yalnız qanunun özündə birbaşa göstərilən bir istisna var: yaşayış məntəqələrinin ayrı-ayrı magistral küçələrində 3.24 nişanının köməyi ilə 60-90 km/saat arasında fərqli sürət rejimi müəyyən etmək olar. Yaşayış məntəqəsindən kənar hər hansı bir yolda 3.24 nişanı vasitəsilə «Yol hərəkəti haqqında» Qanunun 50-ci maddəsində göstəriləndən fərqli sürət rejimi müəyyən edilə bilməz. Bu müddəa həm də o deməkdir ki, məsələn, avtomagistral sayılmayan yolda üzərində «80» rəqəmi olan 3.24 nişanı varsa, həmin yolda icazə verilən maksimal kütləsi 3,5 tondan artıq olan yük avtomobili yenə də maksimum 70 km/saat sürətlə, banında adamlar olan yük avtomobili isə maksimum 50 km/saat sürətlə hərəkət edə bilər və s.

Beləliklə, sürücülər yolda sürət rejimi seçərkən ilk növbədə 50-ci maddənin tələblərini rəhbər tutmalıdırlar. 3.24 nişanını isə yalnız o halda nəzərə almaq lazımdır ki, həmin nişan yoldakı sürət rejimindən aşağı kəmiyyətdə sürət rejimi nəzərdə tutsun. Əgər 3.24 nişanı yolda sizin idarə etdiyiniz nəqliyyat vasitəsi üçün nəzərdə tutulan sürət rejimindən yuxarı sürət həddini göstərirsə, bunun sizə heç bir aidiyyəti yoxdur, həmin nişana heç vaxt aldanmayın.

Bu məsələdəki ikinci məqamı isə sadəcə “biabırçılıq” adlandırmaq olar. Şəxsən mən dəfələrlə bu biabırçılığın aradan qaldırılması üçün ölkənin səlahiyyətli orqanlarına müraciət etmişəm. Amma həmin halların sayı artmaqda davam edir. Bu biabırçılıq 2 istiqamətdə təzahür edir: 

1) onun ən təhlükəli forması ölkənin bəzi yollarında sürət rejiminin yuxarı həddindən də yüksək kəmiyyəti göstərən 3.24 nişanının qoyulmasıdır. Məsələn, aeroport yolu kimi məşhur olan yolda və Bakının ətrafındakı avtomagistral kimi işarə olunmuş yollarda «120», Bakı-Quba, Bakı-Hacıqabul-Yevlax-Gürcüstan sərhədi yolunda «110» rəqəmləri göstərilməklə 3.24 nişanları qoyulmuşdur və s.;

2) ikinci hal isə şəhərlərarası yollarımızın əksəriyyətində maksimal yol verilən sürət həddini göstərən «90» rəqəmi yazılmış 3.24 nişanlarının qoyulmasıdır. Nəzərə almaq lazımdır ki, məsələn, Bakı-Şamaxı yolunda yol verilən maksimal sürət həddi minik avtomobilləri, icazə verilən maksimal kütləsi 3,5 tonadək olan yük avtomobilləri və şəhərlərarası avtobuslar üçün 90 km/saatdır. Amma bu yolda  icazə verilən maksimal kütləsi 3,5 tondan artıq olan yük avtomobilləri üçün icazə verilən maksimal sürət həddi 70 km/saatdır. Ona görə də bu yola heç bir halda üzərində «90» rəqəmi olan 3.24 nişanı qoyulmamalıdır, çünki nişansız da bu yolda sürətin yuxarı həddi 90 km/saatdır, özü də həmin yuxarı hədd hamıya aid deyil. Bir daha vurğulayıram ki, 3.24 nişanı sürəti məhdudlaşdırmaq, yəni sürətin yolun kateqoriyasına uyğun olduğundan da az olduğunu göstərmək üçün qoyulur.

Göstərilən hər iki hal qanunvericiliyə ziddir. Məsələ burasındadır ki, həm «Yol nişanları və siqnalları haqqında» Vyana Konvensiyasında, həm də yol nişanlarının tətbiqinə dair ölkəmizdə qüvvədə olan qanunvericilikdə (hazırda bu məsələ sovet dövründən qalan 23457-86 saylı DÜİST-lə tənzimlənir) bütün nişanların, o cümlədən 3.24 nişanının necə, harada, hansı məqsədlə tətbiq edilməli olduğu dəqiq göstərilir.  3.24 nişanının yolda ən yüksək sürət rejimli nəqliyyat vasitələrinin yol verilən yuxarı sürət həddinin kəmiyyətini göstərməklə tətbiqi, yaxud yoldakı sürət rejimindən yuxarı sürət müəyyən etmək üçün tətbiqi nəzərdə tutulmur. 

Açığı, 3.24 nişanının qanunun kobud pozulması ilə belə tətbiqinin səbəbləri ilə maraqlanmışam. Bu səbəblər çox məntiqsiz və gülüncdür. Əslində isə həmin nişanların belə qanunsuz tətbiqi bəzi sürücüləri çaşdırır, nəticədə onlar «tələ»yə düşürlər. Özü də dünyanın heç bir başqa ölkəsində belə anormallıq olduğu mənə məlum deyil

Sürücülər belə «tələ»yə düşməmək üçün sürət rejiminə dair «Yol hərəkəti haqqında» Qanunun 50-ci maddəsinin tələblərini dəqiq bilməlidirlər və həmin tələblərə qarşılarında gördükləri nişanın üzərindki rəqəmdən asılı olmayaraq riayət etməlidirlər. Yadda saxlamaq lazımdır ki, həmin qanunsuz nişanların təsir sahəsində nişana aldanaraq sürət rejimini pozsanız və ya qəza törətsəniz, heç bir güzəştsiz məsuliyyətə cəlb ediləcəksiniz. Özü də, başqa qayda pozuntusu törətməsiniz də, yolda müəyyən olunan sürət rejimini pozduğunuza görə məsuliyyət qaçılmaz olacaq. Odur ki, heç vaxt həmin qanunsuz nişanlara aldanmayın.

 

Ərşad Hüseynov,

hüquqşünas

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh