Banner

Sürücünün bəxti gətirdi ki... - Ərşad Hüseynovdan VACİB QEYDLƏR - VİDEO

Yazarlar 1 Mart 2024 12:02 Oxunub 978
Sürücünün bəxti gətirdi ki...  - Ərşad Hüseynovdan VACİB QEYDLƏR  - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Ölkəmizdə yol hərəkəti təhlükəsizliyinin bərbad səviyyədə olduğu heç kimə sirr deyil. Bu bərbad səviyyənin əsas indikatorlarından biri sürücülərimizin peşəkarlığının aşağı səviyyədə olmasıdır. Məni tanıyan və izləyənlər bilirlər ki, bu qeyri-peşəkarlığı heç vaxt təkcə sürücülərin üzərinə qoymuram. Bunun əsas səbəbi və zəmini sürücü hazırlığı və sürücülük hüququ əldə etmə sisteminin indiki vəziyyətidir. Lakin bu yazımda əsas hədəfim başqadır.

Dünən “Avtosfer.az” saytında qabağıma video əlavəsi də olan bir xəbər çıxdı. Yollarımızda kifayət qədər tez-tez rast gəldiyimiz hallardan biridir. Baş verənlərə laqeyd qala bilmədim. Tanıyanlar bilirlər ki, çox nadir istisnalarla, fərdi hadisələrə və vəziyyətlərə publik qiymət verməyi sevmirəm. Ona görə də bu video çəkilən avtomobili idarə edən sürücüyə bəri başdan təşəkkür edərək bildirirəm ki, bu yazımın hədəfi onun peşəkarlığına qiymət vermək deyil. Məqsədim belə vəziyyətlərə düşən, qabağına heyvan və ya piyada çıxan sürücülərin əksəriyyətinin yol verdiyi çox təhlükəli və çox yanlış bir təcrübəni vurğulamaq, sürücülərimizi belə təhlükəli yanlışlıqdan çəkindirməkdir.

Videoya diqqətlə baxın. Yolun hərəkət hissəsindəki at təxminən 12-ci saniyədən sonra kadra düşür (avtomobilin solunda olan sürücü onu ən azı bir saniyə daha əvvəl də görə bilər). Bundan sonra avtomobil sürətini dəyişmədən daha 5-6 saniyə hərəkətini davam edir (belə sürətdə bu təxminən 130-160 metr məsafə deməkdir). At avtomobilin ona çatmasına 25-30 metr qalmış dəcəllik etməyə başlayır. Yeri gəlmişkən, videodakı atın balasıdır. Yetişkən atdan fərqli olaraq at balası daha hürkək, daha dinamik olur, onu yolda, həttə hərəkət hissəsindən kənarda görən sürücü dərhal diqqətini artırmalı (sözün həqiqi mənasında “alarm” vəziyyətinə keçməlidir), sürəti azaltmalı və yol şəraitinə nəzarəti artırmalıdır.

At balasının belə dəcəlliyini görən sürücü hələ də tormozlama etmir, atın hərəkətinə uyğun zolaq dəyişir, onu vurmamağa çalışır. Atın bərabərindən çox çətinliklə keçdikdən sonra avtomobil tormozlanır. Çox şükür ki, bəxti gətirir. Özü də sadəcə bəxti gətirir, başqa heç nə. Yaxşı ki, atı keçəndən sonra özünü itirmir, çünki özünü itirsəydi, hərəkət hissəsindən kənara çıxıb çətin vəziyyətə düşə bilərdi.

Bu sürücünün bəxti iki məqamda gətirir. Birincisi, onda gətirir ki, at balası özünü qoruma instinkti ilə tam köndələn qaçmır, bir az sola meyllənərək avtomobildən uzaqlaşmaq istəyir. Köndələn qaçmaqda davam etsəydi, toqquşma qaçılmaz olacaqdı. Sürücünün bəxtinin gətirməsinin ən böyüyü isə onunla yanaşı hərəkət edən qoşqulu yük avtomobilinin sürücüsünün bu vəziyyətdə göstərdiyi peşəkarlıqdır. Diqqət edin, vəziyyəti görən yük avtomobili sürücüsü artıq 13-cü saniyədə tormoz verir (stop işıqları yanır). At onun getdiyi zolaqda olmasa da, o tormozlamaya başlayıb. Güman edirəm ki, həm at balasının dəcəlliyini, həm sol zolaqda şütüyən minik avtomobilinin onun zolağna çıxmaqdan başqa çarəsinin olmayacağını proqnozlaşdırıb. Burada qəzanı istisna edən isə elə bu olur – yük avtomobili sürücüsünün vaxtında tormozlama etməsi. Əgər yük avtomobili də eyni sürətlə ata yaxınlaşsaydı, videonun çəkildiyi avtomobilin sağ zolağa keçməklə atı vurmamaq şansı yox idi: ya atı vuracaqdı, ya da onun bərabərində olan yük avtomobilinə çırpılacaqdı, hətta ola bilsin hər ikisi baş verəcəkdi. Yenə də çox şükür, hamısı salamat qurtardı.

Bu boyda yazı yazmaqda əsas hədəfim sürücülərimizi bu videodakı kimi şəraitdə etdikləri çox kobud və çox təhlükəli səhvdən çəkindirməkdir. Qaydalar belə halda sürücüdən qəti olaraq bir şeyi tələb edir: sürəti azalt, yəni tormozla, zərurət varsa, dayan. Videodakı halda belə edilsəydi, yəni atın göründüyü andan çox xəfif tormozlanma ilə sürətə nəzarət edilsəydi, heç bir həyəcansız bu vəziyyətdəm çıxılacaqdı.

Hörmətli sürücülər, qeyd etdiklərimi heç vaxt unutmayın. Getdiyiniz istiqamətdə istənilən maneə - hərəkət hissəsində piyada, heyvan, yola tökülmüş yük, yolun dağılan yeri və s. görəndə öncə mütləq əyləci işə salın.

Bəzi sürücülər belə halda bəhanə olaraq deyirlər ki, tormoz versək, bizi arxadan vuracaqlar. Amma bu ən pis bəhanədir. Birincisi, ona görə ki, belə şəraitə düşən sürücü arxa güzgüyə də ən sonda baxır, yəni arxasında nə olduğunu onsuz da bilmir. İkincisi, vaxtında mülayim tormozlama başlayanda heç bir arxadan vurulma riski olmur, Üçüncüsü, normal ara məsafəsi saxlansa, sərt tormozlanmada da arxadan vurma olmur.

Nə isə... Yollarda çox diqqətli olun. Özünüzü qoruyun. Ən əsası, hər zaman peşəkar olmağa, özünüzü kamilləşdirməyə çalışın. Öyrənin, həyat məktəbdir...

P.S. Bu videoda başqa bir biabırçılıq var. Qabaqda atlı çobanın 90-110 km/saat sürət olan yolun ən sol zolağı ilə qoyun sürüsü apardığı görünür (yəqin ki, dəcəllik edən dayça onun atının balasıdır). Bu, ayrıca, özü də çox böyük bir dərddir. Yol hərəkəti təhlükəsizliyinə belə laqeyd münasibətə qiymət vermək asan deyil...

Ərşad Hüseynov

hüquqşünas

ŞƏRH YAZ
Ad

E-mail

Şərh