Taksi xidməti avtobus qiyməti ilə bərabər olub – Ekspertdən etiraz
Xəbər verdiyimiz kimi Bakı Nəqliyyat Agentliyi taksi fəaliyyətinin tənzimlənməsi, qanunvericiliyin təkmilləşdirilməsi və səmərəli nəzarət mexanizmlərinin yaradılması üçün konsepsiya hazırlayıb.
Konsepsiyada vahid dispetçer mərkəzinin yaradılması, tarif sisteminin və kvotanın tətbiqi eyni zamanda sahibkarlıq fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı məsələlər öz əksini tapıb.
Konsepsiyanın vacibliyini vurğulayan ekspert Elməddin Muradlı ABC.AZ-a bildirib ki, taksi şirkəti adı ilə yaranan bir neçə operator xidməti illərdir sürücüləri istismar edirlər.
Onun sözlərinə görə, sözügedən şirkətlər sürücülərin boğzalarına şərik olurlar.
Şirkətlərin sürücülərdən üzvülük və depozit pulu aldığını xatırladan E. Muradlı iddia edir ki, bəzən operatorlar sürücülərlə pul qarşılığında işbirliyinə girib daha çox müştəri yönləndirirlər: "Bu kimi neqativ hallar var. Eyni zamanda kökü erməni mənşəli iş adamlarına bağlanan "Uber", "Maxim" və "Yandex" kimi taksi şirkətləri Azərbaycana daxil olub və qiyməti get-gedə aşağı salmaqla guya rəqabət aparırlarmış kimi bazarda qeyri-bərabər vəziyyət yaradırlar. Burada əsas qazanan özləridir. Çünki heç nə itirmirlər, onlar faizlərini alırlar. İtirən sürücülərdir. Onlar dayanmadan işləyirlər və faiz, üzvlük haqqı ödəməlidirlər, yəni depozitə pul qoymalıdırlar. Üstəlik bunun fərqlənmə nişanı üçün ödəniş, vergi rüsumu, sosial müdafiə ödənişi və digər ödənişləri də var. Beləliklə ortada taksi sürücüləri pul xərcləyir, qazanc isə zəif olur".
Əslində taksi xidmətinin peşə olduğunu bildirən ekspertin sözlərinə görə, bu gün təkcə Bakı şəhərində 30 minə yaxın taksi sürücüsü var.
Bu iş də qazanc gətirmirsə o zaman mənşəyi erməni iş adamlarına bağlı olan iş adamlarını ölkəmizdən çıxarmaq lazımdır deyən müsahib hesab edir ki, sözügedən şirkətlər Azərbaycanın hətta ərazi bütövlüyünü belə şübhə altına alırlar: "Hansısa naviqasiya sistemindən istifadə edirlər ki, həmin sistemdə Azərbaycanın işğal olunmuş əraziləri, hətta Bakının bir neçə yeri erməni adı ilə qeyd olunub. Çox təəccüblüdür ki, Azərbaycanda işləyə-işləyə Azərbaycanın milli naviqasiya sistemindən istifadə etmirlər. Öz sistemlərini qoşurlar və o da birbaşa Azərbaycana xəyanətdir. Təəssüf ki, onlar bazarda at oynadır, digər şirkətlərə də məcbur edirlər ki, qiyməti ebdirsinlər. Mən demirəm elə bil fantastik qiymət qoyulsun ki, 5 manatlıq yolu 15 və ya 10 AZN-ə aparılsın. Amma təxminən 20-30 manat civarında qiymətlərə əl gəzdirmək lazımdır ki, sürücülər də nəsə qazana bilsinlər. O baxımdan düşünürəm ki, qiymət sistemini müəyyənləşdirmək lazımdır. Və bu sistem müəyyənləşdirilərkən ortaq məxrəc tapılmalıdır ki, nə sərnişinlərin cibinə girilməsin, nə də sürücülər qazancsız qaımasın. Bu gün taksi xidməti gəlib avtobus, metro qiyməti ilə bərabər olub. Və taksilərin də hüquqlarını qorumaq, anlamaq, onlara şərait yaratmaq lazımdır. Bu qədər ödənişin, xərcin qarşılığında taksi sürücüləri normal taksi duracağı ilə təmin edilmirlər".