Banner

TƏHLÜKƏ! Maşını «xolostoy» sürənlər mütləq oxusun

Yazarlar 13 İyun 2014 01:07 Oxunub 5109
TƏHLÜKƏ! Maşını «xolostoy» sürənlər mütləq oxusun
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Qanun nəqliyyat vasitəsini ətalətlə idarə etməyi qəti qadağan edir, çünki…

Bəzi sürücülərin avtomobili idarə edərkən yol verdikləri təhlükəli səhvlərdən biri avtomobili ətalətlə («xolostoy») idarə etməkdir. Avtomobili ətalətlə idarə etmək onun mühərrikin gücü hesabına deyil, ağırlıq qüvvəsinin təsiri altında və ya əvvəl yığdığı sürətin hesabına hərəkət etməsidir. Ətalətlə həm mühərriki söndürülmüş, həm də mühərriki işləsə də, ötürmələr qutusunda neytral vəziyyət seçilmiş avtomobil hərəkət edə bilər. Yol hərəkəti qaydaları nəqliyyat vasitəsinin mühərrikini söndürərək onu ətalətlə idarə etməyi qəti qadağan edir. Çünki belə vəziyyət son dərəcə təhlükəlidir. Məsələ burasındadır ki, müasir nəqliyyat vasitələrinin mühərriki işləmədikdə tormoz sistemi, sükan idarə mexanizmi, bəzi digər mühüm aqreqat və mexanizmləri ya tamamilə qeyri-işlək olur, ya da çox zəif işləyir. Ona görə də mühərriki söndürülərək ətalətlə hərəkət edən avtomobil sürücü olsa da, idarə edilməyən avtomobildir. Hətta müəyyən texniki səbəbdən (məsələn, yanacaq qurtardığına görə) avtomobilin mühərriki qəflətən sönərsə, həmin avtomobili təhlükəsizliyə riayət etməklə dərhal dayandırmaq lazımdır. Belə avtomobili ən qısa məsafədə də ətalətlə idarə etmək son dərəcə risklidir və buna yol verilməməlidir. Mühərriki sönmüş avtomobili ən uzağı yolun hərəkət hissəsindən kənara çıxarmaq üçün ətalətlə idarə etmək olar. Bu halda da son dərəcə diqqətli olmaq və qabaqcadan vəziyyəti düzgün dəyərləndirərək hərəkət etmək lazımdır. Məsələn, arxaya və ya qabağa mailliyin nisbətən çox olduğu yerdə (yəni yoxuşda və enişdə) mühərriki işləməyən avtomobili ətalətlə idarə etmək ani olaraq avtomobilin nəzarətdən çıxmasına və çox ciddi faciələrə səbəb ola bilər. 

Mühərriki işləsə də, ötürmələr qutusunda neytral vəziyyət seçilmiş avtomobili ətalətlə idarə  etmək isə nisbətən az təhlükəlidir. Yol hərəkəti qaydaları belə avtomobili ətalətlə idarə  etməyi qadağan etmir. Lakin təhlükəsizlik qaydaları belə vəziyyətdə də avtomobili ətalətlə idarə  etməyi doğru saymır. Bu isə həm texniki səbəblərlə, həm də avtomobilin idarə olunmasında yarana biləcək gözlənilməzliklərlə bağlıdır. Bəzi mühəndislər mühərriki işləyən avtomobilin ətalətlə hərəkət etməsi zamanı ötürmələr qutusunun lazım olan anda neytraldan uyğun gedişə keçirilməsini təhlükəli sayırlar və haqlı olaraq bildirirlər ki, belə olduqda ötürmələr qutusu və ya avtomobilin hər hansı başqa aqreqat və ya mexanizmi sıradan çıxa bilər. Ən ciddi problem isə onunla bağlıdır ki, ətalətlə hərəkət edən avtomobilin sürəti mühərriklə tənzimlənmir. Yəni lazım gəldikdə mühərriklə tormozlanma olmur və ağırlıq qüvvəsinin təsiri altında avtomobil getdikcə sürətlənə bilir. Belə hal mailliyin çox olduğu yollarda, habelə ağır çəkili avtomobillər üçün son dərəcə təhlükəlidir. Digər tərəfdən, ötürmələr qutusunun növündən asılı olmayaraq lazım gələn anda ötürməni neytraldan müvafiq gedişə keçirmək sürücünün müəyyən vaxtını alır, onun beynini ani də olsa məşğul edir. Bu isə qəflətən yaranan və çevik manevr tələb edən vəziyyətlərdə sürücünün çaşmasına, bunun nəticəsində isə ağır qəzalara gətirib çıxara bilər. Başqa sözlə, avtomobili daim idarə olunan vəziyyətdə saxlamaq üçün ətalətlə idarə etmədən qaçmaq lazımdır. Bəzən sürücülər ətalətlə idarə etməyə yanacağa qənaət üsulu kimi baxırlar. Amma dəqiq hesablama aparılsa, söhbət ən yaxşı halda son dərəcə cüzi qənaətdən gedə bilər. Ona görə də müstəsna zərurət halları istisna olmaqla mühərriki işləyən avtomobilin də ətalətlə idarə olunmasına yol verilməməlidir. 

 

Ərşad Hüseynov,

yol hərəkəti üzrü eksert

ŞƏRH YAZ
Ad

E-mail

Şərh