Banner

«Təhlükəli yük daşımaq üçün 3 nazirlikdən icazə alınmalıdır»

Yazarlar 10 İyul 2014 23:57 Oxunub 4179
«Təhlükəli yük daşımaq üçün 3 nazirlikdən icazə alınmalıdır»
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Ərşad Hüseynov: «Yollarımızda təhlükəli yük daşıyan avtomobillərin hərəkətinə diqqət artırılmalıdır»

Bu gün Ucar rayonunda yanacaq daşıyan avtomobillə başqa bir avtomobilin toqquşması nəticəsində 2 nəfərin yanaraq həlak olduğu barədə sarsıdıcı məlumat yayıldı. Bu məlumat ölkəmizin yollarında təhlükəli yüklərin daşınması ilə bağlı bəzi problemləri qabartmağı zəruri edir. Çünki yanacaq təhlükəli yük sayılır və onu daşıyan avtomobillərin yollarda hərəkəti hamıya aid olan ümumi hərəkət qaydaları ilə yanaşı, təhlükəli yüklərin daşınmasına dair xüsusi qaydalara da uyğun olmalıdır. Həmin xüsusi qaydalar beynəlxalq-hüquqi aktlarda müəyyən edilmiş, milli qanunvericiliyimizdə isə bu barədə Nazirlər Kabinetinin 27 yanvar 2000-ci il tarixli, 10 saylı Qərarı mövcuddur. Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov Avtosfer.az-a bildirib ki, təhlükəli yükləri daşıyan avtomobillərin yollarda hərəkəti Fövqəladə Hallar Nazirliyi, Nəqliyyat Nazirliyi və DYP ilə razılaşdırılmış xüsusi icazə əsasında həyata keçirilir. Belə avtomobillərin yollardakı hərəkət marşrutu (marşrut sxemi), hərəkət vaxtı, hərəkət sürəti və başqa mühüm məsələlər qabaqcadan razılaşdırılmış olur və həmin razılaşdırılma şərtləri pozula bilməz. Belə avtomobilləri idarə edən sürücülər xüsusi kurs keçərək təlimatlandırıldıqdan və müvafiq sertifikat aldıqdan sonra həmin avtomobilləri idarə etməyə buraxıla bilərlər. Təhlükəli yük daşıyan avtomobillərin özlərinə də xüsusi sertifikat verilir və onların həm texniki təchizatı, həm də daşıdığı təhlükəli yükə uyğunluğu ideal vəziyyətdə olmalıdır. 

Ərşad Hüseynov təəssüflə bildirib ki, adi müşahidələr nəticəsində təhlükəli yük daşıyan avtomobillərin, xüsusən də yanacaq daşıyan avtoçənlərin nəinki xüsusi qaydaları, hətta adi yol hərəkəti qaydalarını aşkar pozduğunu görə bilirik: «Məsələn, həmin avtoçənlərin yüksək sürətlə hərəkəti (bəzən minik avtomobilləri ilə yarışması), təhlükəli manevrlər etməsini çoxlarımız görmüşük. Qeyd edim ki, bu avtomobillər yollara dəqiq müəyyən edilmiş vaxtda və konkret marşrutla çıxmalıdırlar. Amma onlara yollarda hərəkətin ən intensiv saatlarında da rast gəlmək olar. Məsələn, günün günorta çağı Bakı şəhərinin magistral əhəmiyyətli küçə və prospektlərində belə avtomobillərin yüklü vəziyyətdə görünməsinə heç bir halda yol verilə bilməz. 

Təhlükəli yük daşıyan avtomobillər xüsusi tanınma nişanı ilə işarələnir. Həmin tanınma nişanı həm daşınan yükün təhlükəli xarakteri barədə məlumatı əks etdirir, həm də digər sürücülərə və hərəkət iştirakçılarına belə avtomobilin təhlükəli yük daşıdığını bildirməklə ona münasibətdə ehtiyatla davranmağın zəruriliyini vurğulayır. Avtomobilin üzərində təhlükəli yük nişanını görən başqa sürücü onun yaxınlığında sərt manevrlərdən çəkinməli, belə avtomobil üçün qəza şəraiti yarada bilən hər hansı hərəkətə yol verməməlidir. Təəssüf ki, bəzi sürücülər buna məhəl qoymurlar və təhlükəli yük daşıyan avtomobillərin iştirak edəcəyi qəzanın miqyaslı faciə doğura biləcəyini unudurlar». 

Ucar ərazisində baş verən qəzanın təfərrüatlarını yəqin ki, istintaq müəyyən edəcək. Amma belə qəzanın baş verməsi onu göstərir ki, ölkəmizin yollarında təhlükəli yüklər daşıyan avtomobillərin hərəkətinə diqqət artırılmalıdır.

 

Seymur Əliyev

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh