“Tıxacların qarşısının alınması üçün ən ideal yol budur” - EKSPERT
"Paytaxt nəqliyyatının ən “ağrılı” tərəflərindən biri də tıxac məsələsidir. Bu da təbii olaraq hər gün işə, dərsə və başqa yerlərə gedən milyonlarla insana təsir göstərir". Mövzu barədə danışan yol-nəqliyyat eksperti Ərşad Hüseynov bildirib ki, tıxacın yaranması iki qrup səbəbdən baş verə bilər: “Birinci qrup ənənəvi tıxaclar adlanır. Yəni bu tıxaclar yol infrastrukturu, müxtəlif ərazilərdə həyata keçirilən tikinti işləri və ya nəqliyyat axınlarının düzgün idarə olunmamaası ilə bağlıdır. İkinci qrup tıxaclar isə fantom tıxaclardır. Belə tıxaclar anidən - hər hansı bir yol-nəqliyyat hadisəsi baş verdikdə, avtomobil yolda xarab olduqda, yaxud da sürücü böyük nəqliyyat vasitələri ilə dönmə əməliyyatını yerinə yetirə bilmədikdə baş verir.
Tıxac həm də o deməkdir ki, hansısa bir yol sahəsi oradan hərəkət etmək istəyən nəqliyyat axınını buraxa bilmir. Yəni bir saatda 500 avtomobilin keçə biləcəyi yerdən 100 avtomobil keçməyə çalışır”.
Ekspert tıxacların ekologiyaya və iqtisadiyyata təsirlərindən də bəhs edib: “Texniki olaraq hesablanıb ki, dayanmış nəqliyyat vasitələri konkret bir ərazidə işlək vəziyyətdə atmosferə daha çox zərər vurur. Çünki bir yerdə toplanmış yüzlərlə avtomobilin mühərriki işləyir və tullantı qazlar da həmin lokal ərazidə çirklənmə yaradır. Buna görə də uzun müddət tıxacda qalan insanların əhval-ruhiyyəsi pisləşə bilər.
Tıxacda qalmaq o deməkdir ki, hər bir nəqliyyat vasitəsi A nöqtəsindən B nöqtəsinə getmək üçün daha böyük vaxt itirir və bu zaman avtomobil daha çox yanacaq sərf edir. Bu da birbaşa cibə ziyandır. Digər tərəfdən yolda vaxt itirən şəxs işə gecikir və onda stress yaranır. Aqressivləşən insanın işgüzarlıq qabiliyyəti təbii olaraq aşağı düşür. Bundan əlavə, dövlətin tıxacın qarşısını almaq üçün çəkdiyi xərclər də iqtisadi itkidir”.
Ə.Hüseynov qanunsuz parklanmaların da tıxaca səbəb olan amillərdən olduğunu deyib: “Şəhər ərazisində yolun hərəkət hissəsi parklanma nəticəsində zəbt olunduğu üçün yol nəqliyyat axınını götürə bilmir və nəticədə tıxac yaranır. Parklanma ilə bağlı tədbirlərin görülməsi tıxacın azaldılması istiqamətində irəliləyişə səbəb olsa da, bu, yalnız qanunsuz parklanma səbəbindən yaranan tıxacları aradan qaldıra bilir. Tıxacın aradan qaldırılması üçün ən ideal və sınaqdan çıxmış yol ictimai nəqliyyatın yaxşılaşdırılmasıdır. Yəni ictimai nəqliyyatı yeniləmək, çeşidini artırmaq, metro şəbəkəsini genişləndirmək, avtobus marşrutlarını yaxşılaşdırmaq, şəhərətrafı qatar və tramvayların işləməsi, velosipedlərdən istifadə və s. tıxacları azalda bilər. Belə olan halda insanlar şəxsi avtomobillərini qarajlarda qoyub ictimai nəqliyyata üstünlük verəcək ki, minik avtomobillərdindən istifadənin azalması da tıxacın azalması deməkdir.
Bakı Nəqliyyat Agentliyini imkan daxilində ictimai nəqliyyatın yaxşılaşırılması üçün işlər görülür. Hazırda ictimai nəqliyyatda avtobuslarla bağlı mövcud olan iki əsas problemdən biri texniki baxımdan yararsız avtobuslardır. Yeni gətirilən avtobuslar bu texniki məsələləri həll edir. İkincisi isə sərnişindaşıma ilə məşğul olan avtobuslara peşəkar sürücüləri cəlb etməkdir. Tıxacın yaranmaması üçün sürücülərin peşəkarlığı da önəmlidir”.