Banner

Vəkillərə məhkəmədə hər iş saatı üçün ödənən məbləğ artırılacaq? - ARAŞDIRMA - FOTO

Yazarlar 15 Avqust 2024 16:37 Oxunub 792
Vəkillərə məhkəmədə hər iş saatı üçün ödənən məbləğ artırılacaq? - ARAŞDIRMA   - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Azərbaycanın Konstitusiyasında qeyd edilir ki, ölkəmiz demokratik, hüquqi, dünyəvi və unitar respublikadır. Hüquqi respublika anlayışı bir çox dövlətlərin ali qanununda yazılır, lakin bu anlayışa əksər ölkələrdə ötəri yanaşılır. Qanunlar vaxtaşırı ikili standartlar, vətəndaşlara edilən ayrı-seçkiliklər səbəbilə çeynənir, heçə sayılır.

Azərbaycanda isə vəziyyət tamam başqa cürdür. Hər bir vətəndaşın hüquqlarını və azadlıqlarını təmin etmək üçün qanunlar yazılır və bu maksimum dərəcədə təmin olunur. Bəzən isə bu hüquqları təmin etmək üçün sadə vətəndaşlar gözünü “göy Benjamin” örtən hansısa məmurla mübarizə aparmağa məcbur qalır.

Bir də bu mübarizəni aparmaqda vətəndaşlara dəstək olmağı əsas vəzifəsi olan şəxslər var ki, bu adamlar şəxsin hüquqlarının təminatında ən böyük pay sahibidirlər. Bu peşənin tarixi eramızdan əvvələ dayansa belə, insanların hüquq və azadlıqları ilə bağlı yeniliklər vaxtaşırı baş verdiyi üçün şəxslər də bilgilərini davamlı yeniləməyə məcburdurlar.

Dünyanın inkişaf etmiş ölkələrində vəkillərin iş keyfiyyətini yüksəltmək üçün hökumətlər müntəzəm olaraq onların həyat standartlarının yüksəldilməsinə və qayğılarının minimum səviyyədə olmasına diqqət edir. Almaniya, Fransa, Holandiya, İsveç, Lüksemburq kimi ölkələrdə məhkəmələrdə vətəndaşlara pulsuz təyin olunan hüquq müdafiəçilərinə ödənən məbləğ ölkənin əyalətlərinə, hətta əyalətlərin kiçik yaşayış yerlərinə görə də fərqlənir.

Avtosfer.az-ın araşdırmalarına görə, inkişaf etmiş ölkələrlə müqayisədə Azərbaycanda vəkillərə hər iş saatı üçün ayrılan məbləğ olduqca aşağıdır.

Bununla əlaqədar, Vəkillər Kollegiyasının sədri Anar Bağırov da açıqlamalarında qeyd edib ki, vəkilləri ən çox narahat edən məsələ hər iş saatı üçün dövlət tərəfindən ayrılan məbləğdir. Bu məbləği sonuncu dəfə 2018-ci ildə Prezident İlham Əliyevin şəxsi təşəbbüsü ilə artırıblar və artıq altı ildir ki, məbləğdə heç bir dəyişiklik yoxdur.

Hətta 2010-cu ildən 2018-ci ilə qədər vəkillərin dövlət tərəfindən təyin edildikləri hər məhkəmə işi üçün saat başına 2 manat məbləğində haqq müəyyən edilib. 2018-ci ildən indiyə qədər isə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrinə əsasən 6 manat aldıqları da məlumdur. Bu məbləğ əksər Avropa ölkələrdinə 11 avrodan başlayır.

Mövzu ilə əlaqədar, qardaş ölkə Türkiyədə bu istiqamətdə araşdırmalar aparan hüquqşünas Ləman Süleymanlı saytımıza açıqlamasında deyib ki, belə məsələlər dövlət quruculuğunun əsasını təşkil etdiyi üçün təməli möhkəm olan qərar və qanunlara əsaslanmaq mütləqdir.

“Türkiyədə vəkil peşəsində çalışanların hüquq və azadlıqları 1969-cu ildə qərara alınan qanunla müəyyənləşir. Ölkə ərazisində dövlət tərəfindən vətəndaşların hüquqlarının müdafiəsi üçün vəkillərə ödənilməli olan məbləğ Türkiyə Barolar Birliyi tərəfindən müəyyənləşir və hər il oktyabr və noyabr aylarında bu məsələ ilə bağlı yeniliklər qərara alınır.

Vəkillər cinayətlərin növlərinə, eləcə də hansı qurum, istiqamətlə əlaqədar məhkəmə işində iştirakınaa əsasən aldıqları saatbaşına haqq dəyişir. Burada hər məhkəmə işi üçün iştiraka görə ilk 1 saat üçün 4800 TL (243 AZN), sonrakı hər saat üçün 1400 TL (70 AZN) haqq nəzərdə tutulur”.

Hüquqşünas  onu da qeyd edib ki, Türkiyədə vergi, iflasolma, ümumiyyətlə mövzusu pul ilə bağlı olan məhkəmələrdə hər iş saatına görə ilk 200 min TL üçün  16%, sonrakı hər 200 min TL üçün isə bir əvvəlkindən 1% az haqq ödənilir.

Sosioloq Lalə Mehralı məsələ ilə əlaqədar açıqlamasında deyib ki, vəkillik düşünülən qədər asan iş deyil.

“Hüquqlarla bağlı yeniliklər daim edildiyi üçün vəkillər də daim hüquqi mövzularda bilgilərini yeniləməlidirlər. Öz üzərlərində bu qədər çalışmaları onlarıən öz şəxsi həyatlarına belə vaxtlarının qalmamasına, il ərzində cəmi 1 ay və ya daha qısa müddətdə istirahət edə bildiklərinə gətirib çıxarır. Hətta bəzi hüquqşünaslar var ki, onlar hansısa özəl hüquq xidmətləri verən şirkətlərlə işləyə bilmir və uzun bir müddət bu əlaqələrini təmin edənə qədər dövlətin  təyinatı əsasında fəaliyyət göstərməli olurlar. Bu isə çox aşağı məbləğdə dolanışıq deməkdir. Vəkillərin təyin edildikləri məhkəmə işləri ilə bağlı geniştərkibli məlumatlar əldə edə bilmələri üçün xərclədikləri efor onlara dövlət tərəfindən ödənən 6 manat üçün dəymir”.

Qeyd edək ki, ötən ilə qədər vəkillərə məhkəmə işində iştirakı üçün aldıqları haqqın 20 manata qədər qaldırılacağı ilə bağlı xəbərlər yayılmışdı. Lakin bu gün bu mövzuda artımların edilməsi mözusunda gündəm mövcud deyil. Mütəxəssislər bildirir ki, vəkillərə saat başına ödənən məbləğlərin artırılması, onların dövlət təyinatı ilə vəkilliyinə də motivasiyaedici təsir olacaq. Bununla yanaşı, məbləğin yüksək olması vəkillərlə bağlı qeydə alınan neqativ halların da qarşısını ala bilər.

Qeyd: Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə dəstəyi ilə “İnsan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi, siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial və siyasi fəallığının artırılması” istiqaməti üzrə hazırlanıb.

Müəllif: Səfər Əlizadə

ŞƏRH YAZ
Ad

E-mail

Şərh