Yazıçılardan həbsdə 300 kitab oxuduğunu deyən Rəqsanəyə tənqid - “Bəlkə də borcundan danışırmış”

“Rəqsanədir də. Sözdür, deyir. Sözə görə adamı tutmurlar ki. Guya 400-500 kitab oxumuşam desəydi nə olacaqdı? Azərbaycan xalqına o qədər yalanlar danışırlar ki, Rəqsanənin də elə deməsi problemli bir şey deyil. Deyir də özü üçün”.
Avtosfer.az xəbər verir ki, bu sözləri “Yeni Sabah”a yazıçı Kəramət Böyükçöl deyib. O bildirib ki, Rəqsanə bəlkə də borcundan danışırmış, çaşıb kitab sözünü də yanında işlədib:
“Heç kəs gedib ona bu haqda sual verməyəcək. Heç kəs də bilməyəcək ki, o, 300 kitab oxuyub, ya yox. Konstitusiyaya görə, hər kəsin yaradıcılıq azadlığı var. Bütün hallarda yaxşı işdir. Kitab oxuyub. Bəlkə də Rəqsanə borcundan danışırmış. Demək istəyirmiş ki, 500 min ödəyib, 300 min də qalıb. Söhbət əsnasında da 300 min demək istəyəndə sözün yanına kitab ifadəsi düşüb. Hamı da elə başa düşüb ki, kitab oxuyub”.
Yazıçı Aqşin Yenisey isə məsələyə belə münasibət bildirib:
“O cür adamlar desə ki, özümə vəhy gəldi, göydən də kitab endi, buna inanmaq lazımdır. Başqa heç nə deyə bilmərəm”.
Yazıçı Şərif Ağayar isə qeyd edib ki, bizim sənət adamlarında ciddi mütaliə problemi var:
“Heç olmasa 300 günə 300 kitab oxuyardı. Təbii ki, bu mümkün olan bir şey deyil. Düşünürəm ki, o, burada mübaliğədən istifadə edib. El arasında istifadə edilən “100 ildir səni gözləyirəm” tipli ifadələr kimi. Lakin yenə də Rəqsanə xanıma hər zaman azadlıq arzu edirəm. Heç bir sənət adamının tutulmasını istəmərəm. Ümumilikdə bizim sənət adamlarının, müğənnilərin ciddi mütaliə problemləri var. Faiq Ağayev, Nura Suri kimi ifaçılara baxanda hiss edirik ki, onlar mütaliəli adamlardır. Mən belə insanları səsindən tanıyıram. Rəqsanə isə o sıraya aid deyil. Kitab oxuyanlardan deyil. Röyanı çox sevirəm, lakin hər zaman yazılarımda da qeyd edirəm ki, kaş 5-6 ciddi kitab oxuyardı. Ağzını açan kimi bilirsən ki, kitabdan uzaqdır. Sizin sayt vasitəsiylə onların hər birini sərgilərimizə dəvət edirəm. Onlara bələdçilik edib, maraqlı kitablarla tanış edə bilərəm. Həm milli, həm beynəlxalq, həm də xarici sərgilərdə onları görmək istəyirəm. Onlar biz, biz də onlara dəstək ola bilərik”.
Yazıçı kitab oxumayan adamların başının balacalaşdığını bildirib:
“Bizim ifaçılar cəmi 300 söz bilir, onu da 30 il istifadə edirlər. Variantlar qutaranda sarsaqlamağa başlayırlar. Bunu aradan qaldırmaq üçün mütaliə vacibdir. İnsanın nə qədər istedadı olsa da, mütaliə etmədikcə manıslaşır. Onları bundan xilas edən tək şey kitabdır. Müğənnidən tutmuş, saç ustasına qədər. Bu sözlərim hamıya aiddir. Bizim müğənnilərin əsas fikri toyxanalarda pul yığmaqdan ibarətdir. 300 dediz, yadıma Yıldız Tilbe düşdü. O bir ayda 300 kitab oxumasa da, 300 kitab almışdı. Kitab mağazası onu bir fakt kimi açıqlamışdı. Ona görə də Yıldız Tilbe hər zaman müsahibələrində, çıxışlarında öz intellekti ilə seçilir. İbrahim Tatlıses haqqında demişdi ki, mərmi onun başına girdi, amma beyin tapmayıb çıxdı. İbrahim ona çox ilişdiyi üçün belə fikir səsləndirmişdi. Bunun üçün istedad yox, intellekt lazımdır. O mahnıları ilə hətta Ramiz Rövşənə belə meydan oxuyur. Mütləq mütaliə lazımdır. Vacibdir. Mənim Rəqsanə xanıma da antipatiyam yoxdur. Sadəcə oxumasını arzu edirəm”.













