Bakıda mübahisəli cərimə: DYP araşdırmalara başladı - VİDEO

Xəbərlər 21 Avqust 2026 18:52
Bakıda mübahisəli cərimə: DYP araşdırmalara başladı   - VİDEO
WhatsApp kanalımıza abunə olun

Bakıda sürücüyə olmayan nişanlanma xəttini keçdiyinə görə cərimə yazılıb.

Avtosfer.az Oxu.Az-a istinadla xəbər verir ki, bununla bağlı videogörüntü yayımlanıb.

Sürücü qeyd edib ki, ona İnzibati Xətalar Məcəlləsinin (İXM) 327.1-ci maddəsi əsasında cərimə tətbiq edilib:

"Lakin qərarda həmin maddənin konkret hansı tələbinin pozulduğu və hansı hərəkətin inzibati xəta kimi qiymətləndirildiyi aydın şəkildə göstərilməyib.

Yolun həmin hissəsində təmir işlərindən sonra yol nişanlaması, o cümlədən "Stop" xətti (1.12 nişanlanma xətti) bərpa edilməyib. İşıqforun qırmızı işığında hərəkəti davam etdirmişəm".

Məsələ ilə bağlı açıqlamasında professor, sürücülük imtahanına hazırlaşanlar üçün vəsait müəllifi Əziz Talıbov bildirib ki, mövcud qanunvericiliyə görə hərəkət zolaqları mütləq şəkildə nişanlanma xətləri ilə ayrılmalıdır.

"Bu o deməkdir ki, yolu istifadəyə verənlər nəqliyyat vasitələrini buraxmazdan əvvəl yolun hərəkət hissəsindəki zolaqları bir-birindən ayıran xətləri, o cümlədən, hərəkət istiqamətlərini ayıran xətləri çəkilməlidir.

İnzibati Xətalar Məcəlləsinə (İXM) görə, sürücü nişanlanma xətlərinin tələblərini pozduğuna görə cərimə oluna bilər. Əgər nişanlanma xətləri yoxdursa, sürücü nəyə görə cərimə olunmalıdır? Axı o, xəttin tələbini pozmur. Bu, birinci məsələdir.

İkinci məsələ isə "Yol hərəkəti haqqında" qanunun (YHQ) 49-cu maddəsinin birinci hissəsindəki hərəkət zolağının tərifində qeyd olunub.

49-cu maddəyə əsasən, bizdə nəqliyyat vasitələri sağtərəfli hərəkət edirlər. Deməli, sürücü yolun hərəkət hissəsinin sağ tərəfi ilə getməlidir. Sağ tərəflə hərəkət etmək o deməkdir ki, sürücü əks istiqamətdə hərəkət edən nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş tərəfə keçməməlidir. 49-cu maddədə, həmçinin qeyd olunur ki, hərəkət zolaqlarının sayı dörddən çox olduğu halda sürücü əks istiqamətə keçməməlidir. Belə olduqda, yəni yolda dörd hərəkət zolağı nəzərdə tutulduğu halda əks istiqamətə keçibsə, bunun cəriməsi 40 manatdır.

O ki qaldı "Stop" xəttinin olub-olmaması məsələsinə, qaydalara əsasən, əgər müvafiq xətt varsa, sürücü onun qarşısında dayanmalıdır. Əgər "Stop" xətti yoxdur, işıqfor varsa, bu halda sürücü piyada keçidini, piyada keçidi də yoxdursa, işıqforun dirəyini keçməməlidir və nəqliyyat vasitəsini işıqforun qarşısında saxlamalıdır. İşıqforu istər bir qədər keçsin, istərsə də keçməsin, buna görə ayrıca cərimə nəzərdə tutulmur.

Cərimə tətbiq edilərkən 60-cı maddənin tələbinin pozulması ilə bağlı müddəa İnzibati Xətalar Məcəlləsində öz əksini tapmır. Sürücü yalnız mövcud "Stop" xətti onu keçərsə, 40 manat cərimə olunur. Yox, əgər "Stop" xətti və piyada keçidi yoxdursa, sürücü hərəkət hissəsinin kəsişməsinə daxil olmamalıdır. Əgər daxil olarsa, işıqforun tələbini pozmuş olacaq. Əgər sürücü hərəkət hissələrinin kəsişməsindən əvvəl dayanıbsa və yaxud işıqforun dirəyini keçibsə, bu hal İnzibati Xətalar Məcəlləsinə əsasən cərimə yaratmır. Yəni İXM-də belə bir cəza növü nəzərdə tutulmayıb.

"Bəs nişanlanma xətti olmadıqda sürücü nə etməlidir?" - sualına gəlincə, sürücü çalışmalıdır ki, təhlükəsizliyi təmin etmək şərti ilə hərəkət hissəsinin sağ tərəfində, öz hərəkət istiqamətində hərəkət etsin. Əgər orada nişanlanma xətləri varsa və sürücü onların tələblərini pozursa, buna görə cərimə nəzərdə tutulur. Amma xətt yoxdursa, sürücünü nişanlanma xəttinin tələbini pozduğuna görə məsuliyyətə cəlb etmək müşkül məsələdir. Çünki ortada xətt yoxdur, xətt yoxdursa, demək ki tələb də yoxdur", - deyə Ə.Talıbov bildirib.

Məsələ ilə bağlı Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən bildirilib ki, sürücü barəsində tərtib edilmiş elektron protokolla bağlı araşdırma aparılaraq məsələyə hüquqi qiymət veriləcək.

Oxunub : 160
ŞƏRH YAZ
Ad

E-mail

Şərh