Yolda nə görsələr çəkib paylaşanlara xəbərdarlıq — Cəzası var

Son dövrlər küçədə, ictimai yerlərdə baş verən mübahisə və münaqişələri gizli şəkildə telefonla çəkərək sosial şəbəkələrdə paylaşan şəxslərin görüntülərinə daha çox rast gəlinir. Bəzən çəkiliş zamanı hadisədə iştirak edən şəxslərin xəbəri belə olmur.
İctimai yerdə baş verən münaqişəni iştirakçıların icazəsi olmadan çəkib paylaşmaq qanunidirmi?
Avtosfer.az-ın məlumatına görə, hüquqşünas Elnur Məmmədov açıqlamasında deyib ki, ictimai yerdə baş verən münaqişənin telefonla çəkilməsi və həmin görüntülərin sosial şəbəkələrdə paylaşılması məsələsinə yalnız “hadisə ictimai yerdə baş verib” arqumenti ilə yanaşmaq düzgün deyil:
“İctimai yerdə olmaq şəxsin görüntüsünün istənilən formada və məqsədlə, onun xəbəri və razılığı olmadan çəkilib yayıla bilməsi demək deyil. Azərbaycan Respublikası Konstitusiyasının 32-ci maddəsinə əsasən, hər kəsin şəxsi toxunulmazlıq, şəxsi və ailə həyatının sirrini saxlamaq hüququ vardır. Qanunla müəyyən edilmiş hallar istisna olmaqla, şəxsin xəbəri olmadan və ya etirazına baxmayaraq onun video və foto çəkilişinə, səs yazısına və digər bu kimi hərəkətlərə məruz qoyulmasına yol verilmir. Konstitusiya həmçinin şəxsin razılığı olmadan onun şəxsi həyatı haqqında məlumatların toplanılmasını, saxlanılmasını, istifadəsini və yayılmasını qadağan edir. Bununla yanaşı, burada çəkilişin özü ilə çəkilmiş görüntünün sosial şəbəkədə yayımlanmasını fərqləndirmək vacibdir. Məsələn, küçədə baş verən insidentin hüquqpozmanın sənədləşdirilməsi, öz təhlükəsizliyinin təmin edilməsi və ya hüquq-mühafizə orqanlarına sübut təqdim edilməsi məqsədilə çəkilməsi ilə həmin görüntünün şəxsləri tanınacaq şəkildə sosial şəbəkədə kütləvi auditoriyaya təqdim edilməsi eyni hüquqi nəticəyə malik deyil. “Fərdi məlumatlar haqqında” Qanun fərdi məlumatların yayılmasını media və informasiya sistemləri vasitəsilə məlumatların açıqlanması və ya şəxslərin həmin məlumatlarla tanış olmasına imkan yaradılması kimi müəyyən edir”.
Elnur Məmmədov vurğulayıb ki, xüsusilə görüntüdə iştirak edən şəxslərin üzləri, səsləri, adları və digər identifikasiyaedici məlumatları görünürsə və paylaşım həmin şəxslərin müəyyən edilməsinə imkan verirsə, məsələ fərdi məlumatların qorunması və şəxsi həyatın toxunulmazlığı baxımından qiymətləndirilə bilər:
“Qanun fərdi məlumatların toplanılması və işlənilməsində qanunçuluq, konfidensiallıq və könüllülük prinsiplərinə riayət edilməsini tələb edir. Daha ciddi hal isə görüntünün şəxsin şəxsi və ailə həyatına aid məlumatları əks etdirməsi və ya onun şərəf və ləyaqətinə toxunan formada yayılmasıdır. Cinayət Məcəlləsinin 156.1-ci maddəsi şəxsi həyatın sirri olan məlumatları əks etdirən foto və video materialların qanunsuz toplanılmasını və yayılmasını müəyyən hallarda cinayət məsuliyyəti ilə nəticələnən əməl kimi nəzərdə tutur. Eyni zamanda, Mülki Məcəllənin 23-cü maddəsi şəxsi və ailə həyatının sirrinə və şəxsi toxunulmazlığa müdaxilə edən məlumatların təkzibini və müəyyən hallarda vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək imkanını verir.
Bununla belə, hər bir ictimai yerdə çəkilmiş videonu avtomatik olaraq qanunsuz hesab etmək də düzgün olmaz. Konkret hüquqi qiymətləndirmə zamanı çəkilişin harada və hansı şəraitdə aparılması, şəxsin görüntüdə əsas obyekt olub-olmaması, çəkilişin məqsədi, görüntünün hansı formada və hansı auditoriyaya yayıldığı, şəxsi həyatla bağlı məlumatların əks olunub-olunmaması və qanunla nəzərdə tutulan hər hansı istisnanın mövcudluğu nəzərə alınmalıdır”./demokrat.az
Zabit olmaq istəyənlərin NƏZƏRİNƏ! - DİN müsabiqə elan etdi - FOTO
Sürücü ''Meqa'' sığorta şirkətindən şikayətçidir - VİDEO
Orada təmiz ətin kilosu 11 manatdır, Bakıda isə 18 manat – SƏBƏB
İçib "TikTok"da canlı yayım açaraq söyüş söyən ÜÇ UŞAQ ANASI SAXLANILDI
Şimali Koreya Ukraynadakı müharibədən nə qədər qazanır? - FOTO
Sərnişin avtobusu qapısı açıq idarə olunub - VİDEO
Polis polkovnik leytenantı rəis TƏYİN EDİLDİ
Bakıda çimərlikdə qadınları çəkib “TikTok”da yayımladı - Onları hansı cəza gözləyir? - VİDEO
Bakıda kabab evində at DNT-si aşkarlanıb - FOTO
Onlayn kazino şəbəkəsinin rəhbəri saxlanılaraq Azərbaycana gətirildi - VİDEO
Azərbaycanda bəzi qurum və təşkilatların istifadəçi hesablarına kiberhücum cəhdləri qeydə alınıb










