Reklam

Dəmir yolu keçidlərində risk edən sürücülər ölümə gedir – Qaydaları kim POZUR?

Öyrənək 20 İyul 2023 20:15 Oxunub 2354
Dəmir yolu keçidlərində risk edən sürücülər ölümə gedir – Qaydaları kim POZUR?
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Dəmir yolu infrastrukturunda aparılan yenidənqurma işləri təhlükəsizliyin maksimum təmin edilməsinə yönəlsə də, dəmiryolu keçidlərində baş verən yol qəzaları narahatlıq doğurur. Aparılan təhlillər göstərir ki, belə hadisələrin böyük əksəriyyəti sürücülərin və piyadaların məsuliyyətsizliyi ucbatından baş verir. Bir çox hallarda piyadalar dəmir yolu keçidlərindən düzgün istifadə etmir, qatar yolunda məsuliyyətsiz hərəkətlər edir və digər səhvlərə yol verərək özlərini təhlükəyə atırlar. Sürücülər isə dəmir yolu keçidlərindən kor-koranə şəkildə istifadə edərək qəzalara səbəb olurlar. Qatar yoluna çıxan avtomobillərin qəzaya səbəb olması narahatlıq doğuran haldır.

Bütün bunları nəzərə alaraq, “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti insanların təhlükəsizliyinin təmini məsələsini daim diqqətdə saxlayır. Belə ki, dəmir yollarının mühafizə zolağının yaxınlığında yaşayan sakinlərin təhlükəsizliyi nəzərə alınaraq müasir standartlara uyğun yerüstü piyada keçidləri tikilib istifadəyə verilib. Bununla yanaşı, yolboyu mühafizə çəpərləri çəkilib. Müəyyən ərazilərdə avtomobillərin təhlükəsiz keçidi üçün tikilən tunellər də bu istiqamətdə görülən işlər sırasındadır. Amma təhlükəsizlik qaydalarına qarşılıqlı şəkildə əməl olunmalıdır. 
Günümüzdə baş vermiş qəzalar sırasında dəmir yollarında cərəyan edən yol-nəqliyyat hadisələrinin payı getdikcə artmaqdadır. Təbii ki, əksər qəzalarda olduğu kimi, elə bu sahədə törədilən bədbəxt hadisələrin kökündə də qayda pozuntusu dayanır. Belə ki, qaydalara riayət etməyən sürücü və piyadalar qəza təhlükəsi ilə üzləşir, ən pis halda həyatına son qoyur. 

Ciddi əhəmiyyət daşıyan bu mövzuda qəzaların minimuma endirilməsi istiqamətində nəqliyyat sahəsi üzrə ekspertlər Avtosfer.az-a açıqlama verib.

Son zamanlarda bu sahədə baş vermiş yol-nəqliyyat hadisələrinin artdığını bildirən Avtosfer.az saytının rəhbəri Elməddin Muradlı özəlliklə sürücülər arasında tez-tez dəmir yolu keçidlərindən keçmə hallarının pozulması ilə qarşılaşdığını vurğulayıb. Onun sözlərinə görə, nasaz avtomobillərlə dəmir yolu keçidindən istifadə etmək, sürəti hesablamadan ərazidən keçmək, nizamlanmayan keçiddən istifadə edərkən zamana lüzumsuz şəkildə əmin olmaq, şlaqbauna məhəl qoymadan keçməyə cəhd etmək qəzaları qaçılmaz edən səbəblər arasındadır.

Ekspert baş verəcək təhlükəyə səthi yanaşan, “heç nə olmaz” düşüncəsi ilə hərəkət edən sürücülərə səslənərək onları “Yol hərəkəti haqqında” qanuna əməl etməyə, qanunun 44-cü maddəsində əksini tapan - nizamlanan və nizamlanmayan dəmir yolu keçidlərindən istifadə qaydalarını mənimsəməyə çağırıb.

Məsələ ilə bağlı Avtosfer.az-a açıqlama verən hüquqşünas Ərşad Hüseynov “Yol hərəkəti haqqında” qanunun 44-cü maddəsini xatırladaraq istənilən nəqliyyat vasitəsini idarə edən şəxsin dəmir yolu keçidindən istifadə edərkən burada qeyd olunmuş qaydalara riayət etməli olduğunu bildirib. Onun sözlərinə görə, dəmir yolunda  istənilən qatar hər zaman üstünlüyə malikdir və avtomobil yolu ilə hərəkət edən nəqliyyat vasitəsinin sürücüsü keçidlərdə ona həmişə yol verməlidir. Hətta (keçiddə problem yaranarsa) sürücü yaşıl işıq yansa belə qatarın olub-olmamasına fikir verməlidir. Ərazi üzrə xəbərdarlıq nişanlarının labüdlüyünü vurğulayan Ərşad Hüseynov sürücülərin işarələrə əsasən qarşıda olan dəmir yolu keçidini müəyyən edə biləcəklərini qeyd edib. Nümunə olaraq o, dəmir yolu keçidinin qarşısında işıqfor olmadığı halda 2.5 nişanı varsa mütləq həmin işarənin yanında dayanmaqla yolun hər iki tərəfinə baxmalı olduqlarını sürücülərə bildirib. O, hər hansı səbəbdən qeyd edilən nişan olmasa belə digər xəbərdarlıq nişanlarına baxaraq keçiddə qatarın olub-olmamasına, yaxud təhlükəli məsafədə qatarın mövcudluğuna nəzər yetirməyin vacibliyini vurğulayıb. Sürücü yaxınlaşmaqda olan qatar olduğu zaman keçidə girməməli və qanunda nəzərdə tutulan məsafədə dayanmalıdır. 

Hüquqşünas dəmir yolu keçidindən keçərkən sürücülərin məcburi olaraq sürəti azaltdıqları üçün gələn qatarla qəza törətmə riskinin daha da artdığını diqqətə çatdırıb. Dəmir yolunda hərəkət edən nəqliyyat vasitələrinin tormozlanma sisteminin tamamilə fərqli mexanizmdə olduğunu söyləyən Ərşad Hüseynov müqayisə ilə aradakı fərqi də sürücülərə təsvir edib. Belə ki, o, 90 km/saat sürətlə hərkət edən avtomobili iki saniyədə 50 metr məsafədə dayandırmaq mümkün olduğu halda qeyd edilən sürətdən qat-qat aşağı sürətlə (10-20 km/saat) irəliləyən qatarı saxlamaq üçün yüzlərlə metr məsafənin olmasını vurğulayıb. Ona görə də, sürücü yaxınlıqda qatar varsa “onun da əyləci var” düşüncəsi ilə hərəkət edərək həyatını təhlükəyə atmamalı və baş verəcək qəzanın qarşısını almalıdır.

Sonda Ərşad Hüseynov belə halların baş verməməsi, yaxud buna zəmin hazırlayacaq təhlükə ilə üzləşməmək üçün sürücüləri diqqətli davranmağa və qaydalara bələd olmağa səsləyib.

Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə dəstəyi ilə “İctimai və dövlət maraqlarının müdafiəsi” istiqaməti üzrə hazırlanıb.

Müəllif: Nərmin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh